"Yaralandığımı anama bildirməyin"
Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının
qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından
keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və
döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir.
Kitabda şəhidimiz gizir Şükürov İlkin Aslan oğlu haqqında yazılmış "Yaralandığımı anama bildirməyin" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik... "Yaralandığımı anama bildirməyin"
Şükürov İlkin Aslan oğlu özünü həmişə məğrur aparırdı, şəstlə
yeridiyi üçün vüqarlı görünürdü. Sözündən dönməz, heç vaxt əyilməz, verdiyi vədə
əməl edər, böyüyə-kiçiyə hörmətlə yanaşardı. Bu yüksək insani keyfiyyətlərə,
camaatla doğma münasibətlərinə görə kənddə böyük hörmət qazanmış, insanların
sevimlisinə çevrilmişdi. ...1995-ci
ilin 27 avqustunda Qazax rayonunun Ürkməzli kəndində Şükürovlar ailəsində
toy-bayram idi. Aslanın 2 qızdan sonra oğlu anadan olmuşdu. Qohum-qonşu, dost-tanış,
əqraba onlara gözaydınlığı verir, ən gözəl arzularını bildirirdilər. Atasının
sevinci isə yerə-göyə sığmırdı. Bacıları Nigarla Gülnar uşaq olsalar da,
sevinir, fərəhlənirdilər. Firuzə
xanım sonsuz qayğı, tükənməz sevgi ilə böyüdürdü oğlunu. Övladı boy atıb
böyüdükcə fərəhlənir, hər kəlməbaşı "Anan sənə qurban olsun", -
deyirdi. 2001-ci
ilin sentyabrında İlkin Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin
birinci sinfinə gedəndə ailə bir daha sevinmiş, Allaha şükür eləmişdi. İlkin
Şükürov 2010-cu ildə həmin məktəbin doqquzuncu sinfini bitirəndən sonra oxumağı
dayandırsa da, sonradan eksternant qaydada imtahan verərək həmin məktəbin onbirinci
sinfini bitirdi. Həmyaşıdları təki sağlam, boy-buxunlu bir gənc kimi böyüyürdü
İlkin. Qarşıda onu saysız-hesabsız arzular, işıqlı bir ömür yolu gözləyirdi. Gələcəkdə
hansı peşəni seçmək, hansı sənətin dalınca getmək barədə götür-qoy eləmək vaxtı
gəlib çatmışdı. 2013-cü
ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə
çağrılıb. 2015-ci ilin aprel ayında əsgəri xidmətini başa vurandan sonra hərbi
sahənin onu özünə cəlb elədiyini anladı. Ona görə də hərbçi olub Vətənə xidmət
etməyi qarşısına məqsəd qoydu. Elə bu arzu, bu istəklə də 2017-ci ilin aprel
ayında gizirlik kursunda oxuyaraq gizir rütbəsi aldı. 23 aprel 2020-ci ildə
nişanlaşmışdı. Noyabr ayında olacaq toy gününü gözləyirdi. Amma... İlkin
Şükürov Beyləqanda "N" saylı hərbi hissədə xidmət edirdi. Sentyabrın
26-da atasının ona hədiyyə aldığı avtomaşını evlərinə gətirib qoyub və elə həmin
gün də hərbi hissəyə qayıdıb. Ertəsi günü gizir İlkin Şükürov Füzulidə düşmənə
qarşı döyüşməyə başlayıb. Bir dəfə yaxınlığına düşən mərminin zərbəsindən
dalğaya düşüb. Bunu görən komandir təcili hospitala aparılıb müalicə olunması
barədə tapşırıq versə də, İlkin razılaşmayıb, yenidən döyüşə girib. Yoldaşları danışır ki, oktyabrın 9-da döyüşən zaman yaxınlığına düşən minamyot mərmisinin
qəlpələrindən İlkin Şükürov ağır yaralanıb. Ona kömək göstərib döyüş
meydanından çıxaran əsgərlərə - Malik Əsgərov və Çingiz Nəsibova deyib ki,
yaralandığımı anama bildirməyin. Bu, İlkinin son xahişi olub. Bu, onun anasına
olan böyük sevgisindən irəli gəlirdi. Döyüş zamanı şəhid olan yoldaşları haqqında
deyirmiş ki, görəsən, şəhidlik mənə də qismət olacaqmı? Sözündən göründüyü
kimi, İlkin hələ sağ ikən bu yüksək zirvəyə qalxmağa mənən hazır imiş və bu ali
zirvəyə yüksəlib də. 11
oktyabrda döyüş zamanı başından ağır yaralanıb. Helikopterlə təcili olaraq
Bakıya, hərbi hospitala aparıblar. Lakin cərrahiyyə əməliyyatı olunsa da, həyatını
xilas etmək mümkün olmayıb. Gənc ömrünü canı qədər sevdiyi Vətənə bağışlayıb, şəhidlik
zirvəsinə yüksələrək əbədiyyətə qovuşub. İlkin Şükürovun qəhrəmanlıqla dolu
döyüş yolu Füzulidə başa çatıb. Azərbaycan
xalqını 30 ildən sonra həsrətində olduğu torpaqlara qovuşduran, işğaldan azad
edilən şəhərlərə, qəsəbələrə, kəndlərə üçrəngli bayrağımızı sancan igid Vətən
oğullarının döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar Müzəffər Ali Baş Komandan
İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Gizir Şükürov İlkin Aslan
oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin
azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. İlkin
Şükürov kimi igid Vətən oğulları hər birimiz üçün örnəkdir. Azərbaycan xalqının
milli azadlığını, torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmək üçün qəhrəmanlıq
nümunəsi göstərən şəhidlərimizlə fəxr edirik. Ruhun şad, məkanın cənnət olsun,
şəhidim. Əziz xatirəni ehtiramla yad edir, qarşında baş əyirik.
GOYEZEN.AZ
Facebook-da paylaş