• Təqvim

  • Maraq



Qazax müəllimlər seminariyası təmir olunacaq

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli və demokratik mövqeyi Qori seminariyasının Azərbaycan (tatar) şöbəsinin Qazaxa köçürülməsini təmin etmişdi. Milli Hökumətin Gəncə xəzinəsindən 5080 manat qızıl pulla Azərbaycan (tatar) şöbəsinin əmlak xərcini ödəməsi və Gürcüstan hökumətilə əldə olunmuş razılıq, habelə böyük millətsevər, maarifçi Firidun bəy Köçərlinin fədakarlığı bu işdə mühüm rol oynamışdı. Seminariyanın tatar şöbəsinin əmlakının Ağstafa vağzalından Qazaxa köçürülməsində çox böyük fədakarlıq göstərən Qazaxın camaatı, Qori seminariyasının Qazaxdakı keçmiş məzunları yaxından iştirak etmişlər. Özünün 17 otağı olan mülkünü seminariyaya bağışlayan Qazaxın Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun hərəkəti isə sonsuz dərəcədə fərəhli, bugünkü nəsillərə nümunə ola biləcək hadisə kimi xatırlanmağa layiqdir. Bəli, bu gün fəaliyyət göstərdiyi dövrdə Azərbaycana S.Vurğun, Ü.Hacıbəyov, M.Maqomayev, F.Köçərli, Ə.Seyidov, S.Vəlibəyov, T.Bayraməlibəyov, Y.Qasımov, M.Ə.Xələfov və başqa onlarla görkəmli şəxsiyyətlər bəxş edən Qazax müəllimlər seminariyasının 100 yaşı tamam olur.

Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında, elm və təhsilin inkişafında xüsusi xidməti olan Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında ölkə prezidenti İlham Əliyev tərəfindən 3 noyabr 2018-ci il tarixli Sərəncamın imzalanması isə bir daha onu göstərdi ki, dövlət və dövlət başçısı İlham Əliyev Azərbaycanda təhsil sahəsinə hər zaman xüsusi qayğı ilə yanaşır. Azərbaycan təhsilində, mədəniyyətində, eləcə də bir çox sahələrdə görkəmli şəxsiyyətlər bəxş edən Qazax rayonu həmişə ziyalıları ilə seçilib. Qazax müəllimlər seminariyasının 100 illiyinin qeyd olunması barədə ölkə rəhbəri tərəfindən Sərəncam imzalanması bu gün qazaxlı ziyalılara verilən ən böyük qiymət və dəyərdir.

Prezident İlham Əliyevin elm, təhsil tariximizdə silinməz izlər qoymuş Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı həmin Sərəncama əsasən Təhsil Nazirliyi və Qazax Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra işlər görülmüşdür. Bununla bağlı Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam imzalanmış və tədbirlər planı hazırlanmışdır. Görülməsi nəzərdə tutulan işlərdən biri də binanın təmir olunmasıdır.

Ötən yazımızda icra başçısının təmirlə əlaqədar Qazax müəllimlər seminariyasına baxış keçirməsi və təmir işləri ilə əlaqədar tapşırıqlar verməsi barədə qeyd etmişdik.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədovla birlikdə növbəti dəfə seminariyada olub, mövcud vəziyyətlə maraqlanıblar. Görüləcək işlər müzakirə olunduqdan sonra binanın dam örtüyündə və xarici fasadında cari təmir işlərinin aparılması qərara alınıb. Rayon rəhbəri təmir işləri ilə əlaqədar aidiyyəti üzrə bəzi tapşırıq və tövsiyələrini verib.














GOYEZEN.AZ



Facebook-da paylaş