• Təqvim

  • Unutma

  • Maraq



Azərbaycanın məqsədyönlü və müstəqil enerji siyasətinin müəllifi - İlham Əliyev


Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi və şəxsən təşəbbüsü ilə ölkəmizdə aparılan məqsədyönlü enerji siyasəti Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi və yeni tərəfdaşlıqların təməlinin qoyulmasında mühüm rol oynayır. Azərbaycanın müstəqil enerji sisteminin formalaşdırılması, dövlət enerji təhlükəsizliyinin təmin edilməsi İlham Əliyev siyasətinin prioritetləri sırasındadır. Bu istiqamətdə ölkəmizdə əsaslı islahatlar aparılmış, enerji sektorunun inkişafında dinamik dəyişikliklər baş vermiş, dünya dövlətləri ilə yeni səmərəli tərəfdaşlıq və əməkdaşlıqlar qurulmuşdur. Bütün bunlar dövlət başçısı İlham Əliyevin gərgin əməyi, məqsədyönlü siyasəti sayəsində reallaşmışdır. Bu gün Azərbaycan regionun lider dövlətidir. Düzgün müəyyənləşdirilmiş strateji hədəflər Azərbaycanın davamlı inkişafına səbəb olmuş, etibarlı tərəfdaşa çevrilməsinin əsası olmuş, ölkəmizdə müxtəlif tipli tədbirlər, sərgilər, görüşlər keçirilməsi üçün sabit məkan yaratmışdır. Belə tədbirlərdən biri də tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan "Xəzər Neft və Qaz sərgisi”dir. Bu tədbir hər il Xəzər regionunun əsas neft, qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya toplayır. İlk sərgi 1994-cü ilin sentyabr ayında "Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib və Ulu Öndər Heydər Əliyev bu tədbiri yüksək qiymətləndirib. Çünki bu sərgi dünya neft və qaz şirkətlərini Azərbaycanın neft, qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma idi. I Beynəlxalq sərgi isə 1994-cü ilin 24 may tarixində keçirilib və Heydər Əliyev tədbirdə iştirak edib. Sərginin keçirilməyə başladığı tarixdən Azərbaycanda bu sahə yeni mərhələyə qədəm qoyub. Və illər ərzində mütəmadi olaraq bu sərgilər təşkil edilib, sonuncu 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi pandemiyadan öncə 2019-cu ildə Bakı Ekspo Mərkəzində təşkil olunub, sərgidə dünyanın 250-dən artıq şirkəti iştirak edib. Hər il baş tutan Xəzər Neft və Qaz Sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair çoxlu sayda memorandumlar, saziş və müqavilələr imzalanıb. Növbəti 27-ci Beynəlxalq Xəzər Neft Qaz Sərgisinin açılış mərasimi 2022-ci ilin 1 iyun tarixində keçirilmiş və Prezident İlham Əliyev tədbirdə iştirak və çıxış etmişdir.

27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolunun həqiqətən çox vacibliyini qeyd edən ölkə Prezidenti bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycanın dünyaya açıq olduğunu elan etdiyini bildirib. Dövlət başçısı ölkənin energetika layihələrindən danışaraq qeyd edib ki, ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan "Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı-Tbilisi-Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Layihə "Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq.

Çıxışı zamanı Cənub Qaz Dəhlizinin reallaşmasından danışan Prezidentİlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin icrası zamanı Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman bəlli oldu ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir. Öz çıxışında Azərbaycan qazına olan tələbatın sürətlə artmasından söz açan Prezident qeyd edib ki, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik. Birləşmiş Ştatlar və Birləşmiş Krallıq Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunub. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak etmişlər. Azərbaycan etibarlı tərəfdaşdır. Hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Azərbaycan öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından öz öhdəliklərinə hörmət etməyi gözləyir.

Prezident həmçinin bildirib ki, Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan "ACWA Power” və "Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır. Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib. Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir. Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları var. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırılır. Azərbaycan zəruri infrastruktura malikdir. Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadə verilib. Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. SOCAR və BP strateji tərəfdaşdırlar. Azərbaycan üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investordur. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. Enerji layihələri daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. İqtisadiyyatı güclü olan dövlət isə hər zaman güclüdür. Güclü olan isə hər zaman qalibdir, liderdir!

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş