Əsas Səhifə > Qazax respublika mətbuatında > "Qarabağ" ordenli qəhrəman
"Qarabağ" ordenli qəhrəman5-10-2022, 09:32 |
Doğrudan da, başdaşına yazılan rəqəmlər insanın ən qısa tərcümeyi-halıdır. Kəşfiyyatçı Anar Nağıyevin şəhidlik məqamına yüksəldiyi yer və tarix isə onun ən dolğun tərcümeyi-halını ortaya qoyur... 2020-ci il noyabrın 8-də Şuşada həlak olan Anarın ən böyük arzusu bu şəhəri azad görmək və orada üçrəngli bayrağımızı dalğalandırmaq olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri Vətən müharibəsində Şuşa dağlarında ən böyük arzusuna çatıb... Vətən oğlu Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncədə anadan olub. İbtidai təhsilini Samuxun Alıuşağı kənd məktəbində alan Anar 2000-2007-ci illərdə Qazaxın Ürkməzli kənd məktəbində oxuyub. 2008-ci ildə həqiqi hərbi xidmətə yollanıb, daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi orduda fəaliyyətini davam etdirib. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinə Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi qatılıb. Qələbənin qazanılmasında müstəsna xidmətləri olub, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı olaraq verilən mühüm döyüş tapşırıqlarını peşəkarcasına yerinə yetirib. İkinci Qarabağ savaşının başlandığı ilk gündən ölümün gözünə dik baxan Anar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə verilən tapşırıqları yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib. Qisasını alan şəhid Hərbçi taleyi yaşamaq Anarın öz seçimi idi. İşğal altında qalmış doğma torpaqlarımızın dərdi, ermənilərin qurbanına çevrilmiş günahsız körpələrin, şəhid bacı-qardaşların acı taleyi illər uzunu onun fikrində qövr edirdi... Şəhidin həyat yoldaşı Gülnar Nağıyeva bildirir ki, Anar qəhrəman döyüşçü idi, Vətən sədasını eşidən kimi yumruqlarını düyünləyir, böyüdükcə böyüyən qisas hissini boğa bilmirdi. Təkbaşına 8 erməni hərbçisini məhv edir Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra orada olan erməni əsgərlərindən biri "Sputnik Armeniya" kanalına müsahibəsində deyib: "Azərbaycan əsgəri Şuşanın ətrafındakı qayalara dırmaşır. Dəhşətdir, güllə dəyir yıxılırlar, yenidən qalxıb qanları axa-axa üstümüzə gəlirlər". Mediada yayılmış onlarca belə açıqlama Şuşanın azad edilməsi üçün məhz əlbəyaxa döyüş taktikasının seçilməsini təsdiqləyir. Bir daha sübut olunur ki, Azərbaycan Ordusu əsgər və zabitlərinin şücaətinə, düşməni üzbəüz döyüşlərdə məhvetmə gücünə hər zaman inanıb və inanır. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə dünyanı heyrətə gətirən Azərbaycanın həmin igid oğullarından biri də Anar Nağıyev olub. Gülnar xanım deyir ki, Anar hələ oktyabrın 16-da Xocavənddə snayper yarası aldığına görə hospitala yerləşdirilib. Həkimlər döyüşlərə qatılmamaqda təkid etsələr də, razı olmayıb. "Orda mənim qardaşlarım vuruşur, mən burda necə yata bilərəm?! Çətini çəkməni ayağıma geyinənə qədərdir. Hər şey yaxşıdır, döyüşlərə qatılıb mübarizə aparacam" deyib oktyabrın 30-da yenidən cəbhəyə yollanıb. Noyabrın 6-da dörd qrupdan ibarət 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırım qayalarını dırmaşaraq səhər saatlarında şəhərə daxil olduqdan sonra dərhal döyüşlər başlayır. Anar da Şuşanın sıldırım qayalarında düşmənlə əlbəyaxa savaşa qatılır. Həmin vaxt ağır bıçaq yarası almasına baxmayaraq, döyüşə davam edir. Hərbçi yoldaşlarının sözlərinə görə, bir bıçaqla 8 erməni hərbçisini təkbaşına məhv edir. O, son nəfəsində "Şuşa artıq azaddır" deyərək gözlərini əbədiyyən yumur. Nəzrin QARDAŞXANOVA, "Azərbaycan" qəzeti 5 oktyabr 2022-ci il, 7-ci səhifə Geri qayıt |