• Təqvim

  • Maraq



Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında dövlət başçısının xarici KİV-lərə verdiyi müsahibələr böyük əhəmiyyətə malikdir


Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi söz və mətbuat azadlığının təmin olunması istiqamətində əsaslı islahatlar aparıldı, mühüm əhəmiyyətli işlər görüldü. 2003-cü ildən sonra isə bu siyasət Ulu Öndər siyasi kursunun davamçısı İlham Əliyev tərəfindən davam etdirilir. Demokratik, azad mətbuatın təmin edilməsi hər zaman diqqət mərkəzində saxlanılır. Çünki ölkə həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın gücü böyük əhəmiyyətə malikdir. 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinxarici KİV-lərə 30-dan çox müsahibə verməsi dövlət başçısının mediaya olan yüksək münasibətinin təzahürü idi. Həmçinin xarici ölkələrin media nümayəndələrinə verdiyi müsahibələrlə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla beynəlxalq aləmin bu məsələyə münasibətdə Azərbaycanın haqlı mövqeyinə dəstəyinə nail olunmuşdu. İstər müharibə dövründə, istərsə də müharibədən sonra dövlət başçısının xarici KİV nümayəndələrinə müsahibələri Azərbaycanın ədalətli mövqeyinin dünyaya bəyan edilməsinə və beynəlxalq aləmin artıq əsl həqiqətləri dərk etməsinə səbəb olmuşdu.

Dövlət başçısının İspaniyanın "El Pais” qəzetinə verdiyi müsahibəsi Azərbaycan-Ermənistan münasibətlərinin müharibədən sonrakı vəziyyəti haqqında tam, dolğun təəssüratın dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir və bir sıra mesajların verilməsi ilə yaddaşlarda qalır.

"El Pais” qəzetinə müsahibəsində dövlət başçısı Rusiya sülhməramlı qüvvələrinin Qarabağda daşıdığı məsuliyyət haqqında danışaraq bildirib ki, həmin ərazilərdə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir. Prezident həmçinin bildirib ki, Ermənistan qisas almaq cəhdlərindən vaz keçmir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Məğlubiyyət onların otuz ildir davam edən "yenilməz ordu”, "əsgər və komandirlərin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Ermənistanın ərazisinə Azərbaycanın hər hansı bir səbəb olmadan müdaxilə etməsi ilə bağlı rəsmi İrəvanın iddiaları əsassızdır. Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsidir. Ötən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə ərazidə iqlim şəraiti əlverişsiz idi. Qar əriməyə cari ilin may ayında başladı və dərhal Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı. Sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, ordumuz dövlət sərhədində mövqe tutdu.

Azərbaycanın dövlət başçısı bütün təhdid yarada biləcək cəhdlərin qarşısının alınacağını vurğulayıb və bildirib ki, Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Bütün təhlükələr dərhal aradan qaldırılacaqdır.

Ölkə rəhbəri öz müsahibəsində qeyd edib ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Ermənistan rəhbərliyindən heç bir cavab verilməyib. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir.

Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. Ermənistan öz əsassız bəyanatları ilə danışıqlar prosesini məhv etdi. İndi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Ümid edirik ki, Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər.

Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində görüşlər davam edir. Bu işçi qrupun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var. Avtomobil yolunun açılmasının qaçılmaz olduğuna dair aydın təsəvvürlər mövcuddur. Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimi müzakirə olunur. Hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik.

Azərbaycan müharibədə qalib gəlib və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir. Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasından keçir. Bu istiqamətdə ictimai rəy formalaşdırılmalıdır.

Azərbaycan hər zaman sülhü dəstəkləyib. Bu gün də dəstəkləməkdədir. Ermənistan da qeyri-konstruktiv mövqeyindən əl çəkməli və sülhə tərəfdar olmalıdır. Belə olarsa ümumilikdə Cənubi Qafqaz regionunda sülh bərqərar olar.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş