"Biz qələbə çalacağıq"
Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan
xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz
canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi
ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir. Kitabda şəhidimiz baş gizir Hacıyev Teymur Zaur
oğlu haqqında yazılmış "Biz qələbə çalacağıq" sərlövhəli xatirə
yazısını oxuculara təqdim edirik... "Biz qələbə çalacağıq" Bu
sözləri baş gizir Teymur Hacıyev Vətən müharibəsinin başlandığı ilk gündən
demişdi. 12 il hərb sahəsində xidmət etmiş təcrübəli bir hərbçi kimi bilirdi Azərbaycan
Ordusunun nəyə qadir olduğunu. Silahlı qüvvələrimizdəki texnikaya, əsgər və zabitlərimizin
döyüş qabiliyyətinə və gücünə bələd idi. Ona görə də müharibədə bizim qələbə
çalacağımıza bütün varlığı ilə inanırdı. İnam olan yerdə isə insan daha ürəklə
döyüşür, daha qorxmaz və mətin olur. Hacıyev
Teymur Zaur oğlu haqqında yazmaq üçün onun tərcümeyi-halını oxuyur, oxuduqca da
keçdiyi qısa, lakin şərəfli ömür yolu ilə daha yaxından tanış oluram. Həyat
yoldaşı Lalə xanım Teymurdan yadigar qalan sənədləri, əşyaları
qarşımıza qoyub ömür-gün yoldaşının keçdiyi ömür yolundan danışır. Teymur Hacıyevin
zəngin olan tərcümeyi-halında yazılmış cümlələr məni 28 yanvar 1991-ci ilə,
onun Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulduğu günə aparır. Ailənin
sonbeşiyi olan Teymur yaşca kiçik olmasına baxmayaraq, çox qoçaq, bacarıqlı və
məsuliyyətli idi. Ona görə də ailədə ona daha çox inanır, lazım olan işlərə onu
buyururdular. Bu
xüsusiyyəti 1997-ci ildən 2008-ci ilə qədər ilk təhsil aldığı Yuxarı Salahlı kənd
tam orta məktəbində onu müəllimlərin sevimlisinə çevirmişdi. Bununla yanaşı, məktəbdə
həm yaxşı oxuyur, həm də təlim-tərbiyəsi ilə yaşıdlarından fərqlənirdi. Müəllimləri
deyir ki, Teymur məktəbdə oxuduğu illərdə yaddaqalan şagird olmuşdur. 2009-cu
ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon
Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılması onun həyatına bir yenilik gətirdi.
Həmin ildən sonra Teymur Hacıyev hərbi sahədə qalıb hərbçi kimi xidmət etməyi
qarşısına məqsəd qoydu. Elə bu arzu ilə də hərbi sahədə mətin addımlarla irəliləməyə
başladı, bütün varlığı ilə ona bağlandı. 2010-cu
ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi
hissəsində həqiqi hərbi xidmətinin başa çatmasına 3 ay qalmış "Gizir"
hazırlıq kursuna imtahan vermək üçün Azərbaycan Silahlı
Qüvvələrinin Təlim və Tədris Mərkəzinə (TTM) getmişdir. Gizirlik
Hazırlıq Kursuna (GHK) qəbul olub həmin ilin 28 avqustunda gizir rütbəsi almış,
"N" saylı hərbi hissəyə baş sürücü-mexanik vəzifəsinə göndərilmişdir.
Daha bir göndəriş isə 2014-cü il oktyabr ayının 19-da olmuşdur. Həmin göndərişə
əsasən "N" saylı hərbi hissədə emalatxana rəisi olmuş, 2018-ci ildə
isə baş gizir vəzifəsinə təyin edilmişdir. Teymur
Hacıyev xidməti dövründə həmişə öz nizam-intizamı, verilən tapşırıqlara
vaxtlı-vaxtında əməl etməsi ilə fərqlənmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır.
Onun haqqında verilmiş xidməti xasiyyətnamədə oxuyuruq: "Baş gizir
T.Hacıyev xidmət etdiyi müddət ərzində özünü intizamlı, savadlı, bacarıqlı və
işgüzar bir hərbi qulluqçu kimi göstərmişdir. Hərbi qanun və nizamnamələri
bilir, xidməti vəzifə borclarına məsuliyyətlə yanaşır". Bu
yüksək dərəcəli xidmətin nəticəsidir ki, Teymur Hacıyev Müdafiə Nazirliyi tərəfindən
23.05.2016-cı ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi
(1918-2013)", 26.06.2018-ci ildə "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif
olunmuşdur. Bir il sonra isə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli
medal almışdır. Atası Zaur kişi sonuncu görüşlərini belə xatırlayır: -
Oktyabrın 10-da gecə evə gəlmişdi. Anası Sahibə xanım, həyat yoldaşı və
uşaqları ilə görüşüb ayrıldı. Bu, Teymurun sonuncu gedişi oldu. Ertəsi günü zəng
elədi ki, mən Füzulidəyəm. Sonra
Teymurun sədası başqa şəhər və rayonlardan gəldi. Hərdən zəng edəndə həvəslə:
"Düşmənin xeyli texnikasını qənimət götürmüşük. Silahlarını qoyub qaçırlar"
-deyirdi. Horadiz
kəndində iştirak etdiyi hərbi əməliyyat çox qanlı-qadalı olmuş, düz 3 gün döyüş
getmişdir. Teymur Hacıyev oktyabrın 13-də Füzuli-Cəbrayıl-Xocavənd rayonları
istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən səngərdə
qəhrəmancasına şəhid olmuşdur. Hüseyn və Zaur adlı 2 azyaşlı oğlu yadigar
qalmışdır. Şəhid
baş gizir Teymur Hacıyev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə"və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına
görə" medalları ilə təltif olunmuşdur. GOYEZEN.AZ
Facebook-da paylaş