Əsas Səhifə > Şəhidlər > Atasının yolu ilə

Atasının yolu ilə


18-04-2021, 12:48


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

 

Kitabda şəhidimiz gizir Məmmədov Amid Müqabil oğlu haqqında yazılmış "Atasının yolu ilə” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...

Atasının yolu ilə


Hər bir insanın həyatda öz ömür yolu, öz arzu-istəyi olur. Gənc yaşlarından başlayaraq müstəqil həyata qədəm qoyan gündən bu arzuların həyata keçməsi uğrunda çalışıb vuruşur. Bəzən isə insan öz atasının keçdiyi həyatı özünə ömür yolu seçir, atasına oxşamağa çalışır, öz fəaliyyətini bu amal üzərində qurur.

Haqqında söhbət açdığım Məmmədov Amid Müqabil oğlu da atasının yolu ilə getməyi özünə həyat amalı bilmiş, onun kimi hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Evin tək oğlu olduğu üçün həyatda müstəqil böyüyür, həyatı ilə bağlı qərarları özü verirdi. Böyüdükcə qədim bir el məsəlində deyildiyi "Oğul atanın köşənini əkər" məsəlinə uyğun olaraq gələcək ömür yolunu bu istiqamətdə qurmağa başlayırdı.

Yeri gəlmişkən, vaxtilə Gürcüstanda gizir olan atası erməni quldurlarının torpaqlarımıza basqını dövründə işini ataraq Azərbaycana gəlmiş, könüllü dəstələrin tərkibində Qazaxın kəndlərinin erməni işğalçılarından müdafiə olunmasında fəal iştirak etmişdir.

2 aprel 1987-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində dünyaya gələn Amid Məmmədov uşaqlıqdan idmanı çox sevir, sağlam ruhda böyüyürdü. O, 1993-cü ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin birinci sinfinə getmiş, 2004-cü ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir. Amid Məmmədov 1 il sonra isə həqiqi hərbi xidmətə getmişdir. 2007-ci ildə xidməti borcunu yerinə yetirərək Xanlıqlar kəndinə dönmüşdür.

Amid artıq 25 yaşına çatmışdı. Ürəyində uşaqlıqdan boy atmış arzusunun dalınca gedərək atası kimi hərbçi olmağa qərar vermişdi. Bu arzu, bu istəklə də 2012-ci ildə AzərbaycanSilahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində(TTM) gizirlik kursunda oxuyaraq həmin hərbi hissədə gizir kimi xidmət etməyə başlamışdır. Sonra "N" saylı hərbi hissənin 1-ci mexanikləşdirilmiş taborunun 3-cü mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş tağımının döyüş maşını komandiri - döyüş maşınları heyətinin rəisi olmuşdur.

Amid Məmmədov yüksək səviyyədə xidmət göstərmiş, hərbçi kimi yoldaşları arasında həmişə fərqlənmişdir. Ona görə də xidməti dövründə müxtəlif medallara, fəxri fərmanlara layiq görülmüşdür. O, 24.03.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur.

Amid Məmmədov Vətən müharibəsindən öncə görmüşdü müharibəni, onun od-alovunun içərisindən keşmişdi düz 4 il bundan əvvəl. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə uğrunda gedən vuruşmada fəal iştirak etmiş, sol qolundan yaralanmışdı. Onu da qeyd edim ki, döyüşdə yaralanmasını ailəsinə bildirməmiş, sağalandan sonra hərbi xidmətini davam etdirmişdir. 

Aprel döyüşlərində olduğu kimi, Vətən müharibəsində də Amid Məmmədov əsl igidlik göstərmiş, qəhrəmanlıqla dolu bir döyüş yolu keçmişdir. Vətən müharibəsi başlayan ilk gündən döyüşə atılmış, bu zaman idarə etdiyi Piyadaların Döyüş Maşını (PDM) Füzuli istiqamətində minaya düşmüşdür. Amid Məmmədov yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etməmiş, yeni texnika ilə təmin olunaraq döyüşü axıra qədər davam etdirmişdir.

Amid Məmmədovun bir özəlliyi də ondadır ki, Ali Baş Komandan İlham Əliyevin çıxışı zamanı dediyi "Erməniləri iti qovan kimi qovacağıq" ifadəsinə uyğun olaraq idarə etdiyi PDM-ə "İti qovan kimi" sözlərini yazaraq döyüşə girmişdir.

Atası Müqabil Məmmədov danışır ki, Amid Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının, Horadizin və Şuşanın kəndlərinin azad olunmasında igidlik göstərmiş, qəhrəmanlıqla döyüşmüşdür.

Amid Məmmədov noyabrın 3-də isə sonuncu dəfə döyüşə girmiş, düşmən gülləsinə tuş gəlmişdir. Növbəti yüksəkliyin alınması zamanı bizim tanklardan biri minaya düşmüşdür. Bu zaman tankın heyətinə kömək etmək məqsədilə öz PDM-dən düşən zaman snayper gülləsi ilə vurulmuşdur.

Anası Esmira xanım, həyat yoldaşı Abuhayat xanım Amiddən yadigar qalan 2 körpə qız balasının - Nisə ilə Esmiranın başına sığal çəkib "Atanız qayıdacaq" deyirlər.

Şəhid Amid Məmmədovun igidliyi Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, o, Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.


 

GOYEZEN.AZ        


Geri qayıt