Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər isə ölmürlər. Aylar, illər, fəsillər keçdikcə onların göstərdikləri rəşadət dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır.
Bəli, azadlığımızı canı ilə qazanıb, qanı ilə yazanları yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 339 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən - əsgər Anar Vəliyevin, Zülfüqar Vəkilovun, Adil Məmmədovun, Saleh Həsənovun, Kamal Kərimovun, MAHHXHQ əsgər Taleh Abdullayevin, çavuş Elməddin Pənahovun, gizir İlkin Şükürovun, çavuş Pərvin İsgəndərovun, baş gizir Teymur Hacıyevin, kiçik gizir Elcan Namazovun, MAHHXHQ əsgər Oruc Qasımovun, Vahid Osmanovun, Fərman Əliyevin, Şəmil Yunisovun, Polad Əhmədovun əziz xatirəsini ehtiramla yad edirik.
Əsgər Vəliyev Anar Həmzə oğlu
Şəhid Anar Vəliyev 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 2008-ci ildə Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır.
Anar Vəliyev Vətən müharibəsində ilk döyüşə Tərtərdən başlamış, Füzulinin, Laçının düşmənlərdən azad edilməsi uğrunda gedən qanlı vuruşmalarda fədakarlıq göstərmişdir. Hərbi əməliyyatlar zamanı yaşına uyğun olmayan mərdliklə döyüşür, düşmənə aman vermirdi. Talış kəndi uğrunda gedən döyüş isə Anarın sonuncu döyüşü olub.
Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin operatoru əsgər Anar Vəliyev 11.10.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən minaatan silahdan atılan atəş nəticəsində başından aldığı ağır qəlpə yarasından qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində iştirak edərək Şəhidlik məqamına ucalan Anar Vəliyev 11.10.2020-ci ildə doğulduğu Orta Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi əsgər Anar Vəliyevin igidliyi də ölümündən sonra ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Anar Vəliyev cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Vəkilov Zülfüqar Tahir oğlu
Vəkilov Zülfüqar Tahir oğlu 11 avqust 1975-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1982-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1992-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ilin oktyabrından Azərbaycan Ordusu sıralarına hərbi xidmətə çağrılmış və müxtəlif döyüşlərdə iştirak etmişdir. 12 oktyabr 1995-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində hərbi əməliyyat zamanı minaya düşərək şəhid olmuşdur.
Məmmədov Adil Əhməd oğlu
Məmmədov Adil Əhməd oğlu 13 oktyabr 1975-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1982-ci ildə (Əli Bayramlı kənd) hazırki Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1992-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağrılmışdır. 9 fevral 1994-cü ildə Füzuli rayonunda döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Həsənov Saleh Hüseyn oğlu
Həsənov Saleh Hüseyn oğlu 14 oktyabr 1957-ci ildə Ermənistan Respublikasının İcevan rayonunun Ağkilsə kəndində anadan olmuşdur. 23 aprel 1992-ci ildə Qazax rayonunun Ağköynək kəndində "Nohur” meşəsi deyilən ərazidə odun qırarkən minaya düşmüşdür. Ailəli idi. 1 övladı var. Mərhum Qarapapaq kənd qəbiristanlığında dəfn edilmişdir.
Kərimov Kamal Əşrəf oğlu
Kərimov Kamal Əşrəf oğlu 22 noyabr 1961-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1969-cu ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir. 14 oktyabr 1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Ailəli idi. İki övladı var.
Əsgər Abdullayev Taleh Temraz oğlu
Şəhid Taleh Abdullayev 8 fevral 1993-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1999-cu ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2012-ci ildə hərbi xidməti başa vurmuşdur. 2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. ”N” saylı hərbi hissənin heyət nəfəri-atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu əsgər Taleh Abdullayev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Vətən uğrunda canından keçən şəhidimiz 15.10.2020-ci il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Vətən naminə canından keçən igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək onlar orden və medallara layiq görüldülər. Bütün şəhidlərimiz kimi Taleh Abdullayev də medal alanlar sırasındadır. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Çavuş Pənahov Elməddin Məqsəd oğlu
Şəhid Elməddin Pənahov 7 sentyabr 1983-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1991-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1999-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 2001-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2003-cü ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ilin mart ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında çavuş rütbəsindəmüddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Nümunəvi xidmətinə görə hərbi hissə rəhbərliyinin diqqətini cəlb etmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuş, fəxri fərmanlar almışdır.
"N” saylı hərbi hissənin tuşlayıcısı MAHHXHQ çavuş Elməddin Pənahov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 15.10.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn olunmuşdur. Ailəliydi. İlkin və Ömər adlı 2 azyaşlı oğul övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Elməddin Pənahovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid çavuş Elməddin Pənahov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Gizir Şükürov İlkin Aslan oğlu
Şəhid İlkin Şükürov 27 avqust 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 2001-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2016-cı ildə eksternant qaydada imtahan verərək həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2015-ci ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ilin aprel ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında gizir rütbəsində xidmət etmişdir. 25 yaşlı gizirimiz 14.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 15.10.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Azərbaycan xalqını 30 ildən sonra həsrətində olduğu torpaqlara qovuşduran, işğaldan azad edilən şəhərə, qəsəbəyə, kəndə üçrəngli bayrağımızı sancan igid Vətən oğullarının döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Ölkə başçısı hər bir əsgər və zabitimizi orden və medallarla təltif etdi. Gizir İlkin Şükürov da təltif olunanlar arasındadır. O, cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Çavuş İsgəndərov Pərvin Pərviz oğlu
Çavuş Pərvin İsgəndərov 25 iyun 1995-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2002-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2015-ci ildə isə tərxis olunmuşdur. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. "N” saylı hərbi hissənin manqa komandiri MAHHXHQ çavuş Pərvin İsgəndərov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Çavuş Pərvin İsgəndərov 15.10.2020-ci ildə Ağstafa rayonunun Qarahəsənli kənd qəbiristanlığında atası şəhid İsgəndərov Pərviz Hacıməmməd oğlunun yanında dəfn edilmişdir. Ailəliydi. Şəhid babası Pərvizin adını daşıyan 1 azyaşlı oğul övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi qəhrəmanlığa görə şəhid Pərvin İsgəndərov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Baş gizir Hacıyev Teymur Zaur oğlu
Şəhid Hacıyev Teymur Zaur oğlu 28 yanvar 1991-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur. Həmin il Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunu keçərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlamışdır. 2018-ci ildə isə baş gizir vəzifəsinə təyin edilmişdir.
Teymur Hacıyev xidməti dövründə həmişə öz nizam-intizamı, verilən tapşırıqlara vaxtlı-vaxtında əməl etməsi ilə fərqlənmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Onun haqqında verilmiş xidməti xasiyyətnamədə oxuyuruq: "Baş gizir Teymur Hacıyev xidmət etdiyi müddət ərzində özünü intizamlı, savadlı, bacarıqlı və işgüzar bir hərbi qulluqçu kimi göstərmişdir. Hərbi qanun və nizamnamələri bilir, xidməti vəzifə borclarına məsuliyyətlə yanaşır".
Bu yüksək dərəcəli xidmətin nəticəsidir ki, Teymur Hacıyev Müdafiə Nazirliyi tərəfindən 23.05.2016-cı ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. Bir il sonra isə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medal almışdır.
"N” saylı hərbi hissənin baş çavuşu baş gizir Teymur Hacıyev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid baş gizir Teymur Hacıyev 16.10.2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Hüseyn və Zaur adlı iki azyaşlı oğul övladı yadigar qalıb.
Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Teymur Hacıyevin də şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Teymur Hacıyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Kiçik gizir Namazov Elcan Hidayət oğlu
Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxumuşdur. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Sonra isə gizir rütbəsini alaraq kəşfiyyat bölüyünün kəşfiyyatçısı oldu. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Şəhidimizin doğulub boya-başa çatdığı Dəmirçilər kəndində adını əbədiləşdirən bulaq inşa edilmişdir.
MAHHXHQ əsgər Qasımov Oruc Afiq oğlu
Şəhid Oruc Qasımov 26 oktyabr 1996-cı ildə Qazax rayonunda anadan olmuşdur. 2003-cü ildə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2014-cü ilin oktyabr ayından 2016-cı ilin aprel ayınadək Cəlilabad rayonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. 2017–ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. "N” saylı hərbi hissənin heyət nəfəri MAHHXHQ əsgər Oruc Qasımov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Oruc Qasımov 16.10.2020-ci il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Oruc Qasımovun da igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Oruc Qasımov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Osmanov Vahid David oğlu
Osmanov Vahid David oğlu 16 oktyabr 1965-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1973-1983-cü illərdə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1983-1984-cü illərdə 156 saylı texniki peşə məktəbində təhsil almışdır. 1995-ci ilin mart ayının 5-də xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Ailəli idi. İki övladı var.
Əliyev Fərman İbrahim oğlu
Əliyev Fərman İbrahim oğlu 16 oktyabr 1969-cu ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə Əli Bayramlı kənd (hazırki Aslanbəyli) kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1986-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağrılmışdır. 19 aprel 1993-cü ildə Vəlixan meşəsində döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Yunisov Şəmil Talıb oğlu
Yunisov Şəmil Talıb oğlu 17 oktyabr 1972-ci ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 9 iyun 1992-ci ildə Cəfərli kəndi ərazisində Qaraçal yüksəkliyində gedən döyüşdə şəhid olmuşdur.
Əhmədov Polad Məmməd oğlu
Əhmədov Polad Məmməd oğlu 10 aprel 1972-ci ildə Quşçu Ayrım kəndində anadan olmuşdur. 1979-cu ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbi bitirmiş və ordu sıralarında xidmət keçmişdir. Əhmədov Polad Məmməd oğlu 17 oktyabr 2004-cü ildə Quşçu Ayrım kəndində odun gətirən zaman erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay idi.
Facebook-da paylaş