2020-ci
il! O ildir ki, həmin ildə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu cəmi 44 gün davam edən Vətən
müharibəsində - İkinci Qarabağ savaşında qazandığı tarixi Qələbə ilə hərb
tariximizə qızıl hərflərlə yazıldı. Vətənin igid, mərd, qəhrəman oğulları haqq
savaşında şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi
bütövlüyümüzü bərpa etdi. 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən həmin
şanlı salnamənin müəllifi isə Ali Baş Komandan İlham Əliyev və Azərbaycan
əsgəri oldu.
Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən, ən uca zirvəyə - Şəhidlik
məqamına yüksələn igid Vətən oğullarından biri də gizir Nağıyev Anar Sahib oğludur.
Döyüşdə
göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən
sonra bir orden, beş medalla təltif olunmuş igid şəhidimizin uğrunda canını
fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür.
Bu
gün Vətən uğrunda Şəhidlik zirvəsinə ucalmış Anar Nağıyevin ata ocağında
ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi
ehtiramla yad edilib.
İldönümü
mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan
Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax
rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid
ailələri, şəhidimizin vaxtilə təhsil aldığı Saqif Nəsirov
adına Ürkməzli kənd tam orta məktəbin müəllim və şagirdləri, şəhidimizin döyüş
yoldaşları, ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak
ediblər.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə
Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək
sözlərini çatdırıb. 44 günlük Vətən müharibəsindən, həmin müharibədə
qazandığımız tarixi Qələbədən söz açan rayon rəhbəri 8 noyabrda qeyd etdiyimiz
şanlı Zəfərin Anar kimi oğullarımızın sayəsində əldə olunduğunu, buna görə onlara
borclu olduğumuzu bildirib. İllər ötsə belə tarixi Qələbənin müəllifi olan Ali
Baş Komandanı, hərbçilərimizi, şəhidlərimizi, qazilərimizi xalqımızın heç zaman
unutmayacağını qeyd edib. "Qürurla qeyd etdiyimiz şanlı Zəfərdə payı olan
Anar kimi qəhrəman oğullarımız qanları ilə dastan yazdılar. Bu gün hər bir
Azərbaycan vətəndaşı Anar tək qəhrəmanlarımızla fəxr edir, onların xatirəsini
daim uca tutmaq, adını yaşatmaq hər birimizin borcudur”, - deyən icra
başçısı Vətən müharibəsində canlarını torpaq üçün fəda edən bütün
şəhidlərimiz kimi, Anar Nağıyevin də Azərbaycan xalqının, qazaxlıların qəlbində
əbədi yaşayacağını vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə,
qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra
başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib.
Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam
etdiriləcəyini qeyd edib.
Şəhidimizin ildönümündə iştirak edən döyüş
yoldaşlarından Rəşad Novruzov, Elşən
Lalayev igid Vətən oğlu Anar haqqında ürək sözlərini çatdırıblar. Anarın
döyüş meydanında göstərdiyi igidlikdən, şücaətdən, qəhrəmanlıqdan söz açan
yoldaşları onun bütün Azərbaycan xalqının qəhrəmanı olduğunu bildiriblər. İgid
oğullar böyüdən ataların, anaların da qəhrəman olduqlarını və onlarla qürur
duyduqlarını söyləyiblər. Anarın ailəsini öz ailələri hesab etdiklərini söyləyiblər.
Mərasimdə şəhid
ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə,
Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıq ifadə olunub. Anarın xatirəsinin əziz
tutulması, ailəsinə sahib çıxılması, daim yad olunması onun timsalında bütün
şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirilib.
Gizir
Nağıyev Anar Sahib oğlu
Şəhid Anar Nağıyev 30 oktyabr 1989-cu ildə Gəncə
şəhərində anadan olmuşdur. 1996-cı ildə Samux rayon Alıuşağı kənd tam orta məktəbin
1-ci sinifinə daxil olmuşdur. 2000-ci ildə ailəsi ilə birlikdə Qazax rayonunun
Ürkməzli kəndinə köçdüyünə görə təhsilini Saqif Nəsirov adına Ürkməzli kənd tam
orta məktəbdə davam etdirmiş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini
bitirmişdir. 2008-ci ilin yanvar ayında Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. 2009-cu
ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olmuşdur. Üç aydan sonra sənədlərini
hazırlayıb çavuşluq kursunda oxumağa gedib. 21 yanvar 2010-cu ildən 10 aprel
2010-cu ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin
Təlim və Tədris Mərkəzində (TTM) minaatan komandiri kursunu bitirərək
çavuş rütbəsi almış, "N" saylı hərbi hissədə xidmət etməyə
başlamışdır. 2012-ci ilin yanvarında isə TTM-də 6 ay gizirlik kursunu keçmiş,
gizir rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətini davam
etdirmişdir.
Anar
Nağıyevin 13 illik yüksək hərbi xidməti Müdafiə Nazirliyi tərəfindən qiymətləndirilmiş, "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013), "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi
(1918-2018)" (26.06.2018) yubiley medalları, həmçinin "Hərbi
xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı (26.06.2017), "Qüsursuz
xidmətə görə" 3-cü dərəcəli (2019-cu il) medalları ilə təltif
olunmuşdur.
"N” saylı hərbi
hissənin hərbi qulluqçusu gizir Anar Nağıyev 8 noyabr 2020-ci ildə Qarabağın
üzük qaşı olan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur. Şəhid gizirimiz 17.11.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında
izdihamla dəfn edilmişdir. Ailəliydi, üç azyaşlı – Röyal adlı oğul, Jasmin və
Anarə adlı qız övladları yadigar qalıb.
İkinci
Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə
yanaşı, gizir Anar Nağıyevin də göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə
başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ” ordeni ilə təltif edilən
Anar daha sonra 5 medala da layiq görülmüşdür. Anar Nağıyev ölkə Prezidentinin
15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29
dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Şuşanın azad olunmasına görə”,
"Kəlbəcərin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Cəbrayılın azad olunmasına görə”,
"Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Həmçinin,
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə
naziri general-polkovnik Zakir Həsənovun 3 noyabr 2020-ci il tarixli Əmrinə əsasən
Azərbaycan Respublikasının "Şücaətə görə” medalına layiq
görülmüşdür.
GOYEZEN.AZ
Geri qayıt
|