Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi qaydaları
Kənd
təsərrüfatında məsul bir dövrün - dənli və texniki bitkilərinyığımı
mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara
üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında
önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının
inkişafı istiqaməti daim diqqət mərkəzindədir. Əlbəttə,
bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir. Ona
görə də, dənli və texniki bitkilərin tədarükü
ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu əhəmiyyətli məhsulun, xüsusən
strateji əhəmiyyətli taxılın yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində
olmalı, bütün zəruri tədbirlər həyata keçirilməlidir. Birinci növbədə qeyd edilməlidir ki, dənli və
texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək
yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar
sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün şəxslərin ümdə
vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur. Qeyd edək ki, hər il ot və taxıl yığımı mövsümünə
hazırlıq dövründə Dövlət Yanğın Nəzarəti Xidməti bütün regionlarda yerli icra hakimiyyətlərinin,
bələdiyyə sədrlərinin, fermerlərin, aqroservis rəhbərlərinin, meşə mühafizəsi
və bərpası idarələri işçilərinin iştirakı ilə seminarlar, yanğına qarşı təbliğat
xarakterli tədbirlər həyata keçirir. Amma hər il bu tədbirlərin keçirilməsinə
baxmayaraq, təəssüf ki, taxıl sahələrində, meşələrdə yanğın hadisələri baş
verməkdədir. Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən,
siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin,
mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik
xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər
texikaların atqı borularında qığılcımsöndürənin olmamasından, biçilmiş
sahələrin yandırılması səbəbləri ilə baş verdiyi məlum olmuşdur. Biçilmiş taxıl sahələrinin yandırılması qadağandır
və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır. Qeyd edildiyi
kimi, ot və taxıl yığımı mövsümünün başlanmasına az qalır. Kombaynların
sahələrə çıxdığı, yəni taxıl yığımı, mal-qara üçün silos, senaj, quru ot
tədarükü görüldüyü bir vaxtda dənli və texniki bitkilərin yanğından
qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. İlk
növbədə xüsusi olaraq qeyd edək ki, müvafiq qanunvericilikdə mülkiyyət
formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbərinin tabeliyində olan
obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıması
təsbit olunmuşdur. Odur ki, ot biçini və taxıl yığımı başlayan vaxtdan
qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl
olunmasını təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında
müvafiq maarifləndirmə işləri aparmalıdırlar. Taxıl və ot, küləş yığımına
başlamazdan qabaq bütün təsərrüfat rəhbərləri kənd təsərrüfatı texnikasını
ilkin yanğınsöndürmə vasitələri ilə təmin etməli, dənli və texniki bitkilərin
yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə
nəzarət etmək üçün müvafiq əmrlə cavabdeh şəxslər təyin etməlidirlər. Məhsul
yığımında iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri,
digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs müvafiq
qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimatlandırılmalıdırlar. Yanğın
təhlükəsizliyi üzrə təlimatlandırılmayan şəxslərin məhsul yığımında iştirakına
yol verilməməlidir. Taxıl yığımında iştirak edən texnika yığıma
başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməli, onların yanğın
təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra
sahəyə buraxılmalıdırlar. Məhsul yığımında iştirak edən bütün texnikaların
mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməli, kollektorların
birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr
olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin
yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şum traktorları da qığılcımsöndürənlərlə təmin edilməlidir. Mühərrikin
çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədilə
kapotsuz və ya kapotu açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir. Yığımda iştirak edən texnikaların yanğın
təhlükəsizliyi tələblərinə uyğun olması hər bir müəssisədə təşkil olunmuş
xüsusi komissiya tərəfindən yerli Dövlət Yanğın Nəzarəti orqanının əməkdaşı ilə
birgə yoxlanılmalıdır. Dənli və texniki bitkilərin yetişdiyi dövrdə
yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra digər zəruri
tədbirlər təxirə salınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları,
avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası
biçilməli və eni 4 metrdən az olmamaqla şumlanmalıdır. Biçilmiş ot, taxıl
zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən
zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədilə
keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara
daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri
taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100
metr kənarda yerləşdirilməlidir. Məhsul yığımı dövründə bir sıra zəruri yanğın
təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Biçin işi aparılan taxıl
zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə
kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş
yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində
traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların
mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdolduran maşınlarla həyata
keçirilməlidir. Gecə vaxtı texnikaların yanacaqla doldurulması yol verilməzdir. Bir daha xatırladırıq ki, kənd təsərrüfatı
məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır!
Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir və böyük zəhmət hesabına
yetişdirilir. Meşələrin yanğın təhlükəsizliyi də daim diqqət
mərkəzində saxlanılmalıdır. Belə hadisələrin qarşısının alınmasında aidiyyəti
dövlət orqanları ilə yanaşı, vətəndaşların da üzərilərinə çox mühüm vəzifələr
düşür. Qeyd edək ki, külli miqdarda ziyanla nəticələnən yanğın hadisələrinin
baş verməməsi üçün yay mövsümündə qabaqlayıcı tədbirlərin görülməsinə
daha çox diqqət yetirilməlidir. Təbiətə xüsusi gözəllik bəxş edən meşələrin yanğından
qorunması, ən qiymətli sərvətlərimizdən birinin qorunması deməkdir. Çünki
insanların həyat fəaliyyətində, onların sağlamlığında mühüm rol oynayan
meşələrin də daim qayğıya ehtiyacı vardır. Meşələrdən bəhrələnməklə, onun
nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu əvəzsiz nemətini qorumaq,
onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın mənəvi borcudur. Meşələrin məhv olmasının əsas səbəblərindən biri də
yanğınlara məruz qalmasıdır. Məhz buna görə insanların həyat fəaliyyətində
mühüm rol oynayan meşələri yanğından qorumaq üçün Fövqəladə Hallar Nazirliyinin
Dövlət Yanğın Nəzarəti Xidməti isti yay günlərində vətəndaşlara yanğın
təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir. Meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan
şəxslər, o cümlədən meşə-mühafizəsi mühəndisləri meşələrin yanğın
təhlükəsizliyi qaydalarını bilməklə, meşə sahələrində və zolaqlarında yanğına
qarşı rejim təyin etməli və ona ciddi riayət olunmasını daim nəzarətdə
saxlamalıdırlar. Meşə təsərrüfatının rəhbər işçiləri yanğınsöndürmə
texnikalarını və vasitələrini, təbii və süni su mənbələrinin, keçidlərin,
yolların vəziyyətini daim yoxlamalı, mütəmadi olaraq işçilərlə yanğından
mühafizə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün
istifadə edilməsi ilə əlaqədar məşqlər keçirməlidirlər. Meşə və meşə
zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən amillərin aradan
qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin
yanğınsöndürmə vasitələrinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi də
zəruridir. Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul
olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət
məqsədilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş
verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər
görməli, yanğının söndürülməsi üçün mövcud vasitələri təşkil etməlidirlər. Meşə sahələrində baş verən 10 yanğından 9-u odla
ehtiyatsızlıqdan, meşədə iş və ya istirahət zamanı insanların yanğın
təhlükəsizliyi qaydalarını pozmaları səbəbindən baş verir. Xüsusi olaraq qeyd
etmək lazımdır ki, meşədə və ya meşəətrafı sahələrdə yandırılmış tonqallar və
bu tonqalların tam söndürülmədən nəzarətsiz qalması meşə yanğınlarına səbəb ola
bilər. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların
mühərrikindən qopan qığılcımlar da yanğının törənməsinə səbəb ola bilər. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları
və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində
şumlanmalı, meşənin quru ot və odun qalıqlarından təmizlənməsi və meşə
ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafının 15 metr radiusda
şumlanması təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil və
dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə yanar materiallardan
təmizlənməli, meşələr yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin
edilməlidir. Ot-taxıl biçini mövsümündə tarlalarda və meşə
massivlərində yuxarıda qeyd edilən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl
edilməsi üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməklə,
sağlamlığımızın mənbəyi olan meşələrimizin yanğından qorunmasını təmin edək! Fövqəladə Hallar Nazirliyi Dövlət
Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat
şöbəsi
Facebook-da paylaş