Təki Vətən sağ olsun!
Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan
xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz
canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi
ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir.
Kitabda şəhidimiz gizir İsmayılov Tahir Niyazi
oğlu haqqında yazılmış "Təki Vətən sağ olsun!” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... Təki Vətən sağ olsun!
Xalqımız
Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Vətən müharibəsində
igid Vətən oğulları ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb
şəhid oldular. "Təki Vətən sağ olsun!", - deyib ölümün gözünün içinə
dik baxıb öz mərdlikləri, qorxmazlıqları ilə xalqımızın yenilməzliyini, məğlubedilməzliyini
sübut etdilər. 44
gün davam edən Vətən müharibəsində İsmayılov Tahir Niyazi oğlu da mərdlik
göstərmişdir. Şəhidlik
elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhidlik Vətən sevgisinin təcəssümü,
yolunda can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən
başlanır. Tahirin qəlbindəki Vətən sevgisi isə lap uşaqlığından, 4 yaşı olandan
başlamışdı. Anası Üçgülnaz xanım deyir ki, 1988-ci ilin yanvar ayının 30-da
Tahir dünyaya gələn gündən çox keçmədi ki, yaşadığımız Qazax rayonunun Sofulu kəndi
erməni quldurları tərəfindən işğal edildi və biz 1992-ci ildən köçkünlük həyatı
yaşamağa başladıq. Bu
da Tahirin vətənpərvər və qorxmaz bir gənc kimi yetişməsində mühüm rol oynayıb.
Ona görə də böyüdükcə gələcək arzularını bu istiqamətə, hərb sahəsinə doğru
kökləməyə başlayıb. Tahir İsmayılovun hərb sahəsini seçməyində Qarabağ müharibəsi
veteranı olan atası Niyazinin də mühüm rolu olub, atasının yolunu davam etdirərək
işğal altındakı torpaqlarımızı azad etmək arzusu ilə yaşayıb Tahir İsmayılov. 1994-cü
ildən oxuduğu Qazax
şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseydə illər çox sürətlə ötüb keçdi.
Tahir İsmayılov 2003-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirəndən sonra
Qazax Dövlət Sosial-İqtisadi Kollecində təhsilini davam etdirdi. 2006-cı il
aprelin 13-də kolleci qurtarandan 1 həftə keçmiş Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə
çağrıldı. 2007-ci ildə həqiqi hərbi xidməti başa vurub evlərinə qayıtdıqdan
sonra hərbçi olmaq istəyi onu bir an belə sakit buraxmır, bu səbəbdən də əli
heç bir işə yatmırdı. Odur
ki, Tahir İsmayılov 31 yanvar 2009-cu ildən 11 aprel 2009-cu il tarixinə qədər
Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Təlim və
Tədris Mərkəzində (TTM) hərbi kursantlıq kursunda oxuyub, həmin il
aprelin 16-dan 2012-ci il avqust ayının sonlarına kimi "N" saylı hərbi
hissədə gizir olaraq xidmət etmişdir. Tahir İsmayılov düz 2 il sonra yenidən hərbi
sahəyə qayıdaraq xidmətini davam etdirməyə başlamışdır. O, 2018-ci ilin 7 mart -10 may
tarixində "Motoatıcı tağım komandirinin müavini" kursunu bitirmişdir. Xidməti
dövrü öz nizam-intizamı, verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi
ilə fərqlənmiş, bir sıra medallarla təltif edilmişdir. Tahir İsmayılovun sinəsini
2018-ci ildə təltif olunduğu "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley
medalları bəzəyirdi. Vətən
müharibəsi başlayanda Tahir İsmayılovun illərdən bəri qəlbini didib-parçalayan
intiqam hissləri daha da alovlanmışdı. Ona görə də mərdliklə döyüşür, düşmənə
aman vermirdi. Döyüş yoldaşları danışır
ki, "N" saylı hərbi hissənin
1-ci motoatıcı bölüyün 2-ci tağım komandirinin müavini gizir Tahir İsmayılov
döyüşlərdə 2 dəfə yaralanıb. Birinci dəfə yaralananda səngəri tərk etməyib.
İkinci dəfə isə başından kontuzya alıb. Onu hospitala gətirsələr də dayanmayıb,
döyüş meydanına qayıdaraq sona qədər vuruşub. Tahir İsmayılov 25 oktyabr
2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd-Hadrut rayonları istiqamətində gedən
qanlı vuruşmalarda iştirak etmişdir. Qubadlının azad olunması uğrunda gedən
döyüşdə isə şəhid olmuşdur. Tahir İsmayılov Xanlıqlar kənd qəbiristanlığında
izdihamla dəfn edilmişdir. Qardaşı Bahad Tahirdən yadigar qalmış əşyaların içərisindən cib telefonunu götürüb,
minamyot mərmisinin qəlpəsinin telefonu deşdiyi yeri göstərərək "Yaralanan
zaman telefon qardaşımın üstündə olub, qəlpənin biri telefona dəyib, o birisi
Tahiri ağır yaralayıb", - deyir. Tahir İsmayılov aldığı həmin yaradan
dünyasını dəyişib. Ailəli
idi. Niyazi və Uğur adlı 2 azyaşlı oğlan övladı yadigar qalıb. Tahir
İsmayılovun igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O,
ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Cəbrayılın azad olunmasına görə" və 25 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş