Qələbəyə bir gün qalmış
Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının
qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından
keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və
döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir.
Kitabda şəhidimiz baş çavuş Qəsəbov İsmayıl Nəbi
oğlu haqqında yazılmış "Qələbəyə bir gün qalmış” başlıqlı xatirə yazısını oxuculara təqdim edirik... Qələbəyə bir gün qalmış
Qələbə
- yolunda qanını töküb, canını verdiyin Vətənin azadlığına, işıqlı sabahına təminatdır.
Qələbə - uğrunda mübarizə apardığın məqsədin uğurla başa çatması, müsbət
yekunlaşmasıdır. İnsana şərəf, şöhrət gətirən, adını tarixə yazdıran qalibiyyətdir
Qələbə. Onun dadı şirin, fərəhi sevinc göz yaşları, qüruru vüqarını şəstlə
tutmaq, yenilməzlikdir. Haqqında
söhbət açdığım Qəsəbov İsmayıl Nəbi oğlu da hələ lap uşaqlıqdan başladığı hər
hansı bir işin, etdiyi hər hansı bir əməlin uğurla başa çatmasına çalışar, qələbə
ilə yekunlaşmasına can atardı. Qələbə qazanmaq, zəfər çalmaq yazılmışdı onun
qismətinə, arzu və istəklərinin qayəsinə. Bu niyyətlə də ömür adlı bir yola
çıxmış, qələbə çalmaq ümidi ilə yol başlamışdı. Həyatda ondan yadigar qalan
övladlarının adları da elə qələbə əzmindən xəbər verirdi. Mərd, Uğur onun qoşa
qanadları idi. Uşaqlığı
6 iyul 1991-ci ildə doğulduğu Qazax rayonunun Çaylı kəndində keçmişdi. 1998-ci
ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbində
oxumağa başlayan ilk gündən müəllimlərin diqqətini özünə cəlb eləmişdi öz
qoçaqlığı, nizam-intizamlı olması ilə. Orta məktəbi bitirən ili - 2009-cu ilin
oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə
həqiqi hərbi xidmətə çağrılmışdı. İl yarım özünün dediyi kimi "kişilik məktəbi"
keçmiş, 2011-ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunub evlərinə
qayıtmışdı. Amma
İsmayıl əsgərlikdən qayıdandan sonra evlərində qərar tuta bilmədi. Bir az
keçmiş sənədlərini də götürüb Bakıya yola düşdü gələcək arzularının dalısınca. Tezliklə
arzusuna da çatdı. Elə həmin ilin iyul ayından Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinə (XTD) qəbul olunub onun formasını
geyindi. Arzusuna çatmış, gələcək həyatına işıq salacaq istəyinə qovuşmuşdu.
Çox gözəl yaraşırdı bu geyim ona. Daha da qürurlu, daha da yaraşıqlı, daha da mətin
və qalibiyyətli göstərdi İsmayılı. Elə o vaxtdan da XTD-də hərbi qulluğa
başladı. Anası Kəmalə xanım deyir ki, İsmayılın özü seçmişdi bu yolu.
Bu, onun uşaqlıqdan öz arzusu idi. Xüsusi Təyinatlı Dəstəyə qəbul olunanda o qədər
fərəhlənirdi ki... Az qalırdı göylə uçsun. Doğrudan
da, fəxr olunası idi. Çünki hər gənci bura qəbul etmirdilər. Qəbul olunandan
sonra İsmayıl Qəsəbov hərbi təlimlərə başladı. Türkiyə hərbçiləri ilə birlikdə
təlimlərdən keçərək hərbi bilik və bacarığını daha da artırdı. Müasir, yüksək səviyyəli
və döyüşkən bir hərbçi kimi yetişdi. Artıq İsmayıl Qəsəbov Vətənin işğalda olan
torpaqlarını düşməndən azad etməyə hər an hazır idi. Çox
keçmədi ki, belə bir an gəlib çatdı. Vətən müharibəsi başlayan gündən ata-baba
yurdumuzun keşiyində ayıq-sayıq dayandı, mərdliklə döyüşərək 30 il işğal altında
olan torpaqlarımızın azad olunması yolunda öz qəhrəmanlığını göstərdi. Həyat yoldaşı Lalə xanımın dedikləri İsmayılın əsl kəşfiyyatçı
xarakterini göstərir: -Sentyabrın
23-də təlimi başa vurub 5 günlük evə gəlmişdi İsmayıl. Dördüncü günü telefonla
danışandan sonra bizə heç nə demədən təcili yola çıxıb, xidmət etdiyi hərbi
hissəyə getdi. Təcili getməsinin səbəbini israrla soruşsam da, bir kəlmə də demədi.
İsmayılı sonuncu dəfə elə onda gördüm. Hardan biləydim ki, bizi əbədi ayrılıq
gözləyir. İsmayıl
Qəsəbovun Vətən müharibəsinə getdiyini ailə üzvləri bilməyib, sonradan xəbər
tutublar. Bu da onun əsl hərbçi olmasından irəli gəlirdi. Daxili
İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların (DQ) "N" saylı hərbi hissəsində
(XTD) 5-ci Xüsusi Əlahiddə Qrupunun (XƏQ) 2-ci Xüsusi Əlahiddə (XƏ) yarım
qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçusu (MAHHXHQ), baş çavuş İsmayıl Qəsəbovun keçdiyi şərəfli döyüş yolunun
ilk ünvanı Murovdağ olub. Bu yüksəkliyi alandan sonra Füzuli, Cəbrayıl, Hadrut,
Xocavənd istiqamətində gedən qanlı döyüşlərdə iştirak edib, sözün əsl mənasında
qəhrəmanlıq göstərib. Şuşaya
qələbə bayrağını sancmaq arzusu ilə yaşayır, döyüşürdü İsmayıl. Bu arzu ilə də
Şuşaya qədər şərəfli bir döyüş yolu keçmiş, son ünvana gəlib çatmışdı.
Arzusunda olduğu şəhərin bir addımlığında idilər. Noyabrın 7-si idi. Qələbəyə cəmi
bir gün qalmışdı. İsmayıl
Qəsəbovla müharibənin ilk günündən bir yerdə olmuş, onunla bir vuruşmuş qazi
Rasim Yaşin danışır: - Şuşaya
hücuma keçmişdik. Ayın 7-si səhər saat 4-5 arası olardı. Qaranlıq olduğundan
sağ-salamat olmağımızı bilmək üçün İsmayılla bir-birimizi səslədik. Hər şey
qaydasında idi. Elə bu vaxt lap yaxınlığımıza tank mərmisi düşdü. Mən huşumu
itirdim. Bir müddətdən sonra özümə gələndə bildim ki, İsmayıl şəhid olub. Ailəsinin
bundan xəbəri yox idi. Gecə televiziya ilə qələbə xəbəri elan olunanda
İsmayılgildə də hamı sevinib fərəhlənirdi. Sevinirdilər ki, İsmayıl da tezliklə
qayıdıb evlərinə gələcəkdir. Amma... səhər tezdən onun şəhid olması xəbəri gəldi. Şəhid
İsmayıl Qəsəbov ən böyük arzusu olan Qələbə gününü görə bilmədi. O, ölümündən
sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın
azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş