Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2018-ci ilin noyabr ayında Qazax müəllimlər seminariyasının yaradılmasının
100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Qazax müəllimlər
seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq
səhifələrindəndir. Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy
Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyası
bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni
təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına
misilsiz töhfələr vermişdir. Respublikanın bölgələri ilə yanaşı, qonşu ölkələr
üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış
seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə
həkk olunmuş çox sayda tanınmış simalar vardır. Qazax müəllimlər seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil
işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün
zəngin irs qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və Azərbaycan təhsil sisteminin inkişafında müstəsna
xidmətlərini nəzərə alaraq, Qazax müəllimlər seminariyasının yaradılmasının
100-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara
alıram: 1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Qazax Rayon İcra Hakimiyyətinin
təklifləri nəzərə alınmaqla, Qazax müəllimlər seminariyasının 100 illik
yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 noyabr 2018-ci il.
Facebook-da paylaş