• Təqvim

  • Maraq



1 kənd 9 ölkəyə məhsul satır

Qazaxın Daş Salahlı kəndində fəaliyyət göstərən müəssisə ixrac prosesinə mühüm töhfə verir


1 kənd 9 ölkəyə məhsul satır
Son illər qəbul edilən qərarlar, qanunlar, imzalanan fərman və sərəncamlar Azərbaycan iqtisadiyyatını şaxələndirmək üçün geniş imkanlar yaratmışdır. Bütün bunlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar artıq öz bəhrəsini verir. İndi bu sektorda çalışan sahibkar təkcə məhsul istehsalı deyil, eyni zamanda onun ixrac potensialının genişləndirilməsi haqqında da düşünür və bu sahədə dövlətin dəstəyindən yararlanmağa çalışır.

Aprelin 17-də Yevlax rayonunda qeyri-neft ixracatçılarının respublika müşavirəsində çıxış edən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün geniş imkanlar, xüsusilə xarici investisiyaların ölkəyə cəlb edilməsi üçün münbit şərait var. Bu səbəbdən ölkəmizə külli miqdarda xarici vəsait cəlb edilir. Təsadüfi deyil ki, indiyədək ölkəmizin iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə cəlb olunmuşdur. Bunun bir hissəsi qeyri-neft sektoruna yönəldilmişdir. Söz yox ki, qoyulan bu investiyalar ölkəyə çoxlu valyuta gətirməklə yanaşı, regionlarda yeni iş yerlərinin yaradılmasına da müsbət təsir göstərmişdir.
1 kənd 9 ölkəyə məhsul satır
Qazaxın Daş Salahlı kəndində fəaliyyət göstərən "AzRosProminvest” MMC Azərbaycan-Rusiya birgə müəssisəsidir. MMC fəaliyyətə başladığı 10 il müddətində istehsalat sahələrini genişləndirmiş, istehsal etdiyi bentonit gilinin satışı üçün bir neçə xarici ölkədə yeni alıcılar tapmışdır. MDB-də bentonit gili bazarında liderliyi ələ alan müəssisədə quraşdırılmış müasir avadanlıqlar ona qısa müddətdə məhsul istehsalını artırmağa imkan vermişdir.
1 kənd 9 ölkəyə məhsul satır
Xammal bazası dünyada keyfiyyətinə görə tayı-bərabəri olmayan Daş Salahlı bentonit yataqları olan MMC Azərbaycanda yeganə müəssisədir ki, yüksək keyfiyyətli bentonit gili istehsalı ilə məşğuldur. Bentonit gilindən əsasən dəmir kürəciklərin istehsalında, qəliblə metaltökmə, qazma və inşaat işlərində, heyvandarlıqda və şərabçılıqda istifadə olunur. Hazırda müəssisədə 100 nəfərdən çox işçi çalışır ki, onların da orta aylıq əməkhaqqı 350 manatdan çoxdur.
1 kənd 9 ölkəyə məhsul satır
Müəssisənin direktor müavini Yaşar Qurbanov söhbət zamanı dedi ki, "AzRosProminvest” məhsulları əsasən Rusiyaya, Belarusa, Türkiyəyə, İsrailə, Polşaya, İtaliyaya, Yunanıstana, Hindistana və Cin Xalq Respublikasına ixrac olunur. Müəssisənin illik istehsal gücü 150 min tona hesablanmışdır. Hələlik tələbata uyğun məhsul istehsal edilir. Lakin gələcəkdə məhsul satışı üçün yeni bazarlar tapdıqdan sonra istehsalın həcmi xeyli artırılacaq.

Müəssisədə çalışanların əksəriyyəti yerli kadrlardır. Onlar hazırlıq mərhələsini keçdikdən sonra işə qəbul ediliblər ki, bu da keyfiyyətli məhsul istehsalında başlıca amildir. Məhsulun satışında da elə bir problem yaşanmır. İxrac olunan məhsulun pulu vaxtında ödənilir ki, bu da həm müəssisədə istehsalat prosesinin davamlı olmasına, həm də işçilərin əməkhaqlarını vaxtında almalarına imkan yaradır.

Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
2 may 2017-ci il



Facebook-da paylaş