• Təqvim

  • Maraq



Vətən müharibəsi şəhidi leytenant Murad Nağıyevin xatirəsini əbədiləşdirən “Murad” adlı kitabın doğulduğu Qazax rayonunda təqdimatı olub

2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan 44 günlük Vətən müharibəsi! İllər ötsə belə nə həmin müharibə, nə də əldə etdiyimiz böyük tarixi Qələbə heç vaxt unudulmayacaq. Şanlı Zəfəri bizlərə bəxş edən qazilərimiz, şəhidlərimiz isə daim bizim qəlbimizdə əbədi yaşayacaqlar. Və bizlər qalib ölkənin vətəndaşı olaraq 30 illik həsrətdən sonra Vətən torpaqlarının işğaldan azad olunmasını, Qarabağımıza, Şuşamıza, eləcə də ona bitişik olan tarixi yurd yerlərimizə qovuşmağımızı daim qürurla səsləndirib, fəxrlə söyləyəcəyik. Ən əsası da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, canını Vətənə fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olacağıq.

44 günlük haqq savaşında adını qanı ilə xalqımızın yaddaşına və hərb tariximizə yazan igid oğullarımızdan biri də Qazax rayonunda ailənin sonbeşiyi olaraq dünyaya gələn leytenant Nağıyev Murad Mayıl oğludur.  

Martın 26-da qəhrəman tank komandiri Murad Nağıyevin adını, xatirəsini əbədiləşdirən "Murad” adlı kitabın doğulduğu Qazax rayonunda təqdimat mərasimi olub.  

İdeya müəllifi şəhidimizin qardaşı Orxan Nağıyevin, redaktoru şair, Ə.Kərim adına Poeziya Evinin direktoru, Türk Ədəbiyyatı Vakfının fəxri üzvü İbrahim İlyaslının olduğu sözügedən kitab igid Vətən oğluna, onun döyüş yoluna, igidliyinə, qəhrəmanlığına verilən dəyər, Murad Nağıyev sevənlərə ən böyük hədiyyədir. Kitabda 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən şəhid leytenant, tank tağım komandiri, şair Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs olunur. Nəfis tərtibatda çap olunan kitabda şəhidimizin ailə üzvlərinin, döyüş yoldaşlarınn, dostlarının, təhsil aldığı bağçada və məktəbdə ona dərs deyən müəllimlərinin Murad haqqında olan xatirələri, səmimi ürək sözləri və Murad Nağıyevin qələmindən süzülən şeirlər oxuculara təqdim olunur.

Təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, kitabın redaktoru Ə.Kərim adına Poeziya Evinin direktoru, Türk Ədəbiyyatı Vakfının fəxri üzvü İbrahim İlyaslı, şəhid Murad Nağıyevin ailə üzvlərindən anası Xavər Məhəmmədi, qardaşı Orxan Nağıyev, xalası qızı Ayişə Səfərli, yaxınları, doğmaları, idarə, müəssisə, təşkilat rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında memorial önünə tər qərənfillər düzərək torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizi, eləcə də şəhid leytenant Murad Nağıyevin əziz xatirəsini ehtiramla yad ediblər. İgid Vətən oğlunun şəkli əks olunmuş lövhənin önünə tər qərənfillər düzülərək müqəddəs ruhuna dua oxunub.








Sonra Qazax Gənclər Mərkəzində keçirilən təqdimat mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, qəhrəman şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.





Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca tədbiri açıq elan edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. İgid Vətən oğlunun ömür yolundan söz açan aparıcı bildirib ki, Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda ailənin sonbeşiyi olaraq dünyaya gəlmişdir. O, hələ bir yaşı tamam olmamış ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, burada Bakıxanov qəsəbəsində yaşamağa başlamışdır. Təhsilə 2003-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli tam orta məktəbdə başlayan Murad Nağıyev tezliklə həm öz zəkası, həm də tərbiyəsi ilə digərlərindən seçilmiş və müəllimlərinin sevimlisinə çevrilmişdir. O, burada 8 il təhsil aldıqdan sonra 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak etmiş və burada yüksək nəticə göstərdiyinə görə İstanbulda yerləşən nüfuzlu Kuleli Askeri Lisesinə (Kuleli Hərbi Liseyi) seçilmişdir.


Murad Nağıyev Kulelidə də özünü doğrultmuş, xüsusilə də riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə müəllimləri tərəfindən ona "matematik dehası” (riyaziyyat dahisi) adı verilmişdir. O, həm də erkən yaşlarından müxtəlif silahlarla tanış olmuş, yay toplanışlarında və təlimlərdə iştirak etmiş və NATO-nun ən böyük ikinci ordusunda nümunəvi zabit kimi formalaşmağa başlamışdır. Daha sonra Murad Nağıyev liseyi müvəffəqiyyətlə bitirərək 2015-ci ildə Ankarada yerləşən digər bir nüfuzlu ali hərbi təhsil müəssisəsi olan Kara Harp Okuluna (Quru Qoşunları Məktəbi) daxil olmuşdur. Murad Nağıyev 2020-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu”nu bitirmiş və "Tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” ixtisası üzrə məzun olmuşdur. Bununla da o, ümumilikdə 9 illik yüksək səviyyəli hərbi təhsilə yiyələnmişdir.

 

Murad Nağıyev Azərbaycan Respublikası müdafiə nazirinin 19 iyun 2020-ci il tarixli əmri ilə "leytenant” hərbi rütbəsi almışdır. O, Bakı yaxınlığında yerləşən "N” saylı hərbi hissədə tank taborunun tank bölüyünün tank tağımının komandiri vəzifəsində xidmətini davam etdirmişdir.

Murad Nağıyev 27 sentyabrda başlayan Vətən müharibəsinə elə həmin gün yollanmışdır. Qızğın döyüşlərin getdiyi Füzuli istiqamətində hərbi əməliyyatlarda iştirak etmişdir. Komandirlərinin əmrlərinə və rütbəcə yüksək yoldaşlarının israrlarına baxmayaraq O,: "Mən zabitəm, öz tankımda özüm gedəcəyəm! Həm də siz ailəlisiniz, uşaqlarınız var, mən isə subayam”, ‒ deyərək ən ön sıralarda döyüşə atılmışdır. Komandiri təbəssümlə: "İndiyə qədər əmrimə tabe olmayan bir Murad oldu”, ‒ deyərək xatırlayır o anları.

 

Murad Nağıyev tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, atəş nöqtələrini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv etmiş, düşmən texnikasını qənimət götürmüşdür.

O, oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə düşmənin uzaqdan idarə olunan tank əleyhinə raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Silahdaşlarının dediyinə görə Murad həmin gün də israr etmişdi ki: "Bu gün kolonda bizim tank birinci gedəcək”.

Onun şəhid olduğu ərazi 8 gündən sonra tam nəzarətə götürülə bilmiş və həmin gecə bayrağa sarılı nəşi Bakıya gətirilmişdir. Murad Nağıyev oktyabr ayının 20-də İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Murad Nağıyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif edilmişdir.


Leytenant Murad Nağıyev həm də Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Murad Nağıyev uşaq yaşlarından incəsənətə maraq göstərmiş, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənmiş, həmçinin həm türkcə, həm də ana dilində şeirlər yazmışdır. Onun şeirləri müəllimləri tərəfindən yüksək qiymətləndirilmiş və hələ Kulelidə təhsil alarkən 2015-ci ildə "Mürekkebimdir Kuleli” kitabında çap edilmişdir. Şəhadətindən sonra isə Murad Nağıyevin şeirləri müxtəlif ədəbiyyat çevrələrində tanınıb bəyənilmiş, "Kardeş Kalemler” jurnalında və "Ədəbiyyat qəzeti”ndə dərc olunmuşdur.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, rayon rəhbərliyinin səmimi ürək sözlərini çatdırıb. Vətən uğrunda canını fəda edən qəhrəman şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. "Murad Nağıyev haqqında söz demək çətin olsa da, onun yaddaşlarda qalması, gənclərə, gələcək nəsillərə tanıdılması üçün hər birimiz əlimizdən gələni etməliyik. Bu, hər birimizin borcudur”, - deyən müavin şəhid leytenant və onun xatirəsini əbədiləşdirən "Murad” adlı kitab haqqında fikirlərini bölüşüb. G.Həsənova qəhrəman şəhid Murad Nağıyevin adının yaşadılması, onun qəhrəmanlığının gələcək nəsillərə çatdırılması istiqamətində atılan bu nümunəvi addımı yüksək qiymətləndirib. İgid, cəsur şəhidimizin adını yaşadan "Murad” adlı kitabın onun gənc nəsilə tanıdılmasında ən böyük töhfə olduğunu söyləyib.

Kitabın ərsəyə gəlməsində əziyyəti keçən insanlara razılığını bildirib. Qeyd edib ki, Murad Nağıyevin tərcümeyi-halına nəzər salarkən bir daha şahidi oluruq ki, o, hər zaman birinci olmağı, birincilər sırasında dayanamağı özünün həyat amalı seçib. 44 günlük Vətən müharibəsində də döyüşdə hamıdan öndə olub, komandirinin də dediyi kimi, təkcə Murad Nağıyev onun əmrinə tabe olmayıb, döyüşdə ön cəbhəyə birinci atılıb. Çox qəhrəmanlıqlar göstərib. Kiçik ömrü ilə çoxlarına örnək olub.

Vətən mənə oğul desə nə dərdim,  

Mamır olub qayasında bitərdim.


Bəli, Məmməd Arazın şeirində yer alan bu sətirləri Murad kimi oğullar doğrultdular. Sübut etdilər ki, onlar Vətən üçün doğuldular, yaşadılar və Vətəni bütövləşdirmək üçün şirin canlarından keçdilər. G.Həsənova bütün ömrünü hərb təhsilinə həsr edən, Vətənini uğrunda canını fəda edəcək qədər sevən Murad Nağıyev kimi oğullarımızın daim qəlblərdə yaşayacağını, hər zaman ehtiramla anılacağını vurğulayıb.

Müavin G.Həsənova 44 günlük Vətən müharibəsində, haqq savaşında qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə, Murad kimi qəhrəmanlarımıza borclu və minnətdar olduğumuzu qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü, onların rayon rəhbərliyi tərəfindən daim diqqətdə saxlanıldığını bildirib. Bu qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

 

Kitabın redaktoru Ə.Kərim adına Poeziya Evinin direktoru, Türk Ədəbiyyatı Vakfının fəxri üzvü İbrahim İlyaslı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin təşkil olunmasında əməyi keçən insanlara, xüsusən də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlığını bildirib. Şəhid Murad Nağıyev və müəllifi olduğu kitab haqqında təəssüratlarını bölüşən İ.İlyaslı qəhrəman bir oğul haqqında olan kitabın redaktoru olmağın onun üçün çətin olsa belə, eyni zamanda qürurverici olduğunu bildirib. Müəllif qeyd edib ki, bu məmləkət Murad kimi oğulların hesabına, onların qanı, canı bahasına Vətən olub. Bu məmləkətdə, Vətəndə addım atan hər kəs onlara borclu olduğunu unutmamalıdır. Kitabın necə ərsəyə gəlməsindən söz açan İ.İlyaslı təqdim olunan kitabda təkcə Murad haqqında olan xatirələrin deyil, həm də gənc bir şairin qələmindən süzülən gözəl şeirlərin yer aldığını vurğulayıb. Kitabda toplanan xatirələrə nəzər yetirməklə Muradın uşaqlığından gənclik illərinə qədər olan bir dövrün əks olunduğunu, Muradı yaxından tanımaq şansının yarandığını söyləyib. Muradın yaşadıqlarını onunla birgə yaşadığını, özünü Muradın dostlarından biri hesab etdiyini söyləyib. Müəllif qeyd edib ki, Murad elə bir ömür yaşayıb ki, onun haqqında danışan müəllimləri, döyüş yoldaşları, yaxın ətrafında olan insanlar, Muradla ünsiyyətdə olan hər kəs kitabda yer alan xatirələri, fikirləri nəyinsə xatirinə yazmayıblar, əksinə deyilmiş kəlmələr o qədər səmimi, ürəkdən deyilən sözlərdir ki, həmin sözləri oxuyan hər kəs Muradı yaxından tanıdığı üçün özünü şanslı hesab edir. Kitabda yer alan şeirlərdən söz açan müəllif qeyd edib ki, həmin şeirlərdə Muradın yaşadığı duyğulara, hisslərə, qələmə aldığı sözlərə nəzər salarkən onun mükəmməl gənc şair olmasının şahidi oluruq. Muradın ömrünün davamı olan bu mükəmməl kitabın ərsəyə gəlməsində az da olsa əməyi olduğu üçün özünü şanslı hesab edən müəllif Murad və onun timsalında bütün şəhidlərimizlə qürur duyduğunu bir daha dilə gətirib. Muradın yazmış olduğu şeirləri səsləndirən müəllif onu bir daha dərin ehtiramla anıb, şəhidimizin ruhu qarşısında baş əydiyini söyləyib.

 

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində şəhidlərimiz, Murad kimi igid oğullarımız qəhrəmanlıq göstərərək Vətənin bütövlüyünü təmin etdilər. Bu gün Vətənin özü olan oğulları yad etmək hər birimizin borcudur. Murad Nağıyev haqqında fikirlərini bölüşən şair ilk dəfə onun haqqında yazılmış məqaləni oxuyanda onu təkcə igid Vətən oğlu kimi deyil, həm də gənc şair kimi tanıdığını söyləyib. 44 günlük haqq savaşından söz açan şair qeyd edib ki, həmin savaşda Murad kimi oğullar özləri ölsələr də Qarabağ torpağı onları yaşadacaq. Dövlət Himnimizdəki sözləri əməlləri ilə doğruldan Murad kimi oğullar illər ötsə belə yaddaşlardan silinməyəcəklər. B.Vüsal şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından söz açaraq ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə ziyalılar adından minnətdarlığını bildirib. Qəhrəman şəhidimizin xatirəsinə yazdığı "Muradım mənim” şeirini səsləndirən şair onun ruhu qarşısında baş əydiyini bildirib.

 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, tədbirin ərsəyə gəlməsində əməyi olan insanlara təşəkkürünü çatdırıb. Vətənpərvərlik mövzusunda olan tədbirin mahiyyətindən söz açan V.Nəbiyev Murad Nağıyev kimi oğulların qəhrəmanlığının, döyüş yolunun gənclərə hər zaman örnək olacağını qeyd edib. 44 günlük Vətən müharibəsində iştirak edən gənclərin, şəhid olmuş, qazi adını almış qardaşların qanı, canı bahasına 30 illik işğalda olan torpaqların azad edildiyini söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında xalqımızın, o cümlədən Azərbaycan gənclərinin bir yumruq tək birləşdiyini, məhz bu birlik sayəsində tarixi Qələbənin əldə olunduğunu vurğulayıb. V.Nəbiyev 44 günlük savaşda şanlı Zəfərin əldə edilməsində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkə Prezidenti İlham Əliyevin davam etdirdiyi gənclər siyasətinin, bu siyasət əsasında yetişən gənclər ordusunun böyük rolu olduğunu vurğulayıb. Xalq olaraq Murad kimi oğulların timsalında bunun bir daha şahidi olduğumuzu diqqətə çatdırıb. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsində canından keçən şəhidlərin adlarının əbədiləşdirilməsi, gələcək nəsillərə çatdırılması istiqamətində təqdirəlayiq işlər görüldüyünü, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılmasını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşənin yaradılmasını, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin lövhələrinin vurulmasını, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunmasını həmin işlərin əyani sübutu kimi qeyd edib. "Şəhid ailələri qarşısında baş əyirəm. Bu cür tədbirlərin keçirilməsi gənclərə vətənpərvərlik hissinin aşılanması istiqamətində atılan nümunəvi addımdır”, - deyən V.Nəbiyev şəhidlərimizin döyüş yolunun gənc nəsilə çatdırılmasında bundan sonra da idarənin kollektivi olaraq var qüvvələri ilə çalışacaqlarını söyləyib.


Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, bugünkü tədbirin yüksək səviyyədə təşkilinə görə əməyi keçən insanlara razılığını ifadə edib X.Balayev Vətən, torpaq uğrunda canından keçən şəhidlərimiz haqqında bu günə kimi yazılan kitabların ərsəyə gəlməsində əziyyəti keçən insanlara təmsil etdiyi birliyin üzvləri və imtiyazlı təbəqə adından minnətdarlığını bildirib. "Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur” deyimini Murad Nağıyev kimi oğullarımız bir daha sübut etdilər. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədən qürurla danışan X.Balayev həmin qələbədə payı olan Murad Nağıyev kimi qəhrəman haqqında kitabın yazılmasını təkcə Murada deyil, bütün şəhidlərimizə verilən dəyər olduğunu söyləyib.

 

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış edərək millət vəkilinin adından tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. "Siz şəhid atalarının, analarının, ailələrinin qarşısında danışmaq, fikir bildirmək olduqca çətindir. Sizin hər biriniz bizim doğmamız, əzizimizsiniz”, - deyən deputat köməkçisi hər bir şəhid ailəsi qarşısında baş əydiyini, igid Vətən oğulları ilə fəxr etdiyini bildirib. Düşmənə qan udduran, Qarabağı 30 illik həsrətdən sonra bizə qaytaran Murad kimi oğullarla hər bir Azərbaycan gəncinin qürur duyduğunu, onlardan örnək götürdüyünü qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdikləri qayğının Qazaxda rayon rəhbərliyi tərəfindən olduğu kimi davam etdirilməsini qeyd edən A.Əmirov bundan hər bir gəncin nümunə götürdüyünü diqqətə çatdırıb. Gənclər olaraq şəhidlərimizin, qazilərimizin tanıdılması üçün həyata keçirilən işlərdə yaxından iştirak etməyə çalışdıqlarını söyləyib. Murad Nağıyev haqqında yazılmış kitabla bağlı fikirlərini bölüşən A.Əmirov kitabın müəllifinə və əməyi keçən insanlara təşəkkürünü bildirib.

 

Şəhidin xalası, Birinci Qarabağ müharibəsi şəhidi Şahin Süleymanovun anası Tamella Süleymanova çıxış edərək şəhid anası olaraq tədbir iştirakçılarını salamlayıb, kitabın çap olunmasında, tədbirin təşkil edilməsində əməyi keçənlərə təşəkkürünü ifadə edib. Muradın xalası kimi onun haqqında söz söyləməyin çətin olduğu qədər də qürurlu olduğunu vurğulayıb. "Murad çılğın, zarafatcıl, hamının könlünü alan, hamını güldürən uşaq, çox gözəl bala idi. Muradın itkisi çox acı ağrıdı, atası, anası, yaxınları üçün dözülməz ağrıdı. Ancaq fikirləşəndə ki, qarşıda Vətən durur, Vətən üçün hər şeydən keçilər, bu ağrıya bütün analar dözür, dayanır. Biz şəhid anaları bilirik ki, Vətəni oğullar xilas edər. Allah bütün şəhidlərimizə, eləcə də mənim Murad balama rəhmət eləsin. Allah anasına səbir versin”, - deyən şəhid anası Muradla hər zaman olduğu kimi, bu gün də fəxr etdiyini söyləyib.

 

"Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Ağstafa rayonu üzrə nümayəndəsi, mediaxeberleri.az saytının baş redaktoru Ələddin Qarayev çıxış edərək tədbir iştirakçılarını İctimai Birliyin sədri, professor İlham Pirməmmədovun adından salamlayıb, onun ürək sözlərini çatdırıb. Qeyd edib ki, İlham müəllimin də söylədiyi kimi, Vətən onu qoruyanların çiynində elə Vətən olur. Şəhid ailələrinin, tədbiri təşkil edənlərin qarşısında baş əydiyini qeyd edən Ə.Qarayev bu cür tədbirlərin gələcək nəsillərin, gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında böyük rol oynadığını söyləyib. İctimai Birlik olaraq hər zaman ölkə başçısının yanında olduqlarını qeyd edən Ə.Qarayev istər pandemiya dövründə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə gördükləri işlərdən söz açıb. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, yaşadılması istiqamətində işlər görüldüyünü, onlar haqqında filimlər çəkildiyini, birliyin yutub kanalıda yayımlandığını bildirib. Təqdimatına toplaşdığımız və şəhidimizin adını yaşadan kitabın ərsəyə gəlməsində dəyərli ziyalı İlham müəllimin də böyük rolu olduğunu qeyd edib. Şəhid Murad Nağıyevin anasının, eləcə də bütün şəhid analarının qarşısında baş əydiyini söyləyib. Kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz adından təşəkkürünü çatdırıb.


AYB Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu çıxış edərək Şəhidlik zirvəsinə ucalmağın hər kəsə nəsib olmadığını, Murad Nağıyevin həmin zirvəni fəth etdiyini bildirib. 44 günlük savaşda əldə edilən Qələbədə Murad Nağıyevin, onun keçdiyi 15 günlük döyüş yolunun da payı olduğunu qeyd edib. Qələbə sevinci yaşadan Muradın ölməz ruhu qarşısında baş əydiyini, onun kimi oğullarla qürur duyduğunu ifadə edib.  

 

Qazax Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov çıxış edərək əziz və doğma olan şəhid ailələrini salamlayıb, şəhidlərimizin ruhu qarşısında baş əyərək onları dərin ehtiramla yad edib. Bildirib ki, bu kitabın ərsəyə gəlməsi təkcə Muradın vətənpərvərliyinə, göstərdiyi igidliyə verilən qiymət deyil, bu, ümumilikdə bütün şəhidlərimizə xalqımızın şəhidlərinə verilən qiymətdir. "Murad kimi oğullarımız tək bu günün gənclərinə deyil, gələcək nəsillərə örnəkdir. Azərbaycan gəncliyi şəhidlərimizin qəhrəmanlığından hər zaman bəhrələnəcəklər. 30 ilə yaxın işğalda olan torpaqları azad edən oğullarla illər sonra da hər kəs qürur duyacaq”, - deyən V.Hüseynov gənclər təşkilatı olaraq şəhidlərimizin unudulmaması, hər zaman tanıdılması üçün bundan sonra da böyük səylə çalışacaqlarını bildirib.

 

Fəal gənc, Bakı Dövlət Universitetinin tələbəsi Pəri İbrahimova çıxış edərək tədbirdə iştirak edənləri salmalayıb, gənc olaraq fikirlərini bölüşüb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı, qanı bahasına, əsgər və zabitlərimizin, cəhbələrə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış salnamədir. Torpaqlarımızın azadlığı uğrunda şücaət göstərən qazilər, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyət olaraq hər birimizin borcudur. "Bir gənc olaraq hər zaman çalışıram ki, şəhid ailələri ilə bağlı keçirilən tədbirlərdə iştirak edim. Biz Azərbaycan gəncləri də siz şəhid analarının, atalarının övladlarıyıq. Onların yerini tutmasaq, doldurmasaq belə, hər zaman sizlərin yanında olmağı özümüzə borc bilirik”, - deyən gənc şəhidlərimizlə qürur duyduqlarını, onlardan örnək götürdüklərini dilə gətirib.


Tədbirdə bəstəkar Emil Muradlının qəhrəman şəhidimizin şeirinə bəstələdiyi və Kənan Qədimovun ifa etdiyi "Fikrim hey ondadır” mahnısı da səslənib.

 

Gənc aşıq Şahin Süleymanov igid Vətən oğluna olan ehtiramını sazda ifa etdiyi musiqi nömrəsi ilə bildirib. Şəhidlərimizin, onların ailələrinin qarşısında baş əydiyini söyləyən gənc aşıq Murad kimi oğullarımızın hər birimizin qürur yeri olduğunu söyləyib.


Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdl Sarif Vəliyevin ifasında səslənən "Xudayar” təsnifi ilə şəhidlərimizin xatirəsi bir daha yad olunub.

 

Şəhidin qardaşı Orxan Nağıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, iştiraklarına və qardaşına verilən dəyərə, qiymətə görə razılığını bildirib. Anası ilə birlikdə Qazaxda qardaşı Murad Nağıyevin adını yaşadan kitabın təqdimatında iştirak etdiyi üçün, şəhid qardaşı olduğu üçün qürur duyduğunu söyləyib. Tədbirin yüksək səviyyədə təşkil olunmasında əziyyəti keçən insanlara, xüsusilə də rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. Qardaşının adına yazılan kitab haqqında fikirlərini bölüşən O.Nağıyev kitabın iki hissədən – xatirələr və şeirlərdən ibarət olduğunu qeyd edib. "Murad subay idi. Çox istərdik ki, onu yaşadan varlıq olsun həyatımızda. Lakin bizim bu arzumuz yarımçıq qaldı. Qərara aldıq ki, Muradı, onunla bağlı olan arzularımızı yaşatmaq üçün onun ürəyindən, beynindən keçən, dilindən süzülən şeirləri kitab şəklində Muradı tanıyanlara, hətta, onu tanımayanlara belə təqdim edək. Həm Muradı, həm də onunla bağlı arzularımızı elə onun istədiyi kimi yaşadaq. Çünki Muraddan bizə miras qalan onun sözləri, həyata olan baxışları və arzularıdır. Ona görə də kitabın ilk səhifəsindən tutmuş son səhifəsinə kimi yazılan sözlərdə, deyilən fikirlərdə Murad var. Təsadüfi deyil ki, kitabın adı da "MURAD”dır”. O.Nağıyev sonda şəhid qardaşı olaraq hər zaman qürur duyacağını, qardaşının xatirəsini yaşatmaq üçün ailəsi olaraq daim bu yolda çalışacaqlarını qeyd edib.



Şəhidin anası Xavər Məhəmmədi çıxış edərək öz növbəsində kitabın ərsəyə gəlməsində və bugünkü təqdimat mərasiminin təşkilində əməyi keçən insanlara, xüsusilə də Ayişə Səfərliyə ailəsi adından minnətdarlıq edib. Şəhid anası olmağın çətin olduğu qədər də qürurlu olduğunu dilə gətirib.

Sonra şəhidimizin ailə üzvləri şəhərin Nəriman Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət edib, igid Vətən oğullarını ehtiramla anıblar.



 

GOYEZEN.AZ



Facebook-da paylaş