• Təqvim

  • Maraq



Əbədi ömrün başlanğıcı


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz çavuş Əliyev Timur Nurəddin oğlu haqqında yazılmış "Əbədi ömrün başlanğıcı" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

Əbədi ömrün başlanğıcı


İnsan ömrünün başlanğıcı məlum olduğu kimi, sonu da məlum olur. Dünyaya gələn insan bir vaxtdan sonra dünyadan köçür, dünyaya gəldiyi kimi dünyadan köçdüyü tarix də qeyd olunur. Amma elə insanlar var ki, onlar ölmür, qəhrəmanlıq göstərərək ürəklərə köçür, şəhidlik zirvəsinə qalxıb əbədilik qazanırlar. Şəhidlik zirvəsi dünyada bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilirlər bu uca zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Ona görə də şəhidlik ölüm deyil, əbədi ömrün başlanğıcıdır.

Şəhid Əliyev Timur Nurəddin oğlu (Nurəddinoviç) da öz ölümü ilə ölümsüzlüyə qovuşan qəhrəmanlardan biridir. Ona görə də bu gün Timurun adı dillər əzbəridir. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, onun şəhid adı daim anılacaqdır.

Atası Nurəddin kişi deyir ki, biz Özbəkistan Respublikasının Çirçik şəhərində yaşayırdıq. Timur da 29 may 1984-cü ildə orada anadan olub. Evin tək oğlu olduğu üçün onu böyük bir məhəbbət, istəklə böyütmüşdük. Onunla bağlı çoxlu arzularımız var idi ki... Özünün arzu, istəkləri isə bitib-tükənməz idi.

1998-ci ildə onların ailəsi Azərbaycana qayıdaraq Bakıya köçüb burada yaşamağa başlayır. Ona görə də Timur orta təhsilini Bakı şəhərində davam etdirərək 2001-ci ildə XI sinfi bitirmişdir. Sonra onun əsgərlik dövrü başlamış, Timur Əliyev 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2004-cü ildə tərxis olunmuşdur. Sonradan hərb yolunu seçmiş, öz həyatını bu sahəyə bağlamışdır. Ona "Hərb sahəsi çətindir" deyənlərə birmənalı şəkildə: "Əvvəla, çətin deyil. Sonrası da nə qədər çətin olsa da, kişilik məktəbidir, şərəflidir", - deyə cavab verirdi. Odur ki, hərbçi paltarını çox böyük şəstlə geyinir, əynində həvəslə daşıyırdı.

Timur Əliyev 2013-cü ildə öz istəyinin dalınca gedərək Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başladı. Nümunəvi xidmət edərək qısa müddətdə çavuş rütbəsi aldı.

Söhbət zamanı atası dedi ki:

- Timur sentyabrın 26-da axşam evə gəlmişdi. Tələsirdi. Bir az oturandan sonra mənə:

- Mənim şəklimi uşaqlarımla çək, - dedi. Mən təəccüblə onun üzünə baxdım. Ona görə baxdım ki, Timur şəkil çəkdirməyi sevməzdi. O, mənim duruxduğumu görüb: "Dünyanın işini bilmək olmaz", - dedi. Sonra qızları Alsu, Leyla ilə çoxlu şəkil çəkdirdi.

Bu hadisələr başıma gələndən sonra başa düşdüm ki, müharibədə öləcəyi Timurun ürəyinə damıbmış.

Timurun döyüş yolu Füzulidən başlayıb. Oktyabrın 8-də rayonun düşməndən azad olunması uğrunda gedən qanlı döyüşlərə girib, elə ilk gündən qəhrəmanlıq göstərib. Həmlə taborunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan çavuş Timur Əliyev igidliyi, qorxmazlığı ilə döyüş yoldaşları arasında fərqlənib.

...Oktyabrın 12-dən 13-nə keçən gecə yenə də döyüşə girmişdi. Mərmi göydən yağış kimi yağırdı. 13 oktyabr 2020-ci il tarixində Timur ön sırada döyüşürdü. Birdən lap yaxınlığına minaatan silahından atılan mərmi düşdü. Timur Əliyev mərminin partlaması nəticəsində döyüş meydanında şəhid oldu.  

Şəhid, çavuş Timur Əliyevin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Azərbaycan üçün canını fəda edən Timur Əliyev kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlıq hər kəs üçün örnəkdir. Timur keçdiyi şərəfli ömür yolu ilə həmişə bizim qəlbimizdə yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun, şəhidim!




GOYEZEN.AZ



Facebook-da paylaş