22 yaşı yenicə tamam olmuşdu...
Qazax
Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş
redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən
yazılmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının
qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından
keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və
döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin,
müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə
Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları
orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü
uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış,
ehtiramla yad edilmişdir. Kitabda
şəhidimiz leytenant
Bayramlı Elmar İsa oğlu haqqında yazılmış "22 yaşı
yenicə tamam olmuşdu...” sərlövhəli xatirə yazısını oxuculara təqdim
edirik... 22 yaşı yenicə tamam olmuşdu...
Hələ nə yaşı
var idi ki... Həyat bağçasında açılmaqda olan tumurcuq idi hələ. Nəhəng ağacın
ömür adlı budağından pöhrə verib boy atacaqdı indən belə. Hələ nə yaşı var idi
ki, Elmarın. 22 yaşı yenicə tamam olmuşdu. Sonuncu dəfə yaşını keçirməyə macal
da tapmamışdı. "Allah qoysa, sonra qeyd edərəm" - demişdi. Yaşının az
olmasına baxmayaraq, arzuları böyük, istəkləri sonsuz idi Elmarın. Bu yaşında
əldə etdiklərini də öz zəhməti, öz gücü ilə qazanmışdı. Hələ yaşamalı günləri,
ömür sürməli illəri qabaqda idi. Hələ nə yaşı var idi ki... Bayramlı Elmar
İsa oğlu 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya
gəlmişdi. 1 sentyabr 2005-ci ildə isə Birinci Şıxlı kənd natamam orta məktəbin
birinci sinfinə gedib oxumağa başlamışdı. Təhsil aldığı ilk gündən dərslərini
əla oxuması, yüksək təlim-tərbiyəsi ilə müəllimlərin diqqətini özünə cəlb
eləmişdi. Aradan neçə illər keçməsinə baxmayaraq, müəllimləri yenə də onu xatırlayır,
məmnunluq hissləri ilə anırlar. Elmarın
müəllimi olmuş Elman Vəliyev deyir: - Məktəbdə
Elmar bütün uşaqlardan fərqlənirdi. Fənlərin hamısından yüksək qiymətlər
alırdı. "Bilmirəm" sözü ona yad idi. Tərbiyəsi də oxumağı kimi çox
yüksək idi. Həmişə özünü çox nizam-intizamlı aparır, qayda-qanuna riayət
edirdi. Elmar Bayramlı
kənddə nənə-babasının himayəsində yaşayırdı. O, məktəbin doqquzuncu sinfini
fərqlənmə ilə bitirdikdən sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçdü.
Bununla da onun kəndlə bağlı uşaqlıq illəri başa çatdı. Təhsilini şəhərdəki 24
nömrəli məktəbdə davam etdirib onbirinci sinfi bitirdi. Qarşıda onu böyük
uğurlar gözləyirdi. Amma o, başqa yolu seçdi. Bəlkə də Elmar gələcəkdə yüksək
səviyyəli elm adamı, tanınmış mütəxəssis, böyük bir iş adamı olacaqdı. Bəlkə
də... Buna potensialı da var idi. Amma "Arzun hara, mənzilin də ora"
deyərək öz arzularının dalınca gedib hərbi sahəni seçdi. Ona görə də
Elmar Bayramlı 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə
daxil olaraq təhsilini bu sahədə davam etdirdi. 2020-ci ilin iyun ayında həmin
məktəbi bitirib leytenant rütbəsi aldı. Anası Amalya
xanım deyir ki, Elmar danışmağı sevməzdi. Adəti üzrə adi
qaydada zəng edir, hal-əhval tutduqdan sonra sağollaşırdı. Bir dəfə gördüm
Elmar telefonla görüntülü zəng elədi. Təəccübləndim, heç belə zəng etməzdi.
"Ana, haqqını halal elə" - dedi mənə. Başa düşmədim ki, niyə belə
deyir. Sən demə, müharibəyə gedirmiş, mən həyəcanlanaram deyə, deməyib. Sonuncu
dəfə onda gördüm oğlumu. Müdafiə Nazirliyinin
"N" saylı hərbi hissəsində tağım komandiri vəzifəsində leytenant
rütbəsində döyüş bölgəsində xidmətə başlamışdı öz xahişi ilə. Çünki
torpaqlarımızın işğal altında olması fikri ona rahatlıq vermirdi. Düşməndən
intiqam almaq, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək
arzusu ilə yaşayırdı Elmar Bayramlı. Bu arzunun reallaşması isə ancaq
döyüşlərdən keçirdi. Döyüşmək və
düşməndən intiqam almaq Elmar Bayramlının ən böyük amalı idi. 2020-ci ilin
iyulunda Tovuz istiqamətində ermənilərin növbəti təxribatlarının qarşısını alan
zaman Elmar Bayramlı da döyüşlərdə iştirak etmişdi. General-mayor Polad
Həşimovun şəhid olması Elmarı düşmənə qarşı daha da hiddətləndirmişdi. Vətən
müharibəsi başlayanda Elmar Bayramlı döyüşlərə böyük intiqam hissi ilə
qatılmışdı. Ona görə də mərdliklə vuruşur, əsl qəhrəmanlıq göstərirdi.
Sentyabrın 30-da Tərtər rayonunun Talış kəndi istiqamətində hücum əmri
almışdılar. Səhər tezdən əməliyyat başlayanda Elmar Bayramlı sol ayağından
yaralanmışdı. Tibbi yardım alan kimi, qanı heç kəsməmiş yenidən döyüş meydanına
atıldı. Amma düşmən gülləsi axıra qədər döyüşməyə aman vermədi. Elmar Bayramlı
bu dəfə minaatandan atılmış mərminin qəlpəsindən ağır yaralandı və döyüş
meydanında qəhrəmancasına şəhid oldu. 22 yaşlı gənc leytenantın arzuları
yarımçıq qaldı. Hələ nə yaşı var idi ki... Elmar Bayramlı
Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. Dövlətimiz
tərəfindən şəhid leytenant Elmar Bayramlının xidmətləri yüksək
qiymətləndirilmişdir. Gənc leytenant ölümündən sonra Prezident İlham Əliyevin
15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına
görə" və "Suqovuşanın azad olunmasına görə"
medalları ilə təltif olunmuşdur. Onu da qeyd
edim ki, şəhidimizin qardaşı Elman Bayramlı hazırda Azərbaycan Respublikası
Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində zabit kimi xidmət
edir. Elman Bayramlı da Vətən müharibəsində iştirak etmış, Füzuli istiqamətində
döyüşmüşdür.
GOYEZEN.AZ
Facebook-da paylaş