Əsas Səhifə > Şəhidlər > 22 yaşı yenicə tamam olmuşdu...

22 yaşı yenicə tamam olmuşdu...


9-04-2021, 12:21


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz leytenant Bayramlı Elmar İsa oğlu haqqında yazılmış "22 yaşı yenicə tamam olmuşdu...” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...

22 yaşı yenicə tamam olmuşdu...


Hələ nə yaşı var idi ki... Həyat bağçasında açılmaqda olan tumurcuq idi hələ. Nəhəng ağacın ömür adlı budağından pöhrə verib boy atacaqdı indən belə. Hələ nə yaşı var idi ki, Elmarın. 22 yaşı yenicə tamam olmuşdu. Sonuncu dəfə yaşını keçirməyə macal da tapmamışdı. "Allah qoysa, sonra qeyd edərəm" - demişdi. Yaşının az olmasına baxmayaraq, arzuları böyük, istəkləri sonsuz idi Elmarın. Bu yaşında əldə etdiklərini də öz zəhməti, öz gücü ilə qazanmışdı. Hələ yaşamalı günləri, ömür sürməli illəri qabaqda idi. Hələ nə yaşı var idi ki...

Bayramlı Elmar İsa oğlu 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya gəlmişdi. 1 sentyabr 2005-ci ildə isə Birinci Şıxlı kənd natamam orta məktəbin birinci sinfinə gedib oxumağa başlamışdı. Təhsil aldığı ilk gündən dərslərini əla oxuması, yüksək təlim-tərbiyəsi ilə müəllimlərin diqqətini özünə cəlb eləmişdi. Aradan neçə illər keçməsinə baxmayaraq, müəllimləri yenə də onu xatırlayır, məmnunluq hissləri ilə anırlar.

Elmarın müəllimi olmuş Elman Vəliyev deyir:

- Məktəbdə Elmar bütün uşaqlardan fərqlənirdi. Fənlərin hamısından yüksək qiymətlər alırdı. "Bilmirəm" sözü ona yad idi. Tərbiyəsi də oxumağı kimi çox yüksək idi. Həmişə özünü çox nizam-intizamlı aparır, qayda-qanuna riayət edirdi.

Elmar Bayramlı kənddə nənə-babasının himayəsində yaşayırdı. O, məktəbin doqquzuncu sinfini fərqlənmə ilə bitirdikdən sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçdü. Bununla da onun kəndlə bağlı uşaqlıq illəri başa çatdı. Təhsilini şəhərdəki 24 nömrəli məktəbdə davam etdirib onbirinci sinfi bitirdi. Qarşıda onu böyük uğurlar gözləyirdi. Amma o, başqa yolu seçdi. Bəlkə də Elmar gələcəkdə yüksək səviyyəli elm adamı, tanınmış mütəxəssis, böyük bir iş adamı olacaqdı. Bəlkə də... Buna potensialı da var idi. Amma "Arzun hara, mənzilin də ora" deyərək öz arzularının dalınca gedib hərbi sahəni seçdi.

Ona görə də Elmar Bayramlı 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq təhsilini bu sahədə davam etdirdi. 2020-ci ilin iyun ayında həmin məktəbi bitirib leytenant rütbəsi aldı.

Anası Amalya xanım deyir ki, Elmar danışmağı sevməzdi. Adəti üzrə adi qaydada zəng edir, hal-əhval tutduqdan sonra sağollaşırdı. Bir dəfə gördüm Elmar telefonla görüntülü zəng elədi. Təəccübləndim, heç belə zəng etməzdi. "Ana, haqqını halal elə" - dedi mənə. Başa düşmədim ki, niyə belə deyir. Sən demə, müharibəyə gedirmiş, mən həyəcanlanaram deyə, deməyib. Sonuncu dəfə onda gördüm oğlumu.

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində tağım komandiri vəzifəsində leytenant rütbəsində döyüş bölgəsində xidmətə başlamışdı öz xahişi ilə. Çünki torpaqlarımızın işğal altında olması fikri ona rahatlıq vermirdi. Düşməndən intiqam almaq, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək arzusu ilə yaşayırdı Elmar Bayramlı. Bu arzunun reallaşması isə ancaq döyüşlərdən keçirdi.

Döyüşmək və düşməndən intiqam almaq Elmar Bayramlının ən böyük amalı idi. 2020-ci ilin iyulunda Tovuz istiqamətində ermənilərin növbəti təxribatlarının qarşısını alan zaman Elmar Bayramlı da döyüşlərdə iştirak etmişdi. General-mayor Polad Həşimovun şəhid olması Elmarı düşmənə qarşı daha da hiddətləndirmişdi.

Vətən müharibəsi başlayanda Elmar Bayramlı döyüşlərə böyük intiqam hissi ilə qatılmışdı. Ona görə də mərdliklə vuruşur, əsl qəhrəmanlıq göstərirdi. Sentyabrın 30-da Tərtər rayonunun Talış kəndi istiqamətində hücum əmri almışdılar. Səhər tezdən əməliyyat başlayanda Elmar Bayramlı sol ayağından yaralanmışdı. Tibbi yardım alan kimi, qanı heç kəsməmiş yenidən döyüş meydanına atıldı. Amma düşmən gülləsi axıra qədər döyüşməyə aman vermədi. Elmar Bayramlı bu dəfə minaatandan atılmış mərminin qəlpəsindən ağır yaralandı və döyüş meydanında qəhrəmancasına şəhid oldu. 22 yaşlı gənc leytenantın arzuları yarımçıq qaldı. Hələ nə yaşı var idi ki...

Elmar Bayramlı Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Dövlətimiz tərəfindən şəhid leytenant Elmar Bayramlının xidmətləri yüksək qiymətləndirilmişdir. Gənc leytenant ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə" "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Onu da qeyd edim ki, şəhidimizin qardaşı Elman Bayramlı hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində zabit kimi xidmət edir. Elman Bayramlı da Vətən müharibəsində iştirak etmış, Füzuli istiqamətində döyüşmüşdür.


GOYEZEN.AZ


Geri qayıt