• Təqvim

  • Unutma

  • Maraq



"Qarabağ" ordenli qəhrəman


Doğrudan da, başdaşına yazılan rəqəmlər insanın ən qısa tərcümeyi-halıdır. Kəşfiyyatçı Anar Nağıyevin şəhidlik məqamına yüksəldiyi yer və tarix isə onun ən dolğun tərcümeyi-halını ortaya qoyur...

2020-ci il noyabrın 8-də Şuşada həlak olan Anarın ən böyük arzusu bu şəhəri azad görmək və orada üçrəngli bayrağımızı dalğalandırmaq olub.  Azərbaycan Silahlı Qüvvələrinin giziri Vətən müharibəsində Şuşa dağlarında ən böyük arzusuna çatıb...

Vətən oğlu

Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncədə anadan olub. İbtidai təhsilini Samuxun Alıuşağı kənd məktəbində alan Anar 2000-2007-ci illərdə Qazaxın Ürkməzli kənd məktəbində oxuyub. 2008-ci ildə həqiqi hərbi xidmətə yollanıb, daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi orduda fəaliyyətini davam etdirib. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinə Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi qatılıb. Qələbənin qazanılmasında müstəsna xidmətləri olub, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı olaraq verilən mühüm döyüş tapşırıqlarını peşəkarcasına yerinə yetirib. 

İkinci Qarabağ savaşının başlandığı ilk gündən ölümün gözünə dik baxan Anar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə verilən tapşırıqları yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.

Qisasını alan şəhid

Hərbçi taleyi yaşamaq Anarın öz seçimi idi. İşğal altında qalmış doğma torpaqlarımızın dərdi, ermənilərin qurbanına çevrilmiş günahsız körpələrin, şəhid bacı-qardaşların acı taleyi illər uzunu onun fikrində qövr edirdi... 

Şəhidin həyat yoldaşı Gülnar Nağıyeva bildirir ki, Anar qəhrəman döyüşçü idi, Vətən sədasını eşidən kimi yumruqlarını düyünləyir, böyüdükcə böyüyən qisas hissini boğa bilmirdi.
 "O, həmişə Şuşanın, Cıdır düzünün həsrətində olub. Elə həvəslə danışırdı ki, Qarabağın gözəlliyindən... Deyirdi, bizim cənnətməkan ərazilərimiz düşmən işğalı altında qalmamalıdır. Anar düşmənə qarşı elə qəzəbli idi ki, şəhidlərimizin qisasını almaq üçün əlindən gələni əsirgəməyəcəyinə söz vermişdi", - deyir şəhid xanımı...
 Anar Gülnarla sonuncu dəfə oktyabrın 31-də əlaqə saxlayıb. Həyat yoldaşına "Şuşa fatehinin xanımı" ləqəbini verib  və ona başını hər zaman dik tutmağı tapşırıb.
 Gülnar xanım Anardan gələn son zəngini belə xatırlayır: "Hər şey Vətənimə, torpağıma qurban olsun. Qızımıza "Anara" adını verirəm, qoy atasının adını daşısın. Haqqını halal et, Gülnar. Biz son damla qanımız axanadək döyüşüb torpaqlarımızı işğaldan azad edəcəyik". O, bunu deyib bizi Allaha əmanət etdi..."

Təkbaşına 8 erməni hərbçisini məhv edir


Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra orada olan erməni əsgərlərindən biri "Sputnik Armeniya" kanalına müsahibəsində deyib: "Azərbaycan əsgəri Şuşanın ətrafındakı qayalara dırmaşır. Dəhşətdir, güllə dəyir yıxılırlar, yenidən qalxıb qanları axa-axa üstümüzə gəlirlər". Mediada yayılmış onlarca belə açıqlama Şuşanın azad edilməsi üçün məhz əlbəyaxa döyüş taktikasının seçilməsini təsdiqləyir. Bir daha sübut olunur ki, Azərbaycan Ordusu əsgər və zabitlərinin şücaətinə, düşməni üzbəüz döyüşlərdə məhvetmə gücünə hər zaman inanıb və inanır. 

Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə dünyanı heyrətə gətirən Azərbaycanın həmin igid oğullarından biri də Anar Nağıyev olub. Gülnar xanım deyir ki, Anar hələ oktyabrın 16-da Xocavənddə snayper yarası aldığına görə hospitala yerləşdirilib. Həkimlər döyüşlərə qatılmamaqda təkid etsələr də, razı olmayıb. "Orda mənim qardaşlarım vuruşur, mən burda necə yata bilərəm?! Çətini çəkməni ayağıma geyinənə qədərdir. Hər şey yaxşıdır, döyüşlərə qatılıb mübarizə aparacam" deyib oktyabrın 30-da yenidən cəbhəyə yollanıb.

Noyabrın 6-da dörd qrupdan ibarət 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırım qayalarını dırmaşaraq səhər saatlarında şəhərə daxil olduqdan sonra dərhal döyüşlər başlayır. Anar da Şuşanın sıldırım qayalarında düşmənlə əlbəyaxa savaşa qatılır. Həmin vaxt ağır bıçaq yarası almasına baxmayaraq, döyüşə davam edir. Hərbçi yoldaşlarının sözlərinə görə, bir bıçaqla 8 erməni hərbçisini təkbaşına məhv edir. O, son nəfəsində "Şuşa artıq azaddır" deyərək gözlərini əbədiyyən yumur.
 Noyabrın 8-də Ermənistanın Şuşaya yenidən hücum cəhdləri döyüşün taleyini dəyişə bilmir. Vətən mülkünün qoynunda 28 ildən sonra Azərbaycan bayrağı dalğalanmağa başlayır. Vəfadarlarını görən Şuşanın hər daşından, hər qayasından "Şuşa, sən azadsan. Şuşa, biz səni dirçəldəcəyik!" sədaları eşidilir. Həmin gün Anar 31 illik ömrünü Şuşanın qoynunda Vətənə bağışlayır...

Nəzrin QARDAŞXANOVA,

"Azərbaycan" qəzeti

5 oktyabr 2022-ci il, 7-ci səhifə




Facebook-da paylaş