Zamanın hökmü
Bu gün özünün ən uğurlu daxili və xarici siyasəti ilə dünyanı heyrətdə saxlayan Azərbaycan və Azərbaycan xalqı ən şərəfli, eyni zamanda, keşməkeşli dövrünə çatana kimi elə bir təalatümlü yollardan keçmişdir ki, sadalamaqla bitməz. Xaricdən hərbi- siyasi təzyiqlər, beynəlxalq ikili standartlar, düşmən qonşuların məkrli oyunları, ağrılı- acılı faciələr, həmçinin, inkişaf, tərəqqi, möhtəşəm Qələbə, böyük qayıdış, nəhayət beynəlxalq qlobal təşəbbüslərə müəlliflik, aktiv üzvlük və ev sahiblik kimi bir çox tarixi hadisələr... Bütün bunların fonunda müstəqil bir dövlət kimi yaşaması, getdikcə güclənməsi, haqqın, ədalətin, milli-mənəvi birliyin bərqərar olmasının inkar edilməyən tarixi bir reallığı var - Heydər Əliyev fenomeni və bu siyasətin uğurlu davamı.
Heydər Əliyev siyasəti Azərbaycanın qurtuluş savaşının, ölkənin inkişafının, düşmənin min bir hiyləsinin qarşısında mərdi-mərdanə dayanan, onilliklər, yüzilliklər boyunca Azərbaycanı inkişafa aparan mübarizələrlə dolu yoluna mayakdır. Heydər Əliyev yarım əsrdən artıq bir dövrdə müxtəlif xarakterli və səviyyəli idarəçilik sistemlərində əsl azərbaycanlı kimi heç bir təqib və hiylədən sarsılmayaraq böyük siyasətə öz imzasını möhürləyən əzəmətli tarixi şəxsiyyətdir. Zamanın mürəkkəb təlatümlərindən Azərbaycanı xilas etmək üçün Vətənimizə bəxş edilən düha sahibi, fenomenal şəxsdir. Ulu Öndər görkəmli dövlət xadimi kimi fəaliyyətinin Moskva illərində də Azərbaycanın sürətli inkişafı və beynəlxalq miqyasda tanınması istiqamətində gördüyü işlərlə Sovet ideologiyasının hökm sürdüyü bir dövrdə sübuta yetirdi ki, O, böyük Azərbaycanlıdır. Bu isə onun ən təhlükəli rəqib kimi SSRİ rəhbərliyindən uzaqlaşdırılmasına səbəb oldu. Və 1990-1993-cü illər müasir tariximizin ən ağır dövrü kimi yaddaşlara yazıldı. Çünki bu dövr o zaman Azərbaycana rəhbərlik edən səriştəsizlərin xəyanətkarlığı sayəsində Heydər Əliyev zəkasının nurundan məhrum edilmiş bir dövr idi. Heç bir bacarığı olmayan AXC-Müsavat cütlüyü ölkəni olum-ölüm dilemması qarşısında qoymuşdu. Amma tarixi zaman öz hökmünü diktə edirdi. Xalqın xilaskara - Heydər Əliyevə ehtiyacı var idi. Heydər Əliyev bu ərəfələrdə Moskvada ciddi təqiblər və ağır şərtlər altında fərdi təqaüdçü kimi yaşayırdı. Hər zaman qəlbi Azərbaycanla döyünən dahi şəxsiyyət belə bir dövrdə öz Vətəninə - Azərbaycana qayıtdı. Xilaskarlıq missiyasını yerinə yetirmək onun həyat amalı idi. Azərbaycan kimi Naxçıvan da ən ağır günlərini yaşadığı bir vaxtda Heydər Əliyev Naxçıvana getdi. Və ən ağır cəbhədən - Naxçıvandan xilaskarlıq mücadiləsinə qalxdı. Bu baxımdan Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atdı və milli dövlətçilik ənənələrinin qorunmasına xidmət edən fəaliyyətə başladı. Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR xalq deputatı Heydər Əliyevi yekdilliklə sədr seçdi. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin sədri seçilməsi ilə Azərbaycanın müstəqillik yollunun əsası qoyuldu. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açdı. Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən, azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı olan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Yeni ictimai-siyasi münasibətlərin formalaşdırılması dövründə dövlətçilik ənənələrinin qorunması məsələsi də bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası bir çox çətinliklər ilə üz-üzə qalmışdır. Naxçıvanın sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Muxtar Respublikanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar təşkil olundu. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Muxtar Respublikanın dövlət quruculuğu, müdafiə və hərbi quruculuq məsələləri, hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, iqtisadi və siyasi böhranın aradan qaldırılması, iqtisadi islahatların keçirilməsi, xarici iqtisadi əlaqələrin yaradılması, həmsərhəd xarici dövlətlərlə - Türkiyə və İranla mehriban qonşuluq münasibətlərinin qurulması və kütləvi tədbirlərə aid məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu. Ulu Öndər Heydər Əliyevin “Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü”nün təsis olunması kimi təşəbbüsünün tarixi əhəmiyyəti var. Ulu Öndərin Ali Məclisin sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı” – deyirdi Ulu Öndər Heydər Əliyev. Bəli, Heydər Əliyev Vətəni milli-mənəvi parçalanmadan xilas etdi. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi "Azərbaycan" möhürünü özümüzə qaytardı. Və zaman özü göstərdi ki, müəllifi Heydər Əliyev olan bu siyasət nə qədər dərindən düşünülmüş və uzaqgörən bir siyasətdir.
Ceyhunə HÜSEYNOVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş