Əsas Səhifə > Şəhidlər > Qələbəyə bir gün qalmış

Qələbəyə bir gün qalmış


28-04-2021, 10:26


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

 

Kitabda şəhidimiz baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlu haqqında yazılmış "Qələbəyə bir gün qalmış” başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

Qələbəyə bir gün qalmış


Qələbə - yolunda qanını töküb, canını verdiyin Vətənin azadlığına, işıqlı sabahına təminatdır. Qələbə - uğrunda mübarizə apardığın məqsədin uğurla başa çatması, müsbət yekunlaşmasıdır. İnsana şərəf, şöhrət gətirən, adını tarixə yazdıran qalibiyyətdir Qələbə. Onun dadı şirin, fərəhi sevinc göz yaşları, qüruru vüqarını şəstlə tutmaq, yenilməzlikdir.

Haqqında söhbət açdığım Qəsəbov İsmayıl Nəbi oğlu da hələ lap uşaqlıqdan başladığı hər hansı bir işin, etdiyi hər hansı bir əməlin uğurla başa çatmasına çalışar, qələbə ilə yekunlaşmasına can atardı. Qələbə qazanmaq, zəfər çalmaq yazılmışdı onun qismətinə, arzu və istəklərinin qayəsinə. Bu niyyətlə də ömür adlı bir yola çıxmış, qələbə çalmaq ümidi ilə yol başlamışdı. Həyatda ondan yadigar qalan övladlarının adları da elə qələbə əzmindən xəbər verirdi. Mərd, Uğur onun qoşa qanadları idi.

Uşaqlığı 6 iyul 1991-ci ildə doğulduğu Qazax rayonunun Çaylı kəndində keçmişdi. 1998-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbində oxumağa başlayan ilk gündən müəllimlərin diqqətini özünə cəlb eləmişdi öz qoçaqlığı, nizam-intizamlı olması ilə. Orta məktəbi bitirən ili - 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdı. İl yarım özünün dediyi kimi "kişilik məktəbi" keçmiş, 2011-ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunub evlərinə qayıtmışdı.

Amma İsmayıl əsgərlikdən qayıdandan sonra evlərində qərar tuta bilmədi. Bir az keçmiş sənədlərini də götürüb Bakıya yola düşdü gələcək arzularının dalısınca. Tezliklə arzusuna da çatdı. Elə həmin ilin iyul ayından Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinə (XTD) qəbul olunub onun formasını geyindi. Arzusuna çatmış, gələcək həyatına işıq salacaq istəyinə qovuşmuşdu. Çox gözəl yaraşırdı bu geyim ona. Daha da qürurlu, daha da yaraşıqlı, daha da mətin və qalibiyyətli göstərdi İsmayılı. Elə o vaxtdan da XTD-də hərbi qulluğa başladı.

Anası Kəmalə xanım deyir ki, İsmayılın özü seçmişdi bu yolu. Bu, onun uşaqlıqdan öz arzusu idi. Xüsusi Təyinatlı Dəstəyə qəbul olunanda o qədər fərəhlənirdi ki... Az qalırdı göylə uçsun.

Doğrudan da, fəxr olunası idi. Çünki hər gənci bura qəbul etmirdilər. Qəbul olunandan sonra İsmayıl Qəsəbov hərbi təlimlərə başladı. Türkiyə hərbçiləri ilə birlikdə təlimlərdən keçərək hərbi bilik və bacarığını daha da artırdı. Müasir, yüksək səviyyəli və döyüşkən bir hərbçi kimi yetişdi. Artıq İsmayıl Qəsəbov Vətənin işğalda olan torpaqlarını düşməndən azad etməyə hər an hazır idi.

Çox keçmədi ki, belə bir an gəlib çatdı. Vətən müharibəsi başlayan gündən ata-baba yurdumuzun keşiyində ayıq-sayıq dayandı, mərdliklə döyüşərək 30 il işğal altında olan torpaqlarımızın azad olunması yolunda öz qəhrəmanlığını göstərdi.

Həyat yoldaşı Lalə xanımın dedikləri İsmayılın əsl kəşfiyyatçı xarakterini göstərir:

-Sentyabrın 23-də təlimi başa vurub 5 günlük evə gəlmişdi İsmayıl. Dördüncü günü telefonla danışandan sonra bizə heç nə demədən təcili yola çıxıb, xidmət etdiyi hərbi hissəyə getdi. Təcili getməsinin səbəbini israrla soruşsam da, bir kəlmə də demədi. İsmayılı sonuncu dəfə elə onda gördüm. Hardan biləydim ki, bizi əbədi ayrılıq gözləyir.

İsmayıl Qəsəbovun Vətən müharibəsinə getdiyini ailə üzvləri bilməyib, sonradan xəbər tutublar. Bu da onun əsl hərbçi olmasından irəli gəlirdi.

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların (DQ) "N" saylı hərbi hissəsində (XTD) 5-ci Xüsusi Əlahiddə Qrupunun (XƏQ) 2-ci Xüsusi Əlahiddə (XƏ) yarım qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), baş çavuş İsmayıl Qəsəbovun keçdiyi şərəfli döyüş yolunun ilk ünvanı Murovdağ olub. Bu yüksəkliyi alandan sonra Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətində gedən qanlı döyüşlərdə iştirak edib, sözün əsl mənasında qəhrəmanlıq göstərib.

Şuşaya qələbə bayrağını sancmaq arzusu ilə yaşayır, döyüşürdü İsmayıl. Bu arzu ilə də Şuşaya qədər şərəfli bir döyüş yolu keçmiş, son ünvana gəlib çatmışdı. Arzusunda olduğu şəhərin bir addımlığında idilər. Noyabrın 7-si idi. Qələbəyə cəmi bir gün qalmışdı.   

İsmayıl Qəsəbovla müharibənin ilk günündən bir yerdə olmuş, onunla bir vuruşmuş qazi Rasim Yaşin danışır:

- Şuşaya hücuma keçmişdik. Ayın 7-si səhər saat 4-5 arası olardı. Qaranlıq olduğundan sağ-salamat olmağımızı bilmək üçün İsmayılla bir-birimizi səslədik. Hər şey qaydasında idi. Elə bu vaxt lap yaxınlığımıza tank mərmisi düşdü. Mən huşumu itirdim. Bir müddətdən sonra özümə gələndə bildim ki, İsmayıl şəhid olub.

Ailəsinin bundan xəbəri yox idi. Gecə televiziya ilə qələbə xəbəri elan olunanda İsmayılgildə də hamı sevinib fərəhlənirdi. Sevinirdilər ki, İsmayıl da tezliklə qayıdıb evlərinə gələcəkdir. Amma... səhər tezdən onun şəhid olması xəbəri gəldi. 

Şəhid İsmayıl Qəsəbov ən böyük arzusu olan Qələbə gününü görə bilmədi. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.


 

GOYEZEN.AZ


Geri qayıt