• Təqvim

  • Maraq



Qazaxda Molla Pənah Vaqifin 300 illik yubileyi təntənə ilə qeyd edildi

Qazaxda Molla Pənah Vaqifin 300 illik yubileyi təntənə ilə qeyd edildi
Yubiley tədbiri şairin doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndindən başlamışdır. İştirakçılar şairin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq görkəmli Azərbaycan şairi və mütəfəkkiri Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin 12 yanvar 2017-ci il tarixli sərəncamının əhəmiyyətindən danışmışdır.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal şairin həyat və yaradıcılığından danışdıqdan sonra Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Teymur Bünyadov, şair-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi çıxış edərək Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışmışlar.
Şairin nəslindən olan Vidadi Müftizadə ailəsi adından ölkə başçısına, eləcə də yubiley tədbirinin təşkilatçılarına minnətdarlığını bildirdikdən sonra respublikamızın müxtəlif bölgələrindən gəlmiş saz və söz ustaları ürək sözlərini söyləmişlər.
Sonra Yuxarı Salahlı kənd orta məktəbinin şagirdlərinin və Bakı Dövlət Universitetinin Qazax filialının tələbələrinin ifasında şairin şeirlərindən nümunələr səsləndirilmiş, Səməd Vurğunun "Vaqif” pyesindən bir parça nümayiş etdirilmişdir.
Şairin doğulduğu kənddə keçirilən yubiley tədbiri Aşıq Şahmurad Qazaxlının saz havasında ifa etdiyi Molla Pənah Vaqifin "Durnalar” şeiri ilə başa çatmışdır.
Yubiley tədbiri rayonun Gənclər Mərkəzində keçirilən elmi-praktik konfransla davam etdirilmişdir.
Konfrans Molla Pənah Vaqifin həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə öz işinə başlamışdır. Sonra müxtəlif mövzularda məruzələr dinlənilmişdir.
Ulu öndər Heydər Əliyevin Molla Pənah Vaqif haqqında "Böyük şairimiz Molla Pənah Vaqif XVIII əsrdə şeir dilini xalq dilinə daha da yaxınlaşdırdı. Onun yazdığı şeirləri xalqın bütün təbəqələri həm anlaya, həm qavraya bildi, həm də sevdi. Beləliklə, o, Azərbaycan şeirində yeni bir yol açdı” dediyi sözlər konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Sonra AMEA-nın Ədəbiyyat İnstitutunun professoru İslam Qəribli, AMEA-nın həqiqi üzvü Teymur Bünyadov, Azərbaycan Slavyan Universitetinin professoru Rüstəm Kamal, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri İsmayıl Kazımov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Aslan Salmanov və başqaları məruzələrlə çıxış etdilər.
Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər Qazax Olimpiya İdman Kompleksində keçirilən konsertlə davam etdirildi.
Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
17 may 2017-ci il


Facebook-da paylaş