Əsas Səhifə > Şəhidlər > Təki Vətən sağ olsun!
Təki Vətən sağ olsun!17-04-2021, 13:40 |
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz gizir İsmayılov Tahir Niyazi oğlu haqqında yazılmış "Təki Vətən sağ olsun!” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... Təki Vətən sağ olsun!
Xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Vətən müharibəsində igid Vətən oğulları ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid oldular. "Təki Vətən sağ olsun!", - deyib ölümün gözünün içinə dik baxıb öz mərdlikləri, qorxmazlıqları ilə xalqımızın yenilməzliyini, məğlubedilməzliyini sübut etdilər. 44 gün davam edən Vətən müharibəsində İsmayılov Tahir Niyazi oğlu da mərdlik göstərmişdir. Şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhidlik Vətən sevgisinin təcəssümü, yolunda can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Tahirin qəlbindəki Vətən sevgisi isə lap uşaqlığından, 4 yaşı olandan başlamışdı. Anası Üçgülnaz xanım deyir ki, 1988-ci ilin yanvar ayının 30-da Tahir dünyaya gələn gündən çox keçmədi ki, yaşadığımız Qazax rayonunun Sofulu kəndi erməni quldurları tərəfindən işğal edildi və biz 1992-ci ildən köçkünlük həyatı yaşamağa başladıq. Bu da Tahirin vətənpərvər və qorxmaz bir gənc kimi yetişməsində mühüm rol oynayıb. Ona görə də böyüdükcə gələcək arzularını bu istiqamətə, hərb sahəsinə doğru kökləməyə başlayıb. Tahir İsmayılovun hərb sahəsini seçməyində Qarabağ müharibəsi veteranı olan atası Niyazinin də mühüm rolu olub, atasının yolunu davam etdirərək işğal altındakı torpaqlarımızı azad etmək arzusu ilə yaşayıb Tahir İsmayılov. 1994-cü ildən oxuduğu Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseydə illər çox sürətlə ötüb keçdi. Tahir İsmayılov 2003-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirəndən sonra Qazax Dövlət Sosial-İqtisadi Kollecində təhsilini davam etdirdi. 2006-cı il aprelin 13-də kolleci qurtarandan 1 həftə keçmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrıldı. 2007-ci ildə həqiqi hərbi xidməti başa vurub evlərinə qayıtdıqdan sonra hərbçi olmaq istəyi onu bir an belə sakit buraxmır, bu səbəbdən də əli heç bir işə yatmırdı. Odur ki, Tahir İsmayılov 31 yanvar 2009-cu ildən 11 aprel 2009-cu il tarixinə qədər Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) hərbi kursantlıq kursunda oxuyub, həmin il aprelin 16-dan 2012-ci il avqust ayının sonlarına kimi "N" saylı hərbi hissədə gizir olaraq xidmət etmişdir. Tahir İsmayılov düz 2 il sonra yenidən hərbi sahəyə qayıdaraq xidmətini davam etdirməyə başlamışdır. O, 2018-ci ilin 7 mart -10 may tarixində "Motoatıcı tağım komandirinin müavini" kursunu bitirmişdir. Xidməti dövrü öz nizam-intizamı, verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi ilə fərqlənmiş, bir sıra medallarla təltif edilmişdir. Tahir İsmayılovun sinəsini 2018-ci ildə təltif olunduğu "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları bəzəyirdi. Vətən müharibəsi başlayanda Tahir İsmayılovun illərdən bəri qəlbini didib-parçalayan intiqam hissləri daha da alovlanmışdı. Ona görə də mərdliklə döyüşür, düşmənə aman vermirdi. Döyüş yoldaşları danışır ki, "N" saylı hərbi hissənin 1-ci motoatıcı bölüyün 2-ci tağım komandirinin müavini gizir Tahir İsmayılov döyüşlərdə 2 dəfə yaralanıb. Birinci dəfə yaralananda səngəri tərk etməyib. İkinci dəfə isə başından kontuzya alıb. Onu hospitala gətirsələr də dayanmayıb, döyüş meydanına qayıdaraq sona qədər vuruşub. Tahir İsmayılov 25 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd-Hadrut rayonları istiqamətində gedən qanlı vuruşmalarda iştirak etmişdir. Qubadlının azad olunması uğrunda gedən döyüşdə isə şəhid olmuşdur. Tahir İsmayılov Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Qardaşı Bahad Tahirdən yadigar qalmış əşyaların içərisindən cib telefonunu götürüb, minamyot mərmisinin qəlpəsinin telefonu deşdiyi yeri göstərərək "Yaralanan zaman telefon qardaşımın üstündə olub, qəlpənin biri telefona dəyib, o birisi Tahiri ağır yaralayıb", - deyir. Tahir İsmayılov aldığı həmin yaradan dünyasını dəyişib. Ailəli idi. Niyazi və Uğur adlı 2 azyaşlı oğlan övladı yadigar qalıb. Tahir İsmayılovun igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ Geri qayıt |