• Təqvim

  • Maraq



Prezidentin hər səfəri uğurlu gələcəyimizin ifadəsidir


2003-cü ildən müstəqil Azərbaycanın tarixinə yeni əsrin yeni lideri kimi adı qızıl hərflərlə yazılan, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq ölkəmizin daha da inkişafı yolunda yorulmaz fəaliyyəti, istər daxili, istər xarici siyasəti ilə yeni bir mərhələnin əsasını qoydu. Siyasi karyerasının elə ilk günlərindən vətəndaş amilini, vətəndaşın rifahını, sosial vəziyyətini iş prinsipinin əsası bilərək təkcə paytaxtda deyil, o cümlədən şəhər və rayonlarda kəndlərdə sosial iqtisadi inkişafa xüsusi önəm verdi. Bu məqsədlə imzaladığı Dövlət Proqramlarına təkcə nəzarətlə kifayətlənmədi, həmçinin regionlara mütəmadi səfərləri ilə yerlərdə sözügedən Dövlət Proqramlarından irəli gələn tədbirlərin həyata keçirilməsinin şəxsən şahidi oldu, şəxsən iştirakçısı oldu. Regional inkişaf proqramlarının effektiv şəkildə həyata keçirilməsi baxımından dövlət başçısının rayon və bölgələrə səfərləri həm bu işlərin dövlətin nəzarətində və diqqətində olduğunu, həm də həmin Dövlət Proqramlarının icrasını sürətləndirməklə yanaşı, işlərin icrasını üzərinə götürən qurumların fəaliyyəti üçün böyük stimul, güclü təkan əhəmiyyəti kəsb edir. Öz səfərlərində dövlətimizin başçısı yeni layihələrin icrası, yeni infrastrukturun qurulması ilə yanaşı, həm də tariximizi özündə yaşadan qədim abidələrimizin də vəziyyəti ilə maraqlanır, tarixi abidələrin konservasiya və bərpaya ehtiyacı olanların nəzarətə götürülməsi işinin təşkil edilməsini təmin edir. Bunun nəticəsi olaraq son illərdə ölkənin bütün rayon və şəhərlərində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, böyük infrastruktur layihələr həyata keçirilir. Genişləndirilən siyasi, iqtisadi imkanlar isə Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsinə, regionda reallaşdırılan bütün beynəlxalq irimiqyaslı layihələrin Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınmasını labüd edir. 

Ölkə başçısının növbəti səfəri cari ilin 12 avqust tarixində İsmayıllı rayonuna olmuş və rayonun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə vermişdir. Prezidentin müsahibəsi xüsusi məqamları ilə yadda qalmışdır. Basqalın tarixi əhəmiyyəti haqqında danışan ölkə başçısı bu yerin tarixi simasının qorunmalı olduğunu, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şəraitin yaradılmasını, iş yerlərinin açılması üçün yeni imkanların olmalı olduğunu qeyd etmişdir. Prezident Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışının bölgənin turizm potensialını böyük dərəcədə genişləndirməsini və bu oteldə 300-ə yaxın iş yerində işləyənlərin də yerli sakinlər olduğunu bildirmişdir. “Yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılır” - deyən ölkə başçısı Ağsu rayonunda böyük aqroparkın fəaliyyətinin bölgə iqtisadiyyatına töhfə verdiyini qeyd etmiş, orada da 200-ə yaxın iş yerinin açıldığını bildirmişdir. Yeni infrastruktur layihələrin icrasından danışan İlham Əliyev bildirmişdir ki, istər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. “Diri Baba” türbəsi bərpa və konservasiya olunub. “Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb.

Prezident müsahibəsində həmçinin ərzaq təhlükəsizliyi məsələsinə də toxunmuş və qeyd etmişdir ki, bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq. Biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi. Təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək böyük nəticə olacaqdır. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlərdən danışan ölkə başçısı qeyd etmişdir ki, azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.

Ölkə başçısı həmçinin ermənilərin müharibədəki məğlubiyyətindən sonra da bəzi təxribatlara yol verdiklərindən də danışmış və bildirmişdir ki, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq. 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır. Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı.

Prezident bir daha xəbərdarlıq etmişdir ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər.

Qarabağda yaşayan ermənilərin statusu haqqında ölkə başçısı birmənalı olaraq bildirmişdir ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq, onlar da bizim vətəndaşlarımızdır. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. 

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş