• Təqvim

  • Maraq



Daş Salahlı kəndində 100-ə yaxın ailənin su problemi artıq öz müsbət həllini tapıb


Bu gün əminliklə deyə bilərik ki, insan amili, vətəndaş məmnunluğu Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasında dayanır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları bunu deməyə əsas verir. Ən əsası isə bu, hər bir dövlət məmuru üçün örnəkdir.

Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman örnək götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.


Ötən yazımızda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Daş Salahlı kəndində "Pasyolka” adlanan ərazidə yaşayan sakinlərin müraciətinə yerində baxması, istəklərini dinləməsi barədə məlumat vermişdik. Sakinlərin su ilə bağlı müraciətlərini diləyən rayon rəhbəri hər zaman olduğu kimi, qaldırılan bu məsələyə də həssaslıqla yanaşılacağını, həlli istiqamətində lazımi addımların atılacağını bildirmişdi. Budur, artıq qaldırılan məsələ öz müsbət həllini tapıb. Sözügedən ərazidə yaşayan 100-ə yaxın ailənin su təminatının yaxşılaşdırılması üçün 1700 metr uzunluğunda su xətti çəkilib.


Mayın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Daş Salahlı kəndində olub, görülmüş işlərlə maraqlanıb. Sakinlərlə görüşən icra başçısı bundan sonra da edilən müraciətə, qaldırılan məsələyə həssaslıqla baxılacağını, vətəndaş məmnunluğunun təmin ediləcəyini qeyd edib.

Kənd sakini Cəlal Osmanov müraciətlərinə operativ şəkildə baxılmasına, qaldırılan məsələnin həlli istiqamətində görülən işlərə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə sakinlər adından minnətdarlığını bildirib.









 

GOYEZEN.AZ



Facebook-da paylaş