Qazax müəllimlər seminariyasının 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans təşkil ediləcək
GOYEZEN.AZ saytı AZƏRTAC-a istinadən bildirir ki, AMEA-nın Folklor İnstitutu, Qazax Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin Qazax filialı may ayında "Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirməyi planlaşdırır.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, Qazax müəllimlər seminariyasının 100 illik yubileyinə həsr olunan konfrans Qazax şəhərində keçiriləcək. Konfransda müəllimlər seminariyasının tarixinə, Azərbaycan folklorşünaslığına, elm və təhsilin problemlərinə dair məruzələr dinləniləcək. Konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini aprelin 1-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı, ölkəmizin mədəniyyət tarixində mühüm yeri olan "Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il noyabrın 3-də Sərəncam imzalayıb. Cümhuriyyətimizin ilk günlərində böyük ziyalı Firidun bəy Köçərlinin sayəsində bu təhsil müəssisəsinin Qoridən Qazaxa köçürülməsi, müstəqil dövlətimiz üçün müəllim kadrları hazırlayan ilk təhsil ocağının fəaliyyətə başlaması nəsillərə nümunə olacaq tarixi hadisədir. Qazax müəllimlər seminariyası öz təhsil və təlim modelinə görə Azərbaycana Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Firidun bəy Köçərli kimi şəxsiyyətlər bəxş etmiş Qori seminariyasının varisi idi. Qürurverici haldır ki, bu varisliyi Qazax seminariyası layiqincə doğrulda bildi. Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Qazax müəllimlər seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub.
Facebook-da paylaş