Atasının yolu ilə
Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının
qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından
keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və
döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir.
Kitabda şəhidimiz gizir Məmmədov Amid Müqabil
oğlu haqqında yazılmış "Atasının yolu ilə” sərlövhəli xatirə
yazısını oxuculara təqdim edirik... Atasının yolu ilə Hər bir insanın
həyatda öz ömür yolu, öz arzu-istəyi olur. Gənc yaşlarından başlayaraq müstəqil
həyata qədəm qoyan gündən bu arzuların həyata keçməsi uğrunda çalışıb vuruşur.
Bəzən isə insan öz atasının keçdiyi həyatı özünə ömür yolu seçir, atasına
oxşamağa çalışır, öz fəaliyyətini bu amal üzərində qurur. Haqqında söhbət
açdığım Məmmədov Amid Müqabil oğlu da atasının yolu ilə getməyi özünə həyat
amalı bilmiş, onun kimi hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Evin tək oğlu
olduğu üçün həyatda müstəqil böyüyür, həyatı ilə bağlı qərarları özü verirdi.
Böyüdükcə qədim bir el məsəlində deyildiyi "Oğul atanın köşənini əkər" məsəlinə uyğun olaraq gələcək ömür
yolunu bu istiqamətdə qurmağa başlayırdı. Yeri gəlmişkən,
vaxtilə Gürcüstanda gizir olan atası erməni quldurlarının torpaqlarımıza
basqını dövründə işini ataraq Azərbaycana gəlmiş, könüllü dəstələrin tərkibində
Qazaxın kəndlərinin erməni işğalçılarından müdafiə olunmasında fəal iştirak
etmişdir. 2 aprel 1987-ci
ildə Qazax rayonunun Xanlıqlar kəndində dünyaya gələn Amid Məmmədov uşaqlıqdan
idmanı çox sevir, sağlam ruhda böyüyürdü. O, 1993-cü ildə Şəmistan Şahvələdov adına
Xanlıqlar kənd tam orta məktəbin birinci sinfinə getmiş, 2004-cü ildə həmin məktəbin
onbirinci sinfini bitirmişdir. Amid Məmmədov 1 il sonra isə həqiqi hərbi xidmətə
getmişdir. 2007-ci ildə xidməti borcunu yerinə yetirərək Xanlıqlar kəndinə
dönmüşdür. Amid artıq 25
yaşına çatmışdı. Ürəyində uşaqlıqdan boy atmış arzusunun dalınca gedərək atası
kimi hərbçi olmağa qərar vermişdi. Bu arzu, bu istəklə də 2012-ci ildə AzərbaycanSilahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində(TTM) gizirlik kursunda oxuyaraq həmin hərbi hissədə gizir kimi xidmət etməyə
başlamışdır. Sonra "N" saylı hərbi hissənin 1-ci mexanikləşdirilmiş
taborunun 3-cü mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş tağımının
döyüş maşını komandiri - döyüş maşınları heyətinin rəisi olmuşdur. Amid Məmmədov
yüksək səviyyədə xidmət göstərmiş, hərbçi kimi yoldaşları arasında həmişə fərqlənmişdir.
Ona görə də xidməti dövründə müxtəlif medallara, fəxri fərmanlara layiq
görülmüşdür. O, 24.03.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə isə "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley
medalları ilə təltif olunmuşdur. Amid Məmmədov Vətən
müharibəsindən öncə görmüşdü müharibəni, onun od-alovunun içərisindən keşmişdi
düz 4 il bundan əvvəl. 2016-cı
ilin Aprel döyüşlərində Lələtəpə uğrunda gedən vuruşmada fəal iştirak etmiş, sol
qolundan yaralanmışdı. Onu da qeyd edim ki, döyüşdə yaralanmasını ailəsinə
bildirməmiş, sağalandan sonra hərbi xidmətini davam etdirmişdir. Aprel döyüşlərində
olduğu kimi, Vətən müharibəsində də Amid Məmmədov əsl igidlik göstərmiş, qəhrəmanlıqla
dolu bir döyüş yolu keçmişdir. Vətən müharibəsi başlayan ilk gündən döyüşə
atılmış, bu zaman idarə etdiyi Piyadaların Döyüş Maşını (PDM) Füzuli istiqamətində
minaya düşmüşdür. Amid Məmmədov yaralanmasına baxmayaraq, döyüş meydanını tərk
etməmiş, yeni texnika ilə təmin olunaraq döyüşü axıra qədər davam etdirmişdir. Amid Məmmədovun bir
özəlliyi də ondadır ki, Ali Baş Komandan İlham Əliyevin çıxışı zamanı dediyi
"Erməniləri iti qovan kimi qovacağıq" ifadəsinə uyğun olaraq idarə
etdiyi PDM-ə "İti qovan kimi" sözlərini yazaraq döyüşə girmişdir. Atası Müqabil Məmmədov danışır ki, Amid Füzuli, Cəbrayıl,
Qubadlı rayonlarının, Horadizin və Şuşanın kəndlərinin azad olunmasında igidlik
göstərmiş, qəhrəmanlıqla döyüşmüşdür. Amid Məmmədov
noyabrın 3-də isə sonuncu dəfə döyüşə girmiş, düşmən gülləsinə tuş gəlmişdir.
Növbəti yüksəkliyin alınması zamanı bizim tanklardan biri minaya düşmüşdür. Bu
zaman tankın heyətinə kömək etmək məqsədilə öz PDM-dən düşən zaman snayper gülləsi
ilə vurulmuşdur. Anası Esmira xanım, həyat
yoldaşı Abuhayat xanım Amiddən yadigar qalan 2 körpə qız balasının - Nisə ilə Esmiranın başına
sığal çəkib "Atanız qayıdacaq" deyirlər. Şəhid Amid Məmmədovun
igidliyi Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, o,
Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın
azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş