Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------
Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər isə ölmürlər. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdikləri rəşadət dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır. Bəli, azadlığımızı canı ilə qazanıb, qanı ilə yazanları yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.
Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Əli Əhmədovun, Ədalət Hüseynovun, Əhməd Əhmədovun, Adil Sadiqinin, İlqar Əliyevin, Araz Əmilovun, İnayət Alisgəndərovun, Aydın Məmmədovun, Bəkir Həsənovun, Nizami Məmmədovun, Kamran Kərimovun, Babək Rüstəmovun, Kərim Əsgərovun, Bəxtiyar Əmrahovun, Əmir Vəliyevin, Hafiz Abdullayevin, Nicat Nəsibovun, Elnarə Rəhimovanın, Akif Budaqovun, Aliyə Əliyevanın əziz xatirəsini yad edirik.
Əhmədov Əli Əlövsət oğlu
Əhmədov Əli Əlövsət oğlu 23 iyul 1972-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə Qarapapaq kənd ümumi orta məktəbinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin VIII sinfini bitirmişdir. Sonra 117 saylı Texniki Peşə Məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1990-92-ci illərdə SSRİ-nin Arxangelski vilayətində hərbi xidmətdə olmuşdur. Lakin 1 il 6 aydan sonra torpaqlarımızın düşmən tapdağı altında olmasına dözməyərək Əli xidmətini yarımçıq qoymuş, Vətənə dönmüşdür. Bir neçə gün keçdikdən sonra Milli Ordu sıralarına daxil olmuşdur. O, 707 saylı Hərbi Hissənin 1-ci taborunda cəsur kəşfiyyat komandiri kimi xidmətə başlamışdır. Vəlixan meşəsi, Bala və Böyük Cəfərlinin müdafiəsi uğrunda gedən döyüşlərdə O, mərdliklə iştirak etmişdir. 1992-ci il dekabr ayının 29-da İcevan rayonunun Lələ kəndində gedən döyüşlərdə mühasirəyə düşərək qəhrəmancasına şəhid olmuşdur. Bu gün Qarapapaq kənd ümumi orta məktəbəonun adı verilmiş, məktəbin həyətində büstü qoyulmuşdur.
Hüseynov Ədalət Teymur oğlu
Hüseynov Ədalət Teymur oğlu 1 mart 1969-cu ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1976-cı ildə Qızılhacılı kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin VIII sinfini bitirmişdir. 1984-86-cı illərdə M.Hüseyn adına məktəb-liseyin X sinfini bitirmişdir. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1990-92-ci illərdə Qazax rayonunun Qızılhacılı kəndinin müdafiəsi zamanı könüllü olaraq xidmət etmişdir. 1993-cü ildə Ağstafa rayon Yanğından Mühafizə Xidmətində işləmişdir. 29 dekabr 1993-cü ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Subay idi.
Əhmədov Əhməd Nuru oğlu
Əhmədov Əhməd Nuru oğlu 16 fevral 1972-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1979-cu ildə Xanlıqlar kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin X sinfini bitirmişdir. 1990-cı ildə hərbi xidmətə başlamış, 29 dekabr 1992-ci ildə Qazax rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.
Sadiqi Adil Rza oğlu
Sadiqi Adil Rza oğlu 18 oktyabr 1964–cü ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1971-ci ildə Hüseynbəyli kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbin VIII sinfini bitirmişdir. 1980-81-ci illərdə Kosalar kənd tam orta məktəbin X sinfini bitirmişdir. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 29 dekabr 1992-ci ildə Lələkənddə şəhid olmuşdur. Ailəliydi, iki övladı var.
Əliyev İlqar Nəbi oğlu
Əliyev İlqar Nəbi oğlu 6 aprel 1971-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1978-1989-cu illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1989-1991-ci illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il dekabr ayının 29-da xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
Əmilov Araz Laçın oğlu
Əmilov Araz Laçın oğlu 11 aprel 1969-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1976-1987-ci illərdə bu gün adını daşıdığı Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1987-1989-cu illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1989-1990-cı illərdə Bakı şəhərində 147 saylı texniki peşə məktəbində təhsil almışdır. 1992-ci ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmişdir. 1992-ci il dekabr ayının 29-da Lələkənd uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin meyiti 40 gün erməni təcavüzkarlarında qalmışdır. Şəhid Əmilov Araz Laçın oğlu 1993-cü il fevral ayının 10-da dəfn olunmuşdur.
Alisgəndərov İnayət Mustafa oğlu
Alisgəndərov İnayət Mustafa oğlu 1930-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, 1954-cü ildə həmin institutu bitirərək fizika-riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. Onun təhsilimizdəki xidmətləri daim yüksək qiymətləndirilmişdir. İnayət müəllim 1971-ci ildə "Maarif xadimi” medalına, 1978-ci ildə isə "Şərəf Nişanı” ordeninə layiq görülmüşdür. 1992-ci il dekabr ayının 29-da ermənilərin tutduqları mövqedən Daş Salahlı kəndinə atılan top mərmisi nəticəsində şəhid olmuşdur.
Məmmədov Aydın Musa oğlu
Məmmədov Aydın Musa oğlu 7 aprel 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qaymaqlı kənd orta məktəbinin I sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin X sinfini bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci ildə tərxis olunmuşdur. Elə həmin ildə də Azərbaycan Milli Ordusuna çağırılmışdır. 29 dekabr 1992-ci ildə Lələkənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd tam orta məktəbi şəhid Aydın Məmmədovun adını daşıyır.
Həsənov Bəkir Oruc oğlu
Həsənov Bəkir Oruc oğlu 18 fevral 1951-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1958-ci ildə Aşağı Əskipara kənd orta məktəbinin I sinfinə getmiş, 1968-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həsənov Bəkir Oruc oğlu 30 dekabr 1993-cü ildə şəhid olmuşdur.
Məmmədov Nizami Sərhəd oğlu
Məmmədov Nizami Sərhəd oğlu 10 oktyabr 1974-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. Hərbi xidmətdə olmayıb. 1 yanvar 1997-ci il tarixdə gecə erməni kəşfiyyatçısı tərəfindən öz evlərində qətlə yetirilmişdir. Subay idi. Mərhum Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir.
Kərimov Kamran Nüsrəddin oğlu
Kərimov Kamran Nüsrəddin oğlu 1 yanvar 1972-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1980-ci ildə Fərəhli kənd ümumi orta məktəbin I sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin VIII sinfini bitirmişdir. 1988-1990-cı illərdə Qazax rayonunun Xanlıqlar kəndində yerləşən peşə məktəbini bitirərək mexanizator ixtisasına yiyələnmişdir. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordu sıralarına yazılaraq tank taborunda xidmət etmişdir. 8 iyun 1992-ci il tarixdə Fərəhli kəndində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. 27 dekabr 1993-cü ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Qazax şəhərində Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur. Fərəhli kənd ümumi orta məktəbi Kərimov Kamran Nüsrəddin oğlunun adını daşıyır. Evli idi. Bir qız övladı yadigar qalıb.
Rüstəmov Babək Muraz oğlu
Rüstəmov Babək Muraz oğlu 15 fevral 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1981-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirərək ordu sıralarına çağırılmışdır. Rüstəmov Babək Muraz oğlu 1 yanvar 1994-cü ildə Tərtər rayonunun Səhləbad kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.
Əsgərov Kərim Qinyaz oğlu
Əsgərov Kərim Qinyaz oğlu 14 mart 1970-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə Kosalar kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1988-90-cı illərdə sovet ordusunda xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmiş, 1 yanvar 1993-cü ildə Gədəbəy bölgəsində döyüş zamanı itkin düşmüşdür. Qazax Rayon Məhkəməsinin 23 aprel 2010-cu il tarixli Qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Subay idi.
Əmrahov Bəxtiyar Əziz oğlu
Əmrahov Bəxtiyar Əziz oğlu 1 yanvar 1961-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1967-ci ildə Çaylı kənd 1 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin orta məktəbi bitirmişdir. Çingiz İldırım adına Azərbaycan Politexnik Universitetinə daxil olmuş və orada təhsil almışdır. Bakı şəhərində mexanika sahəsi üzrə işləmişdir. Əmrahov Bəxtiyar Əziz oğlu 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki, ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır.
Vəliyev Əmir İsmayıl oğlu
Vəliyev Əmir İsmayıl oğlu 1 yanvar 1972-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşdur. 1979-1983-cü illərdə Abbasbəyli kənd ibtidai məktəbində I-IV siniflərdə təhsil almışdır. 1983-1989-cu illərdə Alpout kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılmışdır. 28 fevral 1994-cü ildə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olmuşdur. Subay idi.
Abdullayev Hafiz Məhəd oğlu
Abdullayev Hafiz Məhəd oğlu 1 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhərində 16 nömrəli tam orta məktəbə daxil olub. 2001-ci ildə həmin məktəbi bitirib. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlayıb. 2019-cu il mart ayının 4-də Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşərək itkin düşmüşdür. 12 aprel 2019-cu ildə Abdullayev Hafiz Məhəd oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib. 14 aprel 2019-cu ildə O, Yuxarı Salahlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Ailəli idi. 1 qız və 2 oğul övladı yadigar qalıb.
Leytenant Nəsibov Nicat Qəşəm oğlu
Leytenant Nəsibov Nicat Qəşəm oğlu 1 yanvar 1998-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2004-cü ildə Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin VIII sinfini bitirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 2015-ci ildə həmin liseyi bitirmişdir. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin hərbi məktəbi bitirib leytenant rütbəsi ilə "N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlamışdır. 2020-ci ildə digər "N” saylı hərbi hissəyə təyinat almışdır. Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenant Nicat Nəsibov 01.11.2020-ci il tarixdə doğulduğu Cəfərli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Şəhid leytenant Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilətəltif edilmişdir.
Rəhimova Elnarə Faiq qızı
Rəhimova Elnarə Faiq qızı 3 mart 1983-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1989-cu ildə Bala Cəfərli kənd ibtidai məktəbin I sinfinə daxil olmuş, 1993-сü ildə Bala Cəfərli kənd ibtidai məktəbin IV sinfini bitirmişdir. 1993-сü ildə Qazax şəhər internat məktəbə daxil olmuşdur. 2 yanvar 2000-ci ildə evlərində otaqda olarkən ermənilər tərəfindən snayper silahla vurulmuşdur.
Budaqov Akif Məmmədxan oğlu
Budaqov Akif Məmmədxan oğlu 2 yanvar 1955-ci ildə Ermənistanda anadan olmuşdur. 1988-ci ildə Ermənistandan deportasiya olunaraq Xanlıqlar kəndinə yerləşmişdir. 28 may 1993-cü ildə şəhid olmuşdur. Ailəlidir. 4 övladı var.
Əliyeva Aliyə Fərhad qızı
Əliyeva Aliyə Fərhad qızı 2 yanvar 1977-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1983-cü ildə Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin I sinfinə daxil olmuşdur. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi 15 yaşlı Aliyənin gənc ömrünə son qoydu.
Facebook-da paylaş