• Təqvim

  • Maraq



Qazaxda “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda muzey işinin inkişafında rolu” mövzusunda tədbir keçirilib


Mayın 18-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda muzey işinin inkişafında rolu” başlıqlı tədbir keçirilib. 


Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şöbənin baş məsləhətçisi Nərmin Hüseynzadə, muzeylərin, rəsm qalereyasının, Mərkəzin direktor və əməkdaşları, səhiyyə işçiləri iştirak ediblər. 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Muzeylər Gününə həsr olunmuş videoçarx nümayiş olunub. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. G.Həsənova tədbirin əhəmiyyətindən söz açaraq bildirib ki, XX əsr müstəqil Azərbaycanın inkişafı və tərəqqisi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hakimiyyətinin  bütün dövrlərində həm dövlət başçısı, həm də vətənpərvər insan kimi Azərbaycançılıq ideologiyasinin bərqərar olması yolunda, Azərbaycanda milli-mənəvi dəyərlərin, mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın qorunması, təbliği üçün xüsusi qayğısını, diqqətini əsirgəməmiş və bütün bu sahələrdə yeni dövrün başlanğıcının əsasını qoymuşdur. Çünki dahi şəxsiyyət bilirdi ki, güclü dövlət, sağlam cəmiyyət quruculuğuna nail olmaq üçün qədim mədəniyyəti, köklü mənəvi dəyərləri təbliğ etmək əsasdır. Hər zaman mədəniyyəti xalqın böyük sərvəti hesab etdiyindən bu sahənin inkişafını hələ Sovet ideologiyasının hökm sürdüyü dövrlərdə gərgin mübarizə şəraitində diqqətdən kənarda saxlamır, həmişə mədəniyyətin böyük banisi kimi fəaliyyətinin əsas istiqamətini mədəniyyətin inkişafına yönəldirdi. Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlətçilik, müstəqilliklə bərabər tənəzzülə məhkum olan mədəniyyətimiz də öz qurtuluşuna qovuşdu. Siyasi uzaqgörənliyi, qətiyyəti və cəsarəti ilə Azərbaycan xalqının milli mədəniyyətinin, onun tarixi qaynaqlarının, tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün çox böyük işlərə başladı. Heydər Əliyevin xalqımızın maddi və mənəvi dəyərlərinə diqqəti sayəsində respublikada muzey işi yüksələn xətlə inkişaf etdi. O, xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətin - mədəniyyət dəyərlərinin toplanması, qorunması və daha da zənginləşdirilməsi üçün muzeylərin yaradılması istiqamətində mühüm işlər gördü, əhəmiyyətli qanuni hüquqi baza yaratdı. Müavin Ulu Öndərin mədəniyyətimizin inkişafı istiqamətində gördüyü işlərin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən, mayın 18-nin dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edildiyindən danışıb. C.Hüseynova bildirib ki, Azərbaycanda muzey işinə daim dövlət qayğısı və muzey işinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hər zaman muzey şəbəkəsinin genişləndirilməsi, maddi texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlamış, Azərbaycan mədəniyyəti ədəbiyyatının nəhəng simalarının memorial-xatirə muzeylərinin yaradılmasını təmin etmişdir. Dahi şəxsiyyət Heydər Əliyev yeni yaradılan muzeylərlə maraqlanır, onların ekspozisiyası ilə tanış olur, öz münasibətini bildirirdi. Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində olduğu kimi, xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra da muzey işinin inkişafına daim diqqət və qayğı göstərib, ağır iqtisadi çətinliyə baxmayaraq muzey işinə xüsusi önəm verib. Bu gün ölkəmizdə unikal memarlığa malik muzey binaları qurulur, mövcud muzeylərdə əsaslı təmir-bərpa işləri aparılır, maddi-texniki bazası möhkəmləndirilir. Eyni zamanda paytaxtda və bölgələrdə Ulu Öndərin örnək həyat yolunu və zəngin dövlətçilik irsinin yeni nəsillərə çatdırılması məqsədilə Heydər Əliyev Mərkəzləri yaradılmışdır. Heydər Əliyev Mərkəzləri, muzeyləri mənsub olduğu xalqa bağışlanmış bir dahi insan ömrünün səhifələrini canlandıran məbədlərə çevrilmişdir.


Qazax Tarix-Diyarşunaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, muzeylər milli-mənəvi dəyərlərin üzə çıxarılması, toplanması, elmi cəhətdən araşdırılması, gələcək nəsillərə çatdırılması işində faydalı və böyük əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev ölkəmizdə muzey işini daha da inkişaf etdirmək məsələsinə xüsusi diqqət göstərirdi. Həmin dövrdə hər bir şəhər və rayonda tarix-diyarşünaslıq muzeylərinin yaradılması vacib məsələ kimi qarşıya qoyulurdu. 1979-cu il mayın 25-də Nazirlər Sovetinin sərəncamı ilə mövcud olan bütün diyarşünaslıq muzeylərinin profili tarix-diyarşünaslıq muzeyləri kimi təsdiqləndi. Dövlətin qayğısı nəticəsində milli varlığımızı, adət-ənənələrimizi qorumaq, ulu keçmişimizi yaşatmaq və təbliğ etmək məqsədilə 1980-cı ildən etibarən rayonlarda tarix-diyarşünaslıq muzey şəbəkəsi genişlənməyə başlayıb. Əgər 1970-ci ildə respublikada 17 tarix-diyarşünaslıq muzeyi var idisə, onların sayı 1980-ci ildə 24, 1985-ci ildə isə 65 olub. Bildirib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan gənclərə "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi diqqətə çatdırılıb.


M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin direktoru Məhruzə Hüseynova çıxış edərək iki böyük dahi şaxsiyyətin adını daşıyan M.P.Vaqif və M.V.Vidaninin xatirə muzeyi haqqında məlumat verib. Bildirib ki, 1968-ci il noyabr ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi M.P.Vaqifin anadan olmasının 250 illik yubiley tədbirləri keçirilmişdir. Bu yubiley zamanı qərara alınmışdır ki, onun anadan olduğu Qazax rayonunda xatirə muzeyi yaradılsın. Bu qərarla əlaqədar olaraq M.P.Vaqifin xatirə muzeyi 1970-ci il noyabr ayının 20-də Qazax rayonunda yaradılmışdır. 54 yaşı olan bu muzey M.P.Vaqifin həyat və yaradıcılığı, dövlət fəaliyyəti, lirikası, davamçıları, tədqiqatçıları, müasirləri mövzusunda qurulmuşdur. 1983-cü ildə muzeyin ekspozisiyası dəyişdirilərək yenidən tərtib olunmuş, martın 21-də yenidən açılışı olmuşdur. 2002-ci ilin avqustun 2-dən muzeyin adı yenidən dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyi adlandırılmışdır. 


Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova çıxış edərək muzeylərə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, bu gün Azərbaycanda muzey işinin inkişafı diqqət mərkəzində olan məsələlərdəndir. Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış muzey müəssislərinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına nail olmaq, eksponatların təbliğinə çalışmaqdır. Hazırda Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin bu istiqamətdə ənənələri layiqincə davam etdirilir. Dövlət başçısı ölkəmizdə muzey işinin daha da təkmilləşdirilməsi üçün bir neçə sərəncam imzalamışdır. Muzeylərin inkişafı ilə bağlı Dövlət Proqramının qəbul olunması ölkədə bu sahədə əsaslı yeniliklərin yaranmasına imkan vermişdir.



Facebook-da paylaş