Əsas Səhifə > Şəhidlər > "Biz qisası övladlarımıza qoymamalıyıq"

"Biz qisası övladlarımıza qoymamalıyıq"


16-04-2021, 12:06


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz gizir Abdullayev Sərxan Elxan oğlu haqqında yazılmış "Biz qisası övladlarımıza qoymamalıyıq" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...

"Biz qisası övladlarımıza qoymamalıyıq"


Hərbçi ailəsində anadan olmuşdu Sərxan. Gözünü dünyaya açandan evdəki adamları hərbi formada görmüşdü. Atası Elxan 20 il gizir kimi xidmət göstərmiş, övladını da bu ruhda tərbiyə etmişdi. Ailədə hərb sahəsinə böyük hörmət və ehtiram var idi. Ona görə də evin hər 2 övladı gələcəkdə hərbi sahəni seçərək onu həyatlarının ömür amalına çevirdilər, hərbçi olaraq atalarının yolunu davam etdirdilər.

Abdullayev Sərxan Elxan oğlu 2 noyabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin birinci sinfinə daxil olandan yaxşı oxuyur, müəllimlərin ona bəslədikləri etimadı doğruldurdu. Lakin Sərxan yaxşı oxumağına baxmayaraq, təhsilini davam etdirmədi. Arzusu tamam başqa istiqamətə olduğundan əsgərliyə getməyi üstün tutdu. Çünki onun arzularının başlanğıcı hərbi xidmətdən keçirdi. 

Ona görə də 2006-cı ildə orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılanda əsgəri borcunu yerinə yetirməyə çox həvəslə getdi. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra uşaqlıqdan ürəyində yuva qurmuş arzuları həyata keçirməyə başladı. Ürəyindəki istəklərə çatmaq üçün Sərxan hərbi kurslardan keçməli, hərbi qayda-qanunları dəqiqliklə bilməli, silah-sursatdan istifadə qaydalarını öyrənməli idi. Bunun üçün sənədlərini verib Türkiyəyə oxumağa getdi, yüksək səviyyəli hərbçi olmaq üçün kursa qatıldı. 25 avqust 2014-cü ildən 12 dekabr 2014-cü ilə kimi qardaş ölkədə kursu başa vurub Vətənə döndü. Onu da qeyd edim ki, Sərxan Abdullayev Türkiyədə keçdiyi "Komando" kursunu 3-cü nəticə ilə başa vurub. O, bu göstəriciyə idmançı olması və özünü təlimə ciddi hazırlaması sayəsində nail olmuşdu.

Həyat yoldaşı Cəmilə xanım danışır ki, Sərxan forma geyinməyi çox sevirdi. Ümumiyyətlə, onun hərbi libasa çox böyük hörməti var idi. Gizir formasını çox həvəslə geyinər, şəstlə yeriyərdi. Bu, onun öz sənətinə sevgisindən, hərbiyə olan hörmətindən irəli gəlirdi.

Sərxan Abdullayev bir müddətdən sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində gizir rütbəsində xidmətə başladı. Onu da qeyd edim ki, Sərxan həmin hərbi hissə üzrə zolaqlı beret kursunu ilk bitirənlərdən olmuşdur. O, qısa müddətdə dərin bilikli, bacarıqlı və yüksək ixtisaslı hərbçi kimi yetişmişdi. Artıq düşməndən qisas almaq, işğal altında olan torpaqlarımızı geri qaytarmaq məqamı gəlib çatmışdı. Sərxan Abdullayev Vətənin bir oğlu, bir hərbçisi kimi buna tam hazır idi.

İşləri qaydasında getsə də narahat idi, torpaqlarımızın hələ də işğal altında olmasını qəbul edə bilmir, düşməndən intiqam almaq arzusu ilə yaşayırdı. Qarabağ problemindən söz düşəndə Sərxan Abdullayev gözləməyin qəti əleyhdarı idi. "Axı, nə qədər gözləmək olar. İntiqam almaq vaxtı gəlib çatıb. Biz qisası övladlarımıza qoymamalıyıq", - deyirdi.

Cəmilə xanım söyləyir:

- Vətən müharibəsi başlayanda Sərxanın gözlərində bir sevinc hissi var idi ki, gəl görəsən. Müharibənin başlamasına, intiqam vaxtının gəlib çatmasına sevinirdi.

...Vətən müharibəsinə Murov dağındakı yüksəkliyin alınmasından başladı. 2020-ci il sentyabrın 27-dən 28-nə keçən gecə idi. Dalbadal 4 postu almışdılar. Kəlbəcər istiqamətində irəliləyirdilər. Bu vaxt Sərxanın lap yaxınlığına minaatan silahdan atılmış mərmi düşdü və gənc gizirin həyatına son qoydu. Döyüş yoldaşları düşmənin layiqli cavabını verərək darmadağın etdilər. Ordumuz yenə də irəliləməyə başladı.

Döyüşlərdə qəhrəmancasına şəhid olmuş Sərxan Abdullayev Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəli olan şəhid gizirimizin Orxan və Turan adlı 2 azyaşlı oğul övladı yadigar qalıb. 

Şəhid gizirin göstərdiyi igidlik hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Vaxtilə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş Sərxan Abdullayev ölümündən sonra da medallarla təltif edilmişdir. O, Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Onu da qeyd edim ki, şəhidin qardaşı kapitan Elman Abdullayev Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan bayrağı" ordeni, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən"Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” "Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.


 

GOYEZEN.AZ


Geri qayıt