Qazaxda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub
1990-cı ilin yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, Sovet imperiyası rəhbərliyinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın suverenliyini və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Bakıya yeritdiyi böyük ordu hissələri amansız cinayətlər və kütləvi qırğınlar törədib. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürdülər. Bu gün 1990-cı ilin yanvar qurbanları simvolik olaraq "20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər "20 Yanvar şəhidi” vardır. Xeyli sayda insan canından keçsə də 20 Yanvar faciəsi bütün dünyaya sübut etdi ki, sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu.
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: "...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı... Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndər Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: "Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən Müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib. Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib. Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam hüquqi-siyasi qiymət verilib. 1994-cü il martın 29-da dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsi ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymətini aldı. Milli Məclisin həmin qərarında deyilir: "Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında ölkə Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixli Sərəncamın imzalanması, həmin Sərəncamda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi, ildönümlə bağlı tədbirlər planının hazırlanması, onun həyata keçirilməsi 20 Yanvar şəhidlərinə olan sonsuz ehtiramın bariz nümunəsidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Sərəncamı ilə təsdiq edilən "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı"na əsasən respublikanın hər yerində olduğu kimi, Qazaxda da silsilə anım tədbirləri keçirilib.
Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 29 dekabr 2019-cu il tarixli 9-21/234 nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin 30-cu ildönümü geniş şəkildə qeyd olunub.
Tədbirlər planının davamı olaraq bu gün şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında ucaldılmış memorial abidə kompleksinin önündə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar izdihamlı anım mərasimi keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, şəhər sakinləri, kütləvi informasiya vasitələrinin nümayəndələri anım mərasimində iştirak ediblər. 3 minə yaxın rayon sakini bugünkü müstəqil Azərbaycanı bizlərə bəxş edən şəhidlərimizə dərin ehtiramlarını çatdırıblar.
Şəhidlərin ruhuna dua oxunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra könüllülərdən Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Pəri İbrahimova, Qazax Dövlət Sosial-İqtisadi Kollecin III kurs tələbəsi Ləman Hüseynova və II kurs tələbəsi Tutu Qocayeva şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
Daha sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatının məsul işçiləri və hüquq-mühafizə orqanlarının rəhbərləri memorial önünə gül dəstələri qoyub, Vətənin azadlığı uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə iştirak edən idarə, müəssisə və təşkilatların kollektivləri, rayon sakinləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri də Şəhidlər xiyabanında memorial önünə gələrək Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib, abidə önünə tər qərənfillər düzüblər.
Tədbir boyu xiyabanda həzin musiqi səsləndirilib. Bakı vaxtı ilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.
GOYEZEN.AZ
Facebook-da paylaş