Ləqəbi "Qara qartal" idi
Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının
qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından
keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və
döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir.
Kitabda şəhidimiz kiçik gizir Mədətov Röyal
Şahin oğlu haqqında yazılmış "Ləqəbi "Qara
qartal" idi" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik... Ləqəbi "Qara qartal" idi
Dünyaya
hərbçi olmaq üçün gəlmişdi elə bil. 14 may 1992-ci ildə Röyal əyninə hərbi
formanı geyinib Vətənə xidmət etmək üçün doğulmuşdu sanki. Uca boyu, enli kürəyi,
iti baxışları ilə elə ilk görünüşdən diqqəti cəlb edirdi. Qazax rayonunun
Hüseynbəyli kəndində bir gənc böyüyürdü - gələcəkdə qəhrəman olub adı dillərə
düşəcək bir gənc. Mədətov Röyal Şahin oğlununsabahına böyük ümid bəslənilirdi. 1998-ci
ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin birinci
sinfinə gedəndə qoçaqlığı, güclü hafizəsi və dürüstlüyü ilə müəllimlərin diqqətini
özünə cəlb eləmişdi, yoldaşları arasında sayılıb-seçilirdi. 2009-cu ildə orta məktəbi
bitirəndən sonra müstəqil həyata qədəm qoydu. Həyatda irəliləmək, ömrün
dolanbac yollarını keçib getmək üçün özünə hər hansı bir peşəni, sənəti seçməli
idi. Röyal Qazax rayon Əlahiddə Müdafiə Taborunun tərkibində könüllü olaraq
gizir hərbi rütbəsində xidmət etmiş atası Şahini uşaqlıqdan hərbi formada
görmüş, bu səbəbdən də hərb sahəsinə marağı artmışdı. Şahin kişi danışır: -
Röyalla ata-bala yox, yaxın dost olmuşuq. Hərdən ermənilərə qarşı döyüşməyimizdən
söz açanda "Böyüyəndə mən də erməni öldürəcəm, sizin qisasınızı
alacağam" deyirdi. Qardaşı
Taleh söyləyir ki, Röyal idmanın sərbəst güləş növü ilə ciddi məşğul
olurdu. Rayonda, eləcə də respublika yarışlarında iştirak etmiş, yüksək yerlər
də tutmuşdu. Röyal
Mədətov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə
çağrılıb qulluq edəndə fikrini birdəfəlik qətiləşdirdi. Ona görə də 2012-ci ildə
həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra, həmin ildə könüllü olaraq Azərbaycan
Ordusu sıralarına qayıtdı. 2013-2018-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin
"N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başladı. Xidməti müddətində özünü
bacarıqlı, səriştəli, döyüş texnikasının sirlərinə yiyələnmiş bir hərbçi kimi
göstərərək fərqləndi. Röyal
Mədətov daim təhsilini artırmaq qayğısına qalır, öz üzərində çalışırdı. O, xidmət
edən müddətdə kurslara qatılaraq yüksək nəticələr göstərmişdi. Sınaqlardan 116
nəfərdən cəmi 6 nəfər keçmiş və Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilmişdi.
Onlardan biri də Röyal Mədətov idi. Üstəlik, Röyal normativləri yüksək nəticə
ilə yerinə yetirdiyi üçün ona kiçik gizir rütbəsi də vermişdilər. Xüsusi
Təyinatlı Qüvvələrə qəbul ediləndə elə bil Röyala dünyanı bəxş eləmişdilər.
Zarafat deyil, ürəyində kök atmış arzularının ikisinə bir gündə çatmışdı. Röyal
Mədətov nümunəvi xidmətinə görə Müdafiə Nazirliyi tərəfindən medallarla təltif
olunmasına baxmayaraq, onları sinəsinə taxmağı sevməzdi, "Vətən hələ
dardadır" deyərdi. 2016-cı
ilin Aprel döyüşləri onun ömür dastanında yeni bir səhifə açdı. İştirakçısı
olduğu vuruşmaların birində yaralandı. Müalicə aldıqdan sonra təkrar olaraq
ordu sıralarına qayıdıb kiçik gizir kimi hərbi xidmətini davam etdirməyə
başladı. Vətən
müharibəsinin ilk günündə Röyalın komandiri olduğu manqa Murov dağındakı yüksəkliyin
alınması uğrunda gedən döyüşdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib,
hərbi texnikasını sıradan çıxarıb. Döyüş yoldaşları danışır ki,
vuruşmalarda Röyal sanki od parçasına dönürdü. Uşaqlar deyirmiş ki, Mədətovun
yenə tərs damarı tutub. Sonra Qubadlıda ermənilərə qan udduraraq Cəbrayıl
istiqamətində döyüşlərə qatılıblar. Röyal Mədətov burada yaralanıb. Müalicə olunduqdan sonra
Füzulidə döyüşə girib, Şuşa istiqamətində döyüşərək yüksəkliyi ələ keçiriblər. "N"
saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrdə xüsusi təyinatlı manqa
komandiri olan kiçik gizir Röyal Mədətov Vətən müharibəsində əsl igidlik və qəhrəmanlıq
göstərib. Gözündə qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara
qartal" ləqəbi vermişdilər. Röyal Mədətov öz qorxmazlığı, mətinliyi
ilə həmişə nümunə göstərirdi. Qırmızı
bazar (Şuşa istiqamətində) kəndi uğrunda gedən vuruşmada 22 oktyabr 2020-ci il
tarixində snayperin atdığı güllə ilə düz ürəyindən vurulub və döyüş meydanında
şəhid olub. Ailəli idi. Övladı yoxdur. Kiçik
gizir Röyal Mədətovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.
O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Vətən uğrunda" və 29 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə təltif
olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş