Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban verməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlər bizim həm niskilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Vətən, torpaq uğrunda canından keçənlər, özlərini bu yolda fəda edənlər isə ölmürlər. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdikləri rəşadət dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır. Bəli, azadlığımızı canı ilə qazanıb, qanı ilə yazanları yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir.
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün Ermənistanla 168 km sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Emin Qurbanovun, Sərdar İsmayılovun, Azər Hüseynovun, İsrayıl Əfəndiyevin, Niyazi Quliyevin, İlqar Cəfərovun, Əmir Vəliyevin əziz xatirəsini yad edirik.
Qurbanov Emin Murad oğlu
Qurbanov Emin Murad oğlu 23 fevral 1969-cu ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 8 illik təhsilini Dəmirçilər kənd tam orta məktəbində almışdır. Təhsilini 177 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1987-89-cu illərdə keçmiş sovetlər birliyində hərbi xidmət keçmişdir. Hərbidən qayıtdıqdan sonra sovxozda fəhlə işləmişdir. 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Vətənin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 aprel 1993-cü ildə Ağdərənin "Qlobus” yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd tam orta məktəbi şəhid Emin Qurbanovun adını daşıyır.
İsmayılov Sərdar İsgəndər oğlu
İsmayılov Sərdar İsgəndər oğlu 15 mart 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Ç.İldırım adına Politexnik İnstitutuna daxil olmuşdur. 1979-cu ildə həmin institutu bitirərək Kemerovo vilayətinə göndərilmiş, orada zavodlarda müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlayan zaman Sərdar İsmayılov Vətənə dönmüş, torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İsmayılov Sərdar İsgəndər oğlu 23 fevral 1997-ci ildə şəhid olmuşdur. Baş leytenant rütbəsində idi. Subay idi.
Əsgər Nəsibov Asəf Səfəralı oğlu
Şəhid Asəf Nəsibov 25 fevral 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya mühəndisliyi fakültəsinə qəbul olmuş, 2015-ci ildə həmin universiteti bitirmişdir. 25.07.2015-ci ildən 23.07.2016-cı ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 10.09.2016-cı ildən 13.09.2017-ci ilədək Bakı Şəhər Xəzər Firmasında xəritə mühəndisi vəzifəsində işləmişdir. 14.09.2017-ci ildən 01.05.2018-ci ilədək Qazax rayon Yol İstismar İdarəsində kiçik mühəndis olaraq işləmişdir. 01.05.2018-ci ildən 12.11.2018-ci ilədək fərdi əməklə məşğul olmuşdur. 12.11.2018-ci ildən 28.09.2020-ci il tarixədək İqtisadiyyat Nazirliyi tabeliyində "Sumqayıt Kimya Sənaye Parkı” MMC-də baş-mütəxəssis olaraq işləmişdir. Aprel döyüşlərinin iştirakçısı olan Asəf Nəsibov ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 29-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Asəf Nəsibov 31.10.2020–ci ildə doğulub boya-başa çatdığı Qaymaqlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Nişanlı idi. Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Asəf Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.
Hüseynov Azər Qələndər oğlu
Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1981-ci ildə Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. 1988-1990-cı illərdə Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məkəbin 10-cu sinfini bitirmişdir. 1992-96-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət etmişdir. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olmuşdur. Evli idi. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayır.
Əfəndiyev İsrayıl Süleyman oğlu
Əfəndiyev İsrayıl Süleyman oğlu 25 fevral 1964-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1971-ci ildə şəhid Valeh Musayev adına İkinci Şıxlı kənd orta məktəbin 1-ci sinfinə getmiş, 1981-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Həmin ildə Bədən Tərbiyəsi Texnikumuna qəbul olmuş, 1985-ci ildə texnikumu bitirərək hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Valeh Musayev adına tam orta məktəbdə bədən tərbiyəsi müəllimi işləmişdir. Müəllim işlədiyi vaxtda səfərbərlik zamanı Milli Orduya çağırılmışdır. Ordan da Sanqaçalda "sapyor” (minaaxtaran) ixtisası üzrə zabit dərəcəsi almış, 707 saylı hərbi hissəyə göndərilmişdir. İşlədiyi müddətdə 707 saylı hərbi hissədə şəxsi işlər üzrə zabit işləmişdir. 17 dekabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babakər dağı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli idi, 2 övladı var.
Quliyev Niyazi Allahverdi oğlu
Quliyev Niyazi Allahverdi oğlu 26 fevral 1975-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəfərli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1991-сi ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1992-сi il mart ayının 22-də Sofulu kənd əhalisinin ev əşyalarının çıxarılmasına kömək edərkən Cəfərli-Sofulu yolunda "UAZ” markalı avtomobildə ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür.
Cəfərov İlqar Dursun oğlu
Cəfərov İlqar Dursun oğlu 27 fevral 1976-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1983-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1994-cü ildə məktəbi bitirərək Vətənin müdafiəsinə yollanmışdır. Cəfərov İlqar Dursun oğlu 3 sentyabr 1995-ci ildə Ağdam rayonunun Əfətli kəndi ərazisində gedən döyüş zamanı şəhid olmuşdur. Subay idi.
Vəliyev Əmir İsmayıl oğlu
Vəliyev Əmir İsmayıl oğlu 1 yanvar 1972-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşdur. 1979-1983-cü illərdə Abbasbəyli kənd ibtidai məktəbində I-IV siniflərdə təhsil almışdır. 1983-1989-cu illərdə Alpout kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılmışdır. 28 fevral 1994-cü ildə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olmuşdur. Subay idi.
Facebook-da paylaş