Əsas Səhifə > Şəhidlər > "Yaralandığımı anama bildirməyin"
"Yaralandığımı anama bildirməyin"23-04-2021, 11:23 |
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz gizir Şükürov İlkin Aslan oğlu haqqında yazılmış "Yaralandığımı anama bildirməyin" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik... "Yaralandığımı anama bildirməyin"
Şükürov İlkin Aslan oğlu özünü həmişə məğrur aparırdı, şəstlə yeridiyi üçün vüqarlı görünürdü. Sözündən dönməz, heç vaxt əyilməz, verdiyi vədə əməl edər, böyüyə-kiçiyə hörmətlə yanaşardı. Bu yüksək insani keyfiyyətlərə, camaatla doğma münasibətlərinə görə kənddə böyük hörmət qazanmış, insanların sevimlisinə çevrilmişdi. ...1995-ci ilin 27 avqustunda Qazax rayonunun Ürkməzli kəndində Şükürovlar ailəsində toy-bayram idi. Aslanın 2 qızdan sonra oğlu anadan olmuşdu. Qohum-qonşu, dost-tanış, əqraba onlara gözaydınlığı verir, ən gözəl arzularını bildirirdilər. Atasının sevinci isə yerə-göyə sığmırdı. Bacıları Nigarla Gülnar uşaq olsalar da, sevinir, fərəhlənirdilər. Firuzə xanım sonsuz qayğı, tükənməz sevgi ilə böyüdürdü oğlunu. Övladı boy atıb böyüdükcə fərəhlənir, hər kəlməbaşı "Anan sənə qurban olsun", - deyirdi. 2001-ci ilin sentyabrında İlkin Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin birinci sinfinə gedəndə ailə bir daha sevinmiş, Allaha şükür eləmişdi. İlkin Şükürov 2010-cu ildə həmin məktəbin doqquzuncu sinfini bitirəndən sonra oxumağı dayandırsa da, sonradan eksternant qaydada imtahan verərək həmin məktəbin onbirinci sinfini bitirdi. Həmyaşıdları təki sağlam, boy-buxunlu bir gənc kimi böyüyürdü İlkin. Qarşıda onu saysız-hesabsız arzular, işıqlı bir ömür yolu gözləyirdi. Gələcəkdə hansı peşəni seçmək, hansı sənətin dalınca getmək barədə götür-qoy eləmək vaxtı gəlib çatmışdı. 2013-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 2015-ci ilin aprel ayında əsgəri xidmətini başa vurandan sonra hərbi sahənin onu özünə cəlb elədiyini anladı. Ona görə də hərbçi olub Vətənə xidmət etməyi qarşısına məqsəd qoydu. Elə bu arzu, bu istəklə də 2017-ci ilin aprel ayında gizirlik kursunda oxuyaraq gizir rütbəsi aldı. 23 aprel 2020-ci ildə nişanlaşmışdı. Noyabr ayında olacaq toy gününü gözləyirdi. Amma... İlkin Şükürov Beyləqanda "N" saylı hərbi hissədə xidmət edirdi. Sentyabrın 26-da atasının ona hədiyyə aldığı avtomaşını evlərinə gətirib qoyub və elə həmin gün də hərbi hissəyə qayıdıb. Ertəsi günü gizir İlkin Şükürov Füzulidə düşmənə qarşı döyüşməyə başlayıb. Bir dəfə yaxınlığına düşən mərminin zərbəsindən dalğaya düşüb. Bunu görən komandir təcili hospitala aparılıb müalicə olunması barədə tapşırıq versə də, İlkin razılaşmayıb, yenidən döyüşə girib. Yoldaşları danışır ki, oktyabrın 9-da döyüşən zaman yaxınlığına düşən minamyot mərmisinin qəlpələrindən İlkin Şükürov ağır yaralanıb. Ona kömək göstərib döyüş meydanından çıxaran əsgərlərə - Malik Əsgərov və Çingiz Nəsibova deyib ki, yaralandığımı anama bildirməyin. Bu, İlkinin son xahişi olub. Bu, onun anasına olan böyük sevgisindən irəli gəlirdi. Döyüş zamanı şəhid olan yoldaşları haqqında deyirmiş ki, görəsən, şəhidlik mənə də qismət olacaqmı? Sözündən göründüyü kimi, İlkin hələ sağ ikən bu yüksək zirvəyə qalxmağa mənən hazır imiş və bu ali zirvəyə yüksəlib də. 11 oktyabrda döyüş zamanı başından ağır yaralanıb. Helikopterlə təcili olaraq Bakıya, hərbi hospitala aparıblar. Lakin cərrahiyyə əməliyyatı olunsa da, həyatını xilas etmək mümkün olmayıb. Gənc ömrünü canı qədər sevdiyi Vətənə bağışlayıb, şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşub. İlkin Şükürovun qəhrəmanlıqla dolu döyüş yolu Füzulidə başa çatıb. Azərbaycan xalqını 30 ildən sonra həsrətində olduğu torpaqlara qovuşduran, işğaldan azad edilən şəhərlərə, qəsəbələrə, kəndlərə üçrəngli bayrağımızı sancan igid Vətən oğullarının döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Gizir Şükürov İlkin Aslan oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. İlkin Şükürov kimi igid Vətən oğulları hər birimiz üçün örnəkdir. Azərbaycan xalqının milli azadlığını, torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmək üçün qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizlə fəxr edirik. Ruhun şad, məkanın cənnət olsun, şəhidim. Əziz xatirəni ehtiramla yad edir, qarşında baş əyirik.
GOYEZEN.AZ Geri qayıt |