Ölümündən sonra bir orden, üç medalla təltif olunan Vətən müharibəsinin qazaxlı şəhidi gizir Anar Nağıyev
Şəhidlərimizi tanıyaq
və tanıdaq-------------------------------
Yola saldığımız 2020-ci il Azərbaycanın cəmi 44 gün davam edən Vətən
müharibəsində - İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə ilə
yaddaşlara əbədi həkk olundu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il
davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş
Komandanın qətiyyətli iradəsi, müdrik siyasəti, ordumuzun əsgər və
zabitlərinin, hərbçilərimizin gücü sayəsində Azərbaycan hərb tarixinə qızıl
hərflərlə yeni bir salnamə yazdı. 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən
həmin salnamənin müəllifi isə Ali Baş Komandan İlham Əliyev və Azərbaycan
əsgəri oldu.
Azərbaycanın
müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca
zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də gizir Nağıyev Anar Sahib oğludur.
Şəhid Anar
Nağıyev 30 oktyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1996-cı ildə
Samux rayon Alıuşağı kənd tam orta məktəbin I sinfinə daxil olmuşdur. 2000-ci
ildə ailəsi ilə birlikdə Qazax rayonunun Ürkməzli kəndinə köçdüyünə görə təhsilini
Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbdə davam etdirmiş və 2007-ci
ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2008-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan
Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə
çağırılmışdır. 2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olmuşdur.
2009-cu ilin dekabr ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında "N” saylı
hərbi hissədə gizir rütbəsində xidmət
etmişdir. "N” saylı hərbi hissənin hərbi qulluqçusu gizir Anar Nağıyev Qarabağ
uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizirimiz 17.11.2020-ci
il tarixdə Ürkməzli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi,
İki azyaşlı – Röyal adlı oğul, Jasmin adlı qız övladı yadigar qalıb.
İkinci
Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə
yanaşı, gizir Anar Nağıyevin də göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən
yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Qarabağ” ordeni ilə təltif edilən Anar daha sonra 3 medala da layiq
görülmüşdür. Anar Nağıyev ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il
tarixli Sərəncamlarına əsaəsn "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad
olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bu gün bizim qürur mənbəyimizə çevrilən
şəhidlərimizlə hər birimiz fəxr edirik. İgidliyi, mərdliyi, cəsurluğu, Vətən
uğrunda candan keçməyin nə olduğunu Anar Nağıyev kimi igid Vətən oğullarının
timsalında görürük. Nə qədər ki, Azərbaycan xalqı var, Anar kimi Şəhidlik
zirvəsinə ucalan oğullarımız bizim qəlbimizdə əbədi yaşayacaq. Ruhun şad,
məkanın cənnət olsun igid Vətən oğlu!.
GOYEZEN.AZ
Facebook-da paylaş