20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan tarixinə Qanlı
Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il
keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma
Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına,
torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə
azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet
İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə
ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə
xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı
siyasətinin növbəti mərhələsi idi. Ermənistan SSR-in respublikamıza ərazi iddialarına,
radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və
soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin
bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı
rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları
xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq
etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və
proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin
yaratdı. Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi
uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa
can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin
süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Mərkəzi hakimiyyət
1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını
və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı
şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet Ordusu hissələrinin,
xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta
SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı
hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda
dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin
düşdü. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu
Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda
kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz
rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz
qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də
qətiyyətlə pislədi. Azərbaycanda vaxtında dərindən araşdırılmayan və
adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Azərbaycan Respublikası Prezidentinin "20 Yanvar faciəsinin 4-cü ildönümünün
keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan
Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi
sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü
il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret
qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq,
xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən
törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz
azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi
sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin
müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən
övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni
parlaq səhifə yazdılar. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini
daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər
zaman uca tutur. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin
müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin – günahsız Qanlı
Yanvar qurbanlarının əziz xatirəsini bir daha dərin hüznlə yad edərək, faciənin
otuzuncu ildönümü ilə əlaqədar, Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının ərazisində və ölkəmizin
hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş
anma mərasimləri keçirilsin. 2. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər
planını hazırlasın və onun həyata keçirilməsini təmin etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 13 dekabr 2019-cu il.
Facebook-da paylaş