Əsas Səhifə > Şəhidlər > Arzusu general olmaq idi
Arzusu general olmaq idi8-04-2021, 09:34 |
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz baş leytenant Nəsibov Xaliddin Vaqif oğlu haqqında yazılmış "Arzusu general olmaq idi” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... Arzusu general olmaq idi
Qazax rayonunun Qarapapaq kəndində yaşayan Nəsibovlar ailəsində hərb sahəsinə böyük rəğbət var idi. Bu da səbəbsiz deyildi. Evdə demək olar ki, hamı hərbi forma geyinirdi. Ailənin başçısı, Xaliddinin atası Vaqif bu sahədə qulluq edirdi, gizir idi. Əmiləri Məmmədəli, İlqar da hərbçi idilər. Babası Mahmud Həmzəyev general-mayor rütbəsinə qədər yüksəlmişdi. Nəsibov Xaliddin Vaqif oğlu 17 iyul 1998-ci ildə belə bir ailədə doğulmuşdu. Atası hərdənbir onu özü ilə birlikdə hərbi hissəyə aparır, öz peşəsindən danışırdı. Xaliddin belə bir mühitdə böyüyür, hərb sahəsinə olan sevgisi ildən-ilə artırdı. Bu səbəbdən də 2004-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseydə oxuyanda təhsilini axıra qədər davam etdirmədi, 2012-ci ildə səkkizinci sinfi bitirəndən sonra sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək yüksək balla qəbul olundu. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin sirlərinə dərindən yiyələndi. Sonra təhsilini davam etdirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu, ali təhsilli zabit kimi yetişdi. 2019-cu ildə həmin məktəbi bitirib avqust ayının 1-dən leytenant hərbi rütbəsində xidmətə başladı. Arzusu Vətənə şərəflə xidmət edib gələcəkdə general olmaq idi. Bu məqsədlə təhsildə olduğu kimi, xidmətdə də öz nizam-intizamı, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməsi ilə fərqləndi. Xaliddin Nəsibov çox qayğıkeş, vicdanlı insan, mərd, qorxmaz, vətənpərvər zabit idi. Döyüşdə nümunə göstərərək həmişə qabaqda özü gedir, əsgər və zabitlərə ruh yüksəkliyi verirdi. Bacısı Göyçək xanım danışır ki, Xaliddin hələ orta məktəbdə oxuyanda şeirlər yazırdı. Vətənə, torpağa, anaya məhəbbətlə həsr etdiyi şeirlərinin ilk oxucuları biz idik. Bu misralar onun qəlbinin ilk çırpıntıları idi. 14 yaşımdan
mən forma geyirəm,
|