• Təqvim

  • Maraq



Qazaxda “Əziz Laçın! Sən azadsan!” başlıqlı tədbir keçirilib


Dekabrın 1-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Əziz Laçın! Sən azadsan!” başlıqlı tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və əməkdaşları,  rayonun təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər. 

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Laçın rayonunun tarixinə, işğaldan azad edildikdən sonra Laçında aparılan quruculuq işlərinə, ilkin mərhələdə öz doğma yurdlarına qayıdan laçınlıların sevincinə həsr olunmuş videoçarx nümayiş etdirilib. 



Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. G.Həsənova bildirib ki, bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 3 il ötür. 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı törədilən növbəti təxribata qarşı əks hücumla başlanan Vətən müharibəsi Ermənistanın işğalçılıq siyasətinə böyük zərbə vurdu. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti, ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində 44 günlük Vətən müharibəsində hər gün yeni uğurlar əldə edilirdi. Müzəffər Ordumuzun qarşısında tab gətirə bilməyəcəyini anlayan Ermənistan dövləti noyabr ayının 10-da üçtərəfli Bəyanata imza atmaqla təslim oldu. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Artıq regionda  yeni reallıq yaranıb. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirildi. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib. Tarixi ədalətin təntənəsi olan Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust “Laçın Şəhəri Günü” kimi müəyyən olunub. G.Həsənova bu il laçınlıların ilk dəfə Laçın Şəhəri Gününü gündən-günə abadlaşan Laçında böyük sevinc hissi ilə qeyd etdiklərini dilə gətirib. Müavin bu gün bizim qürur yerimiz olan şəhidlərimizlə hər birimizin fəxr etdiyini bildirib. Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolunu gələcək nəsillərə, gənclərə tanıtmağın, xatirələrini əbədi tutmağın hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu söyləyib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib. 


Tədbirin aparıcısı, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, “AXC-Müsavat” cütlüyünün hakimiyyət uğrunda mübarizəsinin qurbanı olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edilib. Həmin dövrdə respublikamızın daxilində ictimai-siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyən qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdı və bu prosesdə Azərbaycan Xalq Cəbhəsi əsas rol oynayırdı. Belə bir şəraitdə torpaqlarımızın düşməndən qorunması həmin qüvvələri düşündürmürdü. Onlar üçün əsas məqsəd hakimiyyətə gəlmək idi. Beləliklə, 1992-ci il mayın 15-də “AXC-Müsavat” cütlüyü qanunsuz hakimiyyətə gəldikdən cəmi 3 gün sonra - mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. Bir sözlə, Laçın “AXC-Müsavat” cütlüyünün hakimiyyətə gəlmək üçün apardığı mübarizənin qurbanı oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, inkişaf yoluna qədəm qoydu, vətəndaş müharibəsinə son qoyuldu. Bu gün Ulu Öndər siyasətinin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyası sayəsində Laçın rayonu Ağdam və Kəlbəcər kimi qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. 


Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbəmizə imza atan gənclərimizin qələbədə böyük zəhməti və payı var. Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi-siyasi cəhətdən tam müstəqilik, siyasi gücümüzə bütün dünya bələddir. Dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqedir və bizimlə hesablaşırlar. Gözəl, vətənpərvər gənc nəsil bütün bunları layiqincə qiymətləndirir və öz liderləri ətrafında sıx birləşərək onun siyasətini dəstəkləyir. 


Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova  İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbəmizin 30 illik Vətən həsrətinə son qoymasından danışıb. Ü.Bayramova qeyd edib ki, sərhədlərimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyimizin pozulmasına qarşı istənilən təhdidin qarşısının alınması üçün lazımi gücümüz, qüdrətimiz var. Biz buna beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz siyasi, iqtisadi və hərbi gücümüz eyni zamanda, xalq və iqtidar birliyimiz sayəsində nail oluruq.


Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir. Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan ilə həmsərhəddir. Burada dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır. Demək olar ki, ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Laçın bizim üçün sadəcə torpaq parçası deyil, Laçın həm siyasi, həm də psixoloji olaraq çox mühüm məkandır. Laçın dəhlizi və dəhliz ətrafı yüksəkliklər Azərbaycan üçün hərbi, siyasi, strateji cəhətdən çox mühüm, həm də Qarabağa açılan qapı, ümumiyyətlə bütün proseslərdə çox böyük əhəmiyyətə malikdir.

Tədbir Qazax şəhər 2 nömrəli Musiqi Məktəbinin kamança müəllimi İradə Allahverdiyeva, tar müəllimi Pərvin Hüseynov, nağara müəllimi Cəfər Qurbanov və məktəbin şagirdi, uşaq xanəndə Samir Mehdizadənin ifasında “Ay Laçın, can Laçın” muğamının səsləndirilməsi ilə başa çatdırılıb.



Facebook-da paylaş