• Təqvim

  • Unutma

  • Maraq



“Təcavüzkar və işğalçı siyasət”


Ermənistan zaman-zaman tarixin müəyyən dövrlərində Azərbaycana qarşı torpaq iddiası irəli sürmüşdür. Mənfur qonşumuz Ermənistan Azərbaycanın tarixi torpaqlarına göz dikərək, torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırım siyasəti həyata keçirmişlər. Ermənistan tək torpaqlarımıza deyil, milli–mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək mənimsəmək istəmişlər. XX əsrdə dəfələrlə azərbaycanlılara qarşı törədilmiş fəlakətlər erməni vandalizminin bariz nümunəsidir. 1991-1994-cü illərdə Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon işğal olundu. Hərbi təcavüz nəticəsində 25 mindən artıq Azərbaycan vətəndaşı həlak oldu, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrildi.

Prezident İlham Əliyevin 2021-ci il 26 avqust tarixində Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edərkən bildirdiyi kimi, XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birincisi, 1920-ci ildə. O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə də iqtisadi əsası var idi. Sadəcə olaraq, bizim canımıza bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Ona da cəllad Stepan Şaumyanın adını verdilər, Stepanakert adlandırdılar.

Gənc nəsil münaqişə ilə bağlı bütün tarixi həqiqətləri bilməlidir. 1940-1950-ci illərdə Ermənistan ərazisindən – qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, 1980-ci illərin sonlarında erməni separatizminin baş qaldırması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi. Əksinə, separatçıları təhrik edirdilər, onların havadarları bizə meydan oxuyurdular. Ulu Öndər Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra bu, ortalığa atıldı. Görünür ki, çoxdan belə planlar var idi. Amma Heydər Əliyev amili, onun qətiyyəti və gücü imkan vermirdi ki, baş qaldırsınlar. O vaxtkı Azərbaycan rəhbərliyi, sadəcə olaraq, buna ya hazır deyildi, ya da ki, öz vəzifə borcunu yerinə yetirə bilmədi.

Bu gün 44 günlük müharibədə, haqq-ədalət uğrunda savaşımızda əldə etdiyimiz qələbəmizdən sonra Azərbaycan öz torpaqlarını geri qaytardı. Tarixi sahiblərinə qaytarılan və 30 il ərzində düşmən tapdağında inləyən o yerlər artıq azaddır. Amma vandallar həmin ərazilərdə bir salamat bina, ev, qəbiristanlıq qoymayıblar. Bu isə Ermənistanın işğalçı, vandalizm siyasətinin sübutudur.

İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyev mütəmadi olaraq həmin ərazilərə səfərlər edir. Səfərləri zamanı Prezident İlham Əliyev bütün dünyaya ermənilərin vandalizm siyasətini real faktlarla sübut edir, real görüntülərlə dünya ictimaiyyətinə çatdırır.

Bu gün artıq işğaldan azad edilmiş ərazilərdə bərpa–quruculuq işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəxsən təməlqoyma mərasimlərində iştirak etməsi ərazilərimizin bərpa işini, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsini sürətləndirir.

Prezident İlham Əliyev həm də qeyd edib ki, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul olunub. Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Birinci Qarabağ müharibəsindən sonra bizim təxminən 4 minə yaxın itkin düşmüş insanımız olmuşdur. Ermənilər onların nəşini bizə qaytarmadılar. Təkcə azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılmışdır. Burada da Azərbaycan humanistlik göstərir. Biz yenə də humanizmin ən ülvi əlamətlərini, prinsiplərini rəhbər tutaraq bu işi də görürük.

Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, öz sərhədlərini özü qoruya bilmir, öz hesabına yaşaya bilmir. Belə olan halda müstəqillikdən söhbət gedə bilməz. Çünki müstəqil ölkəyə xas olan əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi onların işğalçılıq siyasətidir. Bu gün Ermənistan nə gündədir, hər kəs bunu görür. Əlbəttə, acı məğlubiyyətin şokunu onlar hələ uzun illər yaşayacaqlar.

Uzun illər ərzində Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Şuşada qanunsuz məskunlaşma gedirdi. Bu, hərbi cinayətdir. Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, o cinayətlərə göz yuman da məsuliyyət daşıyır. Bizim uğurlu əməliyyatlarımız buna son qoydu. Bütün dünya erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar, 60-dan çox məscid dağıdılıb. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Ermənistan rəhbərliyi bütün müsəlman aləmini təhqir edib. Qəbirləri dağıdan da, qəbir daşlarının üzünü silərək satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir, evlərimizi kərpic-kərpic söküb öz daxmasına daşıyan da ermənidir.

Azərbaycan 44 günlük savaşda hərbi gücə sahib olduğunu sübut etdi. 10 noyabr tarixində Azərbaycanın qələbəsini təsdiq edən kapitulyasiya aktı imzalandı. Bununla da Dağlıq Qarabağ məsələsi öz həllini tapdı.

Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri başa çatdıqdan sonra qaçqın və köçkün düşmüş soydaşlarımız öz torpaqlarına qayıdacaq. Qarabağda və digər azad edilmiş Azərbaycan torpaqlarında yenidən həyat başlayacaq.

Səidə QOCAYEVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi



Facebook-da paylaş