Arzusu general olmaq idi
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz baş leytenant Nəsibov Xaliddin Vaqif oğlu haqqında yazılmış "Arzusu general olmaq idi” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
Arzusu general olmaq idi
Qazax rayonunun Qarapapaq kəndində yaşayan Nəsibovlar ailəsində hərb sahəsinə böyük rəğbət var idi. Bu da səbəbsiz deyildi. Evdə demək olar ki, hamı hərbi forma geyinirdi. Ailənin başçısı, Xaliddinin atası Vaqif bu sahədə qulluq edirdi, gizir idi. Əmiləri Məmmədəli, İlqar da hərbçi idilər. Babası Mahmud Həmzəyev general-mayor rütbəsinə qədər yüksəlmişdi.
Nəsibov Xaliddin Vaqif oğlu 17 iyul 1998-ci ildə belə bir ailədə doğulmuşdu. Atası hərdənbir onu özü ilə birlikdə hərbi hissəyə aparır, öz peşəsindən danışırdı. Xaliddin belə bir mühitdə böyüyür, hərb sahəsinə olan sevgisi ildən-ilə artırdı.
Bu səbəbdən də 2004-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseydə oxuyanda təhsilini axıra qədər davam etdirmədi, 2012-ci ildə səkkizinci sinfi bitirəndən sonra sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək yüksək balla qəbul olundu. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin sirlərinə dərindən yiyələndi. Sonra təhsilini davam etdirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu, ali təhsilli zabit kimi yetişdi. 2019-cu ildə həmin məktəbi bitirib avqust ayının 1-dən leytenant hərbi rütbəsində xidmətə başladı. Arzusu Vətənə şərəflə xidmət edib gələcəkdə general olmaq idi. Bu məqsədlə təhsildə olduğu kimi, xidmətdə də öz nizam-intizamı, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməsi ilə fərqləndi. Xaliddin Nəsibov çox qayğıkeş, vicdanlı insan, mərd, qorxmaz, vətənpərvər zabit idi. Döyüşdə nümunə göstərərək həmişə qabaqda özü gedir, əsgər və zabitlərə ruh yüksəkliyi verirdi.
Bacısı Göyçək xanım danışır ki, Xaliddin hələ orta məktəbdə oxuyanda şeirlər yazırdı. Vətənə, torpağa, anaya məhəbbətlə həsr etdiyi şeirlərinin ilk oxucuları biz idik. Bu misralar onun qəlbinin ilk çırpıntıları idi.
14 yaşımdan
mən forma geyirəm,
Vətəni
canımdan artıq sevirəm.
Bu şeiri
yazmaqda məqsədim budur,
Azərbaycan
oğlu, Vətəni qoru.
Xaliddin Nəsibov Vətən müharibəsi başlayanda motoatıcı taborun tağım komandiri vəzifəsində xidmət edirdi. İkinci Qarabağ savaşına ilk dəfə Xocavənd rayonunun düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə başladı. Separatçıların ən böyük qüvvəsi burada idi. Buna baxmayaraq, əsgər və zabitlərimiz mərdlik və şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr endiriblər. Döyüşçülərimiz Xocavəndə doğru 3 istiqamətdən hərəkət edərək düşmən səngərinin arxasına keçib canlı qüvvəsini və texnikasını məhv ediblər. Xaliddinin komandir olduğu tağım qanlı döyüşlər apararaq Xocavəndə birinci girib. Bu şücaətinə və igidliyinə görə Müdafiə Nazirinin şəxsi heyət üzrə müavini Kərim Vəliyev döyüş meydanında Xaliddin Nəsibova baş leytenant rütbəsi verib. O, 15 oktyabr 2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunub.
Vətən müharibəsində onunla bir döyüşmüş hərbçilər Xaliddin Nəsibov haqqında çox yüksək fikirlər söyləyirlər. Tabeliyində olmuş əsgərlərdən Şahbuz Cəfərov, Nəriman Binnətov, Ayxan Qasımlı deyirlər ki, Xaliddin Nəsibov çox vətənpərvər insan, qorxmaz komandir idi. Döyüşə həmişə birinci özü girir, daim irəlidə gedirdi. O, öz mərdliyi ilə şəxsi nümunə göstərərək biz əsgərlərə mənəvi ruh verir, qələbəyə səsləyirdi.
Əsgərlərinə həm komandir, həm döyüş yoldaşı, həm də etibarlı dost idi Xaliddin Nəsibov. Döyüşçülər öz komandirlərinə güvənir və ondan nümunə götürürdülər.
Əmisi Məhəmmədəli danışır ki, bir dəfə Xaliddin hərbi liseydə oxuyan oğlanlarımla birlikdə mənə "Sənə hansı hədiyyəni alaq?" deyə sual etdilər. Mən də cavabında dedim ki, mənə Qarabağı alın, başqa heç nə istəmirəm. İllər keçəndən sonra gördüm ki, bizim vaxtilə edə bilmədiklərimizi bu gənclər edib, Qarabağı aldılar.
Kursant yoldaşları danışır ki, Xaliddin hamımızdan fədqlənirdi. Çox nizam-intizamlı, çalışqan və böyük arzularla yaşayan bir gənc idi. Asudə vaxtlarımızda biz gördüklərimizdən, sevdiyimiz qızlardan danışırdıq. Xaliddinin fikri isə yalnız təhsilində və öz tükənməz arzularında idi. Buna görə də biz hamımız onun gələcəkdə hərb sahəsində yüksək nailiyyətlər əldə edəcəyinə inanırdıq.
Anası Sevda xanım danışır:
- Mənə çox bağlı idi Xaliddin. Ürəyindən keçənləri həmişə mənə danışır, istəklərini mənimlə bölüşürdü. Arzusu general olmaq idi. Noyabrın 2-də sonuncu dəfə də mənimlə danışdı.
Nə qədər ağır olsa da mən bu sözləri yazıram. 22 yaşlı gənc zabit sonuncu dəfə 6 noyabr 2020-ci il tarixində Xocavənddə döyüşüb. Qanlı döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlib. General olmaq arzusunda olan baş leytenant döyüş meydanında əbədiyyətə qovuşub. Qarapapaq kənd qəbiristanlığında dəfn olunub. Subay idi.
Xaliddin Nəsibov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş