"Rəşadət" ordenli kapitan
Qazax
Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş
redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının
qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından
keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və
döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin,
müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə
Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları
orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü
uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış,
ehtiramla yad edilmişdir. Kitabda
şəhidimiz kapitan İsmayılov
İmamverdi Yoloğlu oğlu haqqında yer almış ""Rəşadət”
ordenli kapitan” başlıqlı xatirə yazısını oxuculara təqdim
edirik... "Rəşadət"
ordenli kapitan
Bu ali
mükafata Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə təltif
olunmuşdu kapitan İmamverdi İsmayılov. Ölkə başçısı tərəfindən verilən bu orden
onun şücaətinin, peşəkarlığının, qorxmazlığının, ən nəhayət, qəlbində olan
Vətən sevgisinin ən böyük mükafatı idi. Bu ali mükafat od-alovun içindən düşən
dümağ şəfəq, səngərdə keçən gecələrin üzünə doğan al günəşdir. "Rəşadət" ordeni ata haqqı kimi,
ana südü qədər halaldır yenilməz kapitana. İsmayılov
İmamverdi Yoloğlu oğlu 1 may 1989-cu ildə dünyaya gələn gündən güllə səsləri
eşitmiş, müharibə ab-havasında böyümüşdü. Doğulduğu Qazax rayonunun Aşağı
Əskipara kəndi düşmən istilasının qurbanı olmuş, yaşadıqları evə ermənilər
tərəfindən atılmış top mərmisi düşmüşdü. Ona görə də İmamverdi uşaqlıqdan
düşmənə nifrət hissləri ilə böyüyürdü. Kəndləri işğal
olunduğu üçün 1992-ci ildə Qazax şəhərinə köçmüş, köçkünlük həyatı yaşamağa
başlamışdır. Atası Yoloğlu kişi danışır: Qazaxda hərbi şəhərcikdə məskunlaşdığımız üçün
İmamverdi hər gün hərbçiləri görür, onlarla təmasda olur, bu da onun gələcək
arzularının formalaşmasına öz təsirini göstərirdi. Ona görə də uşaq yaşlarından
hərbçi olmağı, düşmənlərdən qisas almağı qarşısına məqsəd qoymuşdu. Onun bu arzuya
düşməsində əmisi, polkovnik-leytenant Kamal İsmayılovun da az təsiri olmadı. 1995-ci
ildə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə daxil
olan ilk gündən İmamverdi İsmayılov dərslərini yaxşı oxuyur, biliyi və
nizam-intizamı ilə fərqlənirdi. Dərslərindən yüksək qiymətlər almasına
baxmayaraq, 2003-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirdikdən sonra
təhsilini dayandırıb arzularının dalınca getdi. Həmin il Cəmşid Naxçıvanski
adına Hərbi Liseyə daxil olaraq düz 3 il oxudu. 2006-cı ildə həmin liseyi
bitirdikdən sonra təhsilini davam etdirərək Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbinə daxil oldu. 2010-cu ildə isə Ali Hərbi Məktəbi qurtarıb, 1 il
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil aldı. 2011-ci ildə
İmamverdi İsmayılov leytenant rütbəsi almış, peşəkar hərbçi kimi yetişmişdi.
Xidmətə başladığı ilk gündən nizam-intizama riayət edir, öz vəzifəsini
ləyaqətlə yerinə yetirirdi. Qusar rayonunda, eləcə də Sumqayıt, Bakı və
Mingəçevirdəki "N" saylı hərbi hissələrdə qüsursuz xidmət edərək
Müdafiə Nazirliyi tərəfindən təltiflərə layiq görülmüşdü. İmamverdi İsmayılov
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları və "Qüsursuz
xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş, fəxri fərmanlar almışdı.
Bununla bərabər, xidmətdə də irəliləmiş, artıq 2017-ci ildə kapitan rütbəsi
almış, "N" saylı hərbi hissənin Maddi Təchizat üzrə xidmət rəisi
olmuşdu. Həyat yoldaşı
Vəsilə xanım deyir: - İmamverdi torpaqlarımızın
işğal altında olmasına dözə bilmirdi, həmişə intiqam almaq hissi ilə yaşayırdı.
2020-ci ilin iyulunda Tovuz istiqamətində ermənilərin növbəti təxribatları
nəticəsində general-mayor Polad Həşimov və bir neçə zabitimizin şəhid olması
xəbəri İmamverdini düşmənə qarşı daha da hiddətləndirmişdi. Vətən
müharibəsi başlayanda həmlə taborunun qərərgah rəisi olan İmamverdi İsmayılov 27-28 sentyabrda Goranboyun
Gülüstan kəndi istiqamətindən irəliləyərək qarşıya qoyulmuş Murovdağ
yüksəkliyinin alınması əmrini bir nəfər itki ilə yerinə yetirmişdir. Təcrübəli
bir zabit kimi döyüş planlarını özü hazırlayır, istiqamətləri dəqiq
müəyyənləşdirərək bütün detalları nəzərə alırdı. Əsgərlərin sonsuz hörmətini,
böyük rəğbətini qazanmışdı İmamverdi İsmayılov. Baş leytenant
Bəxtiyar Xəlilov danışır ki, Suqovuşanın azad olunması əməliyyatında
biz dedik ki, "Komandir siz irəlidə getməyin”. Bu vaxt İmamverdi İsmayılov
bizim fikrimizə etiraz edərək "Mən də sizin kimi bir əsgərəm" - dedi
və döyüşə girdi. Bu, onun vətənpərvərliyindən, torpağı canı qədər sevməsindən,
şücaətindən irəli gəlirdi. 2020-ci il
sentyabrın 29-u idi. Talışkəndin və orada olan yüksəkliyin alınması əmri
verilmişdi. Tapşırıq nəyin bahasına olursa-olsun, yerinə yetirilməli idi. Ona
görə də səhər tezdən iki yan istiqamətdə irəliləyərək düşmənin arxasına
keçmişdilər. Taborun piyada döyüş maşınlarından (PDM) biri vurulmuşdu.
İmamverdi İsmayılov ratsiya ilə əlaqə saxlayıb onlara texnika göndərilməsini
istədi. Bir az keçmiş PDM-in səsi gəldi. Onlara kömək gəldiyini düşündükləri
zaman düşmənlə qarşılaşdılar. Güclü atışma başladı. Bu zaman döyüşçülərdən biri
"Komandiri vurdular" - deyə qışqırdı. "Komandirə heçnə
olmasın" - deyən əsgərlər bu dəfə onu qoruya bilmədilər. Həmin gün 31
yaşlı gənc kapitan İmamverdi İsmayılov döyüş meydanında şəhid oldu, canını
bütün varlığı ilə sevdiyi Vətənə qurban verdi. Komandiri olduğu şəxsi heyət
həmin döyüşdə düşmənin texnikasını və canlı qüvvəsini məhv edərək
komandirlərinin və döyüş yoldaşlarının elə yerindəcə qisasını aldılar. Şəhid
kapitanın göstərdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.
Kapitan İmamverdi İsmayılov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi
bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv
edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və
vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli
"Rəşadət" ordeni ilə təltif olunmuşdur. O, ölkə
başçısının eyni tarixli digər Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə də təltif edilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş