"Qapımızdan bayraq asın, tezliklə qayıdacağam"
Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının
qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından
keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və
döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir.
Kitabda şəhidimiz gizir Nağıyev Anar Sahib oğlu haqqında yazılmış "Qapımızdan bayraq asın, tezliklə qayıdacağam" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...
"Qapımızdan bayraq asın, tezliklə
qayıdacağam"
Vətəninə,
doğulduğu torpağa çox bağlı olan, ona sevdiyi qədər də inanan gənc idi Anar.
El-obasına bağlılıq, inam və ehtiram onun torpağa olan sevgisindən irəli gəlirdi.
Qəlbən, bütün varlığı ilə bağlı idi qoynunda boy atdığı Azərbaycan torpağına.
Nağıyev Anar Sahib oğlunun keçdiyi ömür yolunu vərəqləyərkən bu yüksək
duyğular gəlib keçdi ürəyimdən. O, 31 il deyil, kitablara sığmayan şərəfli, mənalı,
igidliklə dolu olan bir ömür yaşayıb. Əbədiyyətə qovuşan bu ömür şəhidlik zirvəsinə
yüksələrək tarixin şanlı səhifəsinə yazılıb. Yazılıb ki, bu gün, elə sonradan gələn
nəsillər də oxuyub Anarın həyatından ibrət götürsünlər.
1989-cu
ilin 30 oktyabrında Nağıyevlər ailəsində oğlan uşağı dünyaya gəlmişdi. Gəncə şəhərində
eşidən-bilən, qohum - qonşular Sahibə gözaydınlığı verir, "Doğulan körpə Vətəninə,
ailəsinə xeyirli bir övlad olsun" - deyirdilər.
Anar
Nağıyev qayğısız uşaqlıq illərini yaşayır, ürəyində Vətəninə olan sevgisi ilə
birgə böyüyürdü. 1996-cı ildə Samux rayonunun Alıuşağı kənd tam orta məktəbinin
birinci sinfinə gedən gündən Vətənə, Anaya aid çoxlu şeirlər söyləməklə müəllimlərin
diqqətini özünə cəlb eləmişdi. 2000-ci ildə ailəsi ilə birlikdə Qazax rayonunun
Ürkməzli kəndinə köçüb burada yaşayanda vətənpərvərlik duyğuları daha da artdı.
Axı, Qazax, elə yaşadıqları kənd də mənfur düşmənlə sərhəddə yerləşirdi.
Orta
təhsilini Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində davam etdirən
Anar həmin məktəbin XI sinfini bitirib 2008-ci ilin yanvar ayında Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan
Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılandan sonra Anarın arzu və istəkləri
dəyişməyə başladı. Hərbidə olan nizam-intizam, qayda-qanun onun ürəyində olan vətənpərvərlik
duyğularını daha da artırdı. Anar həyatını bu sahəyə bağlamağa qərar verdi.
2009-cu
ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunandan sonra evlərinə gəldi.
Üç aydan sonra sənədlərini hazırlayıb çavuşluq kursunda oxumağa getdi. 21
yanvar 2010-cu ildən 10 aprel 2010-cu ilə qədər isə Azərbaycan Silahlı
Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) minaatan komandiri kursunu bitirərək çavuş
rütbəsi almış, "N" hərbi hissədə xidmət etməyə başlamışdır. 2012-ci
ilin yanvarında isə TTM-də 6 ay gizirlik kursunu keçmiş, gizir rütbəsi alaraq
Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətini davam etdirmişdir.
Atası Sahib danışır ki, Anar Türkiyədə xüsusi kurslarda hərbi təhsilini artırdıqdan
sonra mükəmməl hərbçi kimi böyük həvəslə xidmət edirdi.
Anar
Nağıyevin 13 illik yüksək hərbi xidməti Müdafiə Nazirliyi tərəfindən qiymətləndirilmiş, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013), "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley
medalları, həmçinin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı (26.06.2017) və "Qüsursuz
xidmətə görə" 3-cü dərəcəli (2019-cu il) medalları ilə təltif
olunmuşdur.
O,
döyüşlərdə olmuş, 2014-cü ildə Tovuz istiqamətində düşmən təxribatının
qarşısını alarkən yaralanmışdı. Anar Nağıyev Aprel döyüşlərində də iştirak
etmiş, igidlik göstərmişdi. Bu səbəblərdən də onun döyüş təcrübəsi var idi. Ona
görə də Vətən müharibəsində iştirak etdiyi döyüşlər ona heç də çətin gəlmədi.
Murov dağında ilk vuruşmaya girən Anarın döyüş yolu Kəlbəcərdə, Füzulidə davam
edib. Hadrutda ayağından yaralanmasına baxmayaraq, müalicə olunmağa getməyib,
döyüşüb. 8 noyabr 2020-ci ildə Qarabağın üzük qaşı olan Şuşanın azad olunması
uğrunda gedən döyüşlərdə isə qəhrəmancasına şəhid olub.
Anası Məlahət xanım deyir ki, axırıncı dəfə yaralananda hospitala yanına getmişdik. Müharibədən
danışan Anar "Az qalıb, qapımızdan bayraq asın, tezliklə qayıdacağam"
- dedi. Onun dediyi kimi də oldu. Qələbə çaldıq, Anar Nağıyevin yaşadığı evin
qapısından bayraq da asıldı. Amma...
Gizir
Anar Nağıyevin göstərdiyi qəhrəmanlıq ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ"
ordeni ilə təltif edilən Anar daha sonra 3 medala da layiq görülmüşdür.
O, ölkə başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsaəsn "Şuşanın
azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə"
medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş