Atatürk Mərkəzində Qazax müəllimlər seminariyasının 100 illik yubileyi ilə əlaqədar konfrans keçirilib
Bakı. Azərbaycan Atatürk Mərkəzində Qazax müəllimlər seminariyasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans və Şəmistan Nəzirlinin "Qoridən gələn qatar” kitabının təqdimatı keçirilib. Tədbirdə Atatürk Mərkəzinin, "Qazax Xeyriyyə” İctimai Birliyinin rəhbərliyi və üzvləri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi, Qazax müəllimlər seminariyasının araşdırıcıları, Qazax rayonunun nümayəndələri, tanınmış elm xadimləri iştirak edib.
"Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov konfransı giriş sözü ilə açaraq Prezident İlham Əliyevin Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı 3 noyabr 2018-ci il tarixli Sərəncamın əhəmiyyətini yüksək qiymətləndirib. Bugünkü tədbirin həmin tarixi sənədin icrası ilə əlaqədar görülmüş işlərin davamı olduğunu qeyd edib. Eyni zamanda, yazıçı-publisist Şəmistan Nəzirlinin "Qoridən gələn qatar” kitabının yeni nəşrinin təqdim olunduğunu bildirib.
"Qoridən gələn qatar” kitabının müəllifi yazıçı-publisist Şəmistan Nəzirli çıxış edərək Zaqafqaziya Müəllimıər Seminariyasının yaranmasını və fəaliyyətini tarixi sənədlər əsasında qələmə aldığından danışıb.
Pedaqoji elmlər doktoru professor, Rusiya Elmlər Akademiyasının xarici üzvü Hüseyn Əhmədov öz çıxışında elmi fəaliyyətinin əsas hissəsini seminariyanın araşdırılmasına həsr etdiyini bildirib. AXC-nin qərarı əsasında yaradılmış Qazax müəllimlər seminariyasının Azərbaycan maarif salnaməsinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edib.
AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov çıxış edərək görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firudin bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyasının ana dilinin inkişafına, Azərbaycanda elmin, maarifin və mədəniyyətin tərəqqisinə verdiyi misilsiz töhfələrdən danışıb.
Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov çıxış edərək Azərbaycan təhsil sisteminin yaranmasında və inkişaf etməsində Qazax müəllimlər seminariyasının oynadığı roldan danışıb, onun əhəmiyyətini yüksək qiymətləndirib.
Xalq şairi Nəriman Həsənzadə seminariyanın məzunları olmuş Səməd Vurğunun, Mehdi Hüseynin, Osman Sarıvəllinin, İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatına verdikləri töhfələrdən söz açıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov öz çıxışında Qazax müəllimlər seminariyasını Azərbaycanın maarifçi fikir tarixinin mühüm bir hissəsi kimi qiymətləndirib.
"Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl seminariyanın 100 illik yubileyi ilə əlaqədar Qazax rayonunda görülən işlərdən söz açıb. Qeyd edib ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bununla bağlı sərəncam verib. Sərəncama uyğun olaraq hazırlanmış Tədbirlər planı Təhsil Nazirliyinə təqdim edilmiş və olduğu kimi qəbul edilərək təsdiq edilmişdir. Yubileylə əlaqədar rayonun qabaqcıl elm, təhsil və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Seminariyanın 100 illiyi ilə bağlı "Ziya ocağı” adlı tarixi kitabın yazılmasına başlanılmışdır. Eyni zamanda, araşdırma aparmaq üçün Gürcüstan Milli Arxivinə müraciət edilmişdir. Yubileylə bağlı "Qoridən gələn Ziya qatarı” filminin çəkilməsi də nəzərdə tutulmuş, filmin ssenarisi yazılmış və yaxın günlərdə çəkilişlərinə başlanılacaqdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetinin Qazax filialı ilə birlikdə may ayında seminariyanın 100 illiyinə həsr edilmiş "Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulmuşdur.
"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, tədqiqatçılardan İsmayıl Umudlu, Pərixanım Mikayılqızı, tənqidçi Əsəd Cahangir isə öz çıxışlarında keçirilən konfransı yüksək qiymətləndiriblər.
Seminariyanın məzunu Qənirə Mehdixanlı, şair Zaməddin Ziyadoğlu seminariyanın 100 illiyinə və Ş.Nəzirliyə həsr etdikləri şeirlərini oxuyublar.
"Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov konfransa yekun vuraraq Qazax müəllimlər seminariyasının Azərbaycanın təhsil tarixində xüsusi yeri olduğunu qeyd edib, bu sahədə gələcəkdə görüləcək işlərdən danışıb.
Facebook-da paylaş