• Təqvim

  • Maraq



Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Ulu öndər Heydər Əliyev Qazax Seminariyasının tarixi əhəmiyyətini xüsusi vurğulamışdı: "Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Əminəm ki, müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinin neçə-neçə nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir”.

Respublika Prezidenti İlham Əliyev 3 noyabr 2018-ci il tarixdə Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haq­qında Sərəncam imzalamışdır.

Cümhuriyyətimizin ilk günlərində böyük ziyalı Firidun bəy Köçərlinin sayəsində bu təhsil mü­əssisəsinin Qoridən Qazaxa köçürülməsi, müstəqil dövlətimiz üçün müəllim kadrları hazırlayan ilk təhsil ocağının fəaliyyətə başlaması nəsillərə nümunə olacaq tarixi hadisədir. Qazax Müəllimlər Se­minariyası öz təhsil və təlim modelinə görə Azərbaycana Üzeyir bəy Hacıbəyli, Cəlil Məm­məd­qu­lu­zadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Firidun bəy Köçərli kimi şəxsiyyətlər bəxş etmiş Qori Seminariyasının varisi idi. Qürurverici haldır ki, bu varisliyi Qazax Seminariyası layiqincə doğrulda bildi. Bu təhsil məbədi Azərbaycana Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Seyfulla Şamilov, Möhsün Poladov, İsmayıl Şıxlı kimi böyük dövlət, elm, maarif və incəsənət xadimləri vermişdir.

Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Qazax Müəllimlər Seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub.

Bu gün Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Qazax filialı ilə birlikdə Azərbaycanda təhsilin və elmin müasir problemləri, təhsilə vurulan zərər, elm-təhsil siyasətinin inkişafı, Qori seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi səbəbləri və s. məsələlərin müzakirəsi ilə bağlı "Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçir­ilib. Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş konfransın işində Türkiyə dövlətindən, Borçalıdan, Bakı, Gəncə, Mingəçevir, Şəki, eləcə də respublikamızın müxtəlif bölgələrindən olan elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib, 60-dan artıq məruzə dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş nitqi ilə çıxış edərək konfransa qatılan qonaqları salamlayıb, konfransı açıq elan edib və işinə uğurlar arzulayıb. İcra başçısı ulu öndər Heydər Əliyevin Qazax Müəllimlər Seminariyasının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunda söylədiyi dəyərli fikrləri konfrans iştirakçılarının diqqətinə çatdıraraq qeyd edib ki, "Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Əminəm ki, müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinin neçə-neçə nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir”.

Rayon rəhbəri bildirib ki, təsadüfi deyil ki, ulu öndərin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev respublikada mədəniyyətin və təhsilin inkişafına hər zaman xüsusi önəm verir. Ölkə Prezidentinin Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı kimi görkəmli şəxsiyyətlər yetişdirmiş Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi haqqında imzaladığı 3 noyabr 2018-ci il tarixli 642 nömrəli Sərəncam bunun bariz nümunəsidir.

R.Babaşov bildirib ki, Sərəncama müvafiq olaraq Qazax Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədbirlər planı hazırlanmış və həmin tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilməkdədir.

Rayon rəhbəri Sərəncamın icrası ilə bağlı görülən işlərdən də söz açıb. O, 27 noyabr 2018-ci il tarixdə Qazax Rayon İcra Hakimiyyətində rayon ziyalılarının iştirakı ilə geniş müşavirə keçirildiyini, görüləcək işlər və veriləcək təkliflərin müzakirə edildiyini və Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı işçi qrupunun yaradılması haqqında 9-21/144 nömrəli Sərəncam imzalandığını qeyd edib.

Bundan əlavə, 12 mart 2019-cu il tarixdə S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbdə Təhsil Nazirliyinin təşkilatçılığı ilə "100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı növbəti "Novruz mühazirəsi” keçirildiyini bildirib. 17 mart 2019-cu il tarixdə "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə ekskursiyaya çıxan Kürdəmir, Saatlı, Sabirabad, Zaqatala, Balakən və Qax məktəblilərinin Qazax rayonu ilə tanışlığı zamanı Qazax Müəllimlər Seminariyasına da baxış keçirdiklərini vurğulayıb. (6 rayon üzrə 270 şagird).

13 aprel 2019-cu il tarixdə Atatürk mərkəzində Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçirildiyini diqqətə çatdırıb.

Rayon rəhbəri 30 aprel 2019-cu il tarixdə Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Qərb qapısı sayılan Qazaxda qonaq olan zaman səfər çərçivəsində Qazax Müəllimlər Seminariyası ilə də yaxından tanış olduqarını bildirib.

İcra başçısı qeyd edib ki, bu gün hər birimizin iştirakçısı olduğumuz "Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfrans da həmin silsilə tədbirlərdən biridir və bundan sonra da tədbirlər planına müvafiq olaraq işlər davam etdiriləcəkdir.

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək əvvəlcə təhsil sahəsinə verilən yüksək qiymətə görə ölkə başçısı İlham Əliyevə, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya qazaxlı ziyalılar adından dərin minnətdarlığını bildirib. Son illər ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində görülən işlərdən söz açan dosent keçirilən konfransın əhəmiyyətindən danışıb. Bu cür konfransların təşkil olunmasını təhsilimizin yaşadılması istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə rəhbərinin imzaladığı 3 noyabr 2018-ci il tarixli Sərəncamın bütün qazaxlı ziyalılar, eləcə də rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandığını bildirib.  

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov çıxış edərək konfrans iştirakçılarını salamlayıb, ən xoş arzularını çatdırıb. Konfransın yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə və BDU-nun Qazax filialının əməkdaşlarına minnətdarlığını bildirib. Natiq bugünkü konfransı təhsillə elmin sintezinə həsr olunmuş tədbir kimi qiymətləndirib. Təhsildə qorunan, Azərbaycanda milli mədəni dəyərlərə dövlət qayğısından bəhs edib. Təhsil məbədi olan Qazax Müəllimlər Seminariyasının Azərbaycana bəxş etdiyi Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Seyfulla Şamilov, Möhsün Poladov, İsmayıl Şıxlı kimi böyük dövlət, elm, maarif və incəsənət xadimlərdən danışıb. Firidun bəy Köçərlinin Azərbaycan təhsilinin inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərdən söz açıb. Qeyd edib ki, bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizdə ordudan sonra xüsusi diqqət və qayğı göstərilən ikinci əsas sahə məhz təhsil sahəsidir.

Azərbaycan Dillər Universitetinin nümayəndəsi, dosent Misgər Məmmədov da gənclərin elmə, tədqiqatlara istiqamətlənmək prosesinin başlandığından, elmə ciddi həvəs göstərənlərin çoxalması və bu istiqamətdə müvafiq qurumların dəstəyindən bəhs edib. Qazax Müəllimlər Seminariyasının Qazaxa köçürülməsi səbəblərindən danışıb. Bu Seminariyanın Azərbaycana təkcə ədəbiyyat, mədəniyyət sahəsində deyil, riyaziyyat, fizika, eləcə də digər sahələrdə də saysız-hesabsız şəxsiyyətlər bəxş etdiyini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Plenar iclasda həmçinin professor, BDU Qazax filialının müəllimi Hüseyn Xəlilov "BDU-nun Qazax filialı Qazax Müəllimlər Seminariyasının varisliyi yolunda, professor, Gəncə Dövlət Uni­versitetinin müəllimi, Əməkdar elm xadimi Xəlil Yusifli "Firidun bəy Köçərli və irsi”,professor, AMEA Folklor İnstitutunun müəllimi Cəlal Qasımov "Qori Seminariyasının repressiyaya məruz qalmış məzunları”, professor, Ərdahan Universitetinin müəllimi Ərdoğan Altınkaynak "İndekslerde taranan dergilere ait kriterler ve akademik yayıncılık göstergeleri”, professor, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin müəllimi Mahmud Kamaloğlu "Qori Müəllimlər Seminariyasının Borçalı məzunları”, professor, Edebiyat Sanat ve Sanatçılar Derneği Başkanı Şahamettin Kuzucular "Azerbaycana armağan Eşref bey ile Zühre han”adlı məruzələr ediblər.

Açılış iclasından sonra konfrans Bakı Dövlət Universitetinin Qazax filialında 8 bölmədə öz işini davam etdirib.

BDU Qazax filialının direktoru Arif Rüstəmov filialda qonaq olan konfrans iştirakçılarını bir daha salamlayıb və bölmə iclaslarının iştirakçılarına uğurlar arzulayıb.

Filialın tədris və elmi iş­lər üzrə direktor müavini, dosent Məmməd Yusifov konfrans iştirakçılarını salamlayıb və bölmə iclasının keçirilməsi üçün bölgüləri elan edib. Daha sonra bölmə iclaslarına start verilib.

GOYEZEN.AZ



Facebook-da paylaş