Qazaxda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunub
1990-cı il yanvar
faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından
növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən
gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı
dəhşətli cinayət işlədib. 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət
Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və
Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif
tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun
xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt
etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə
vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri
amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət
elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər
öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın
25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə,
qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər
öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və
qocalar,həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Qoşunların
qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət
olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər
və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif
şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə,
80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin
törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv
edilib. Faciədən dərhal
sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə
birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə
həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata
kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib:
"...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə
və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağlıq
Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi
tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də
yaranmazdı... Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”. Elə həmin
il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında
ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren
hüquqlarına qəsd kimi qiymətləndirib: "Mən belə hesab edirəm ki, 19-20 yanvarda
baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən
Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş
bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin
nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən Müharibəsi qurtarandan sonra
Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər,
bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər
böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata
keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin
vaxtından qabaq gəlib. Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə
vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar
nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal
Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan
xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının
qarşısında cinayətdir”. Yanvar faciəsi
ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin
sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına,
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı
yanvarın 22-də paytaxtın "Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar
matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın
insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə
sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi
haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən
respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib. Bu epoxal hadisə
Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət
müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra
milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq
öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 1994-cü il martın
29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali
qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət
verilib. Milli Məclisin həmin qərarında deyilir: "Azərbaycanda vüsət tapmış
milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq
amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini
alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının
gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin
Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin
müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi
Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və
cinayət kimi qiymətləndirilsin”. Hər il yanvarın
20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və
qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları
endirilir. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz
Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi
doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən respublikanın hər yerində olduğu kimi, Qazaxda da silsilə anım tədbirləri keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 19 dekabr
2018-ci il tarixli, 9-21/170
nömrəli Sərəncamına əsasən
hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə, təşkilatlarında,
bütün ümumtəhsil müəssisələrində faciənin ildönümü geniş şəkildə qeyd olunub. Tədbirlər planının davamı olaraq şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanında ucaldılmış memorial abidə kompleksinin önündə 20 Yanvar
faciəsinin 29-cu ildönümü ilə əlaqədar izdihamlı anım mərasimi keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının,
hərbi hissələrin, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, təhsil, səhiyyə
və mədəniyyət müəssisələrinin kollektivləri, şəhər sakinləri, kütləvi informasiya
vasitələrinin nümayəndələri anım mərasimində iştirak ediblər. Şəhidlərin
ruhuna dua oxunduqdan sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, aparatının məsul işçiləri və hüquq-mühafizə orqanlarının rəhbərləri memorial
önünə gül dəstələri qoyub, Vətənin azadlığı uğrunda canından keçmiş oğul və
qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər. Tədbirdə
iştirak edən idarə, müəssisə və təşkilatların kollektivləri, rayon sakinləri,
ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri də Şəhidlər xiyabanında
memorial önünə gələrək Ümumxalq Hüzn
Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib, abidə önünə tər qərənfillər
düzüblər. Tədbir
boyu xiyabanda həzin musiqi səsləndirilib. Bakı
vaxtı ilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax
rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət
dayandırılıb, səs siqnalları verilib. GOYEZEN.AZ
Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı
illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda
pislənilən bütün əlamətlər müşahidə edilib.
1990-cı il yanvar qurbanları simvolik olaraq "20
Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər "20 Yanvar şəhidi”
vardır.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini
əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir,
xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər
düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin
nifrətini bildirir.
Facebook-da paylaş