Bu gün “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi gizir Anar Nağıyevin ildönümü qeyd edilib
2020-ci il! O ildir ki, həmin ildə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu cəmi 44 gün davam edən Vətən müharibəsində - İkinci Qarabağ savaşında qazandığı tarixi Qələbə ilə hərb tariximizə qızıl hərflərlə yazıldı. Vətənin igid, mərd, qəhrəman oğulları haqq savaşında şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən həmin şanlı salnamənin müəllifi isə Ali Baş Komandan İlham Əliyev və Azərbaycan əsgəri oldu.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən, ən uca zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də gizir Nağıyev Anar Sahib oğludur.
Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra bir orden, beş medalla təltif olunmuş igid şəhidimizin uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür.
Bu gün Vətən uğrunda Şəhidlik zirvəsinə ucalmış Anar Nağıyevin ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin vaxtilə təhsil aldığı Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin müəllim və şagirdləri, şəhidimizin döyüş yoldaşları, ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. 44 günlük Vətən müharibəsindən, həmin müharibədə qazandığımız tarixi Qələbədən söz açan rayon rəhbəri 8 noyabrda qeyd etdiyimiz şanlı Zəfərin Anar kimi oğullarımızın sayəsində əldə olunduğunu, buna görə onlara borclu olduğumuzu bildirib. İllər ötsə belə tarixi Qələbənin müəllifi olan Ali Baş Komandanı, hərbçilərimizi, şəhidlərimizi, qazilərimizi xalqımızın heç zaman unutmayacağını qeyd edib. "Qürurla qeyd etdiyimiz şanlı Zəfərdə payı olan Anar kimi qəhrəman oğullarımız qanları ilə dastan yazdılar. Bu gün hər bir Azərbaycan vətəndaşı Anar tək qəhrəmanlarımızla fəxr edir, onların xatirəsini daim uca tutmaq, adını yaşatmaq hər birimizin borcudur”, - deyən icra başçısı Vətən müharibəsində canlarını torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, Anar Nağıyevin də Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Şəhidimizin ildönümündə iştirak edən döyüş yoldaşlarından Rəşad Novruzov, Elşən Lalayev igid Vətən oğlu Anar haqqında ürək sözlərini çatdırıblar. Anarın döyüş meydanında göstərdiyi igidlikdən, şücaətdən, qəhrəmanlıqdan söz açan yoldaşları onun bütün Azərbaycan xalqının qəhrəmanı olduğunu bildiriblər. İgid oğullar böyüdən ataların, anaların da qəhrəman olduqlarını və onlarla qürur duyduqlarını söyləyiblər. Anarın ailəsini öz ailələri hesab etdiklərini söyləyiblər.
Mərasimdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıq ifadə olunub. Anarın xatirəsinin əziz tutulması, ailəsinə sahib çıxılması, daim yad olunması onun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirilib.
Gizir Nağıyev Anar Sahib oğlu
Şəhid Anar Nağıyev 30 oktyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1996-cı ildə Samux rayon Alıuşağı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2000-ci ildə ailəsi ilə birlikdə Qazax rayonunun Ürkməzli kəndinə köçdüyünə görə təhsilini Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbdə davam etdirmiş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2008-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. 2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olmuşdur. Üç aydan sonra sənədlərini hazırlayıb çavuşluq kursunda oxumağa gedib. 21 yanvar 2010-cu ildən 10 aprel 2010-cu ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) minaatan komandiri kursunu bitirərək çavuş rütbəsi almış, "N" saylı hərbi hissədə xidmət etməyə başlamışdır. 2012-ci ilin yanvarında isə TTM-də 6 ay gizirlik kursunu keçmiş, gizir rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətini davam etdirmişdir.
Anar Nağıyevin 13 illik yüksək hərbi xidməti Müdafiə Nazirliyi tərəfindən qiymətləndirilmiş, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013), "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medalları, həmçinin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı (26.06.2017), "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli (2019-cu il) medalları ilə təltif olunmuşdur.
"N” saylı hərbi hissənin hərbi qulluqçusu gizir Anar Nağıyev 8 noyabr 2020-ci ildə Qarabağın üzük qaşı olan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizirimiz 17.11.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, üç azyaşlı – Röyal adlı oğul, Jasmin və Anarə adlı qız övladları yadigar qalıb.
İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, gizir Anar Nağıyevin də göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ” ordeni ilə təltif edilən Anar daha sonra 5 medala da layiq görülmüşdür. Anar Nağıyev ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 noyabr 2020-ci il tarixli Əmrinə əsasən Azərbaycan Respublikasının "Şücaətə görə” medalına layiq görülmüşdür.
GOYEZEN.AZ
Facebook-da paylaş