Qazaxda 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib
Bu gün Qazax rayonunda 1 oktyabr -prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısıaparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilaların rəhbərləri, RİHB-nin İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, BDU Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, ziyalılar, KİV nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər. Ümummilli liderin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olublar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibətilə baş prokuror Zakir Qaralov başda olmaqla prokurorluq sahəsində çalışan bütün əməkdaşları təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir. Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür.
Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Əlirza Babayev "Prokurorluq orqanlarının yaranma tarixi, formalaşması və fəaliyyəti” mövzusunda geniş çıxış edərək bildirib ki, oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaranmasının 100-cü ildönümü qeyd ediləcəkdir. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının birini Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli Sərəncam imzalamışdır.
Qeyd edib ki, dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada qoyulmuşdur. Həm Qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi böyük təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunmuşdur. Rusiyada prokurorluq isə"Baş prokurorun vəzifəsi haqqında” 12 yanvar 1720-ci il tarixli fərmanla təsis edilmiş, 1802-ci ildə Rusiyada Ədliyyə Nazirliyi yarandıqdan sonra ədliyyə naziri eyni zamanda ölkənin baş prokuroru hesab edilmişdir.
1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycan xalqının və torpaqlarının parçalanmasının əsası qoyulmaqla Azərbaycan Rusiya tərəfindən işğal edilərək burada 1841-ci il yanvar ayının birinədək komendant idarəçilik sistemi tətbiq olunmuş, bundan sonra Zaqafqaziya Ümumrusiya mülki idarəetmə sisteminə keçirilməklə, məhkəmənin nəzdində prokuror nəzarəti təsis edilmişdir. 1862-ci ildə qəbul edilən prokurorluq haqqında əsas müddəalar Rusiyada prokuror nəzarətinin təyinatını, onun predmetini, prokurorların vəzifə və səlahiyyətini müəyyən etmişdir. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apellyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokurorları və onların müavinləri həyata keçirmişlər. 1868-ci ilin fevralında Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan 13 yeni məhkəmə idarələri yaradılmışdır.
Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən sonra başlamışdır. Mürəkkəb, amma şərəfli inkişaf yolu keçən, dövlətçiliyin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə mühüm rol oynayan Azərbaycan prokurorluğunun sələfi Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı dairə məhkəməsinin tərkibində təşkil edilmiş prokurorluq orqanı olmuşdur. Bu orqan dövrün çətinlikləri ilə - ilk növbədə, maliyyə və kadr problemləri ilə üzləşsə də, öhdəsinə düşən vəzifələrin icrasını təmin etmək üçün lazımi tədbirlər həyata keçirmiş və öz fəaliyyətini qeyd edilən Xalq Cümhuriyyəti Nazirlər Şurasının 14 noyabr 1918-ci il tarixdə təsdiqlədiyi "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə"yə uyğun qurmuşdur.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə müstəqil dövlətin təsisatı kimi öz işini dayandıran milli prokurorluq orqanları ölkəmizin SSRİ kimi fövqəldövlətin tərkibində olduğu dövr ərzində hakim partiyanın sinfi xarakter daşıyan mənafelərinə xidmət edən bir qurum kimi fəaliyyət göstərmişdir. Bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli «Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında» dekreti ilə Azərbaycan SSR-də Sovet prokurorluğunun əsası qoyulmuşdur. 1936-cı ilin iyul ayında Azərbaycan SSR prokurorluğu xalq ədliyyə komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır.
Stalin hakimiyyəti dövründə uzun illər davam edən kütləvi siyasi repressiyalar prokurorluq orqanlarının kadrlarından da yan keçməmişdir. 1937-1938-ci illərdə Azərbaycanda "Düşmən və cinayətkar ünsür kimi” 21 nəfər prokurorluq işçisi əsassız mühakimə edilmişdir. Onların arasında Respublikanın Baş prokurorları B.Vəlibəyov, Ə.Talıblı, baş prokurorun müavini Ə.Babaxanov, Şamaxı rayon prokuroru Ə.Əmirov və digərləri də olmuşlar. Ağır repressiya illərində də Azərbaycan prokurorluq orqanları əməkdaşlarının böyük əksəriyyəti öz vəzifə borclarını namusla yerinə yetirmişlər.
Böyük Vətən Müharibəsi illərində digər dövlət strukturları kimi prokurorluq orqanlarının da işi hərbi vəziyyətə uyğun qurulmuşdur. Həmin dövrdə Azərbaycan Prokurorluğunun fəaliyyəti fərarilərlə mübarizə, hərbi məhsulların tədarükü, cəbhəyə yardım və arxa cəbhənin möhkəmləndirilməsi haqqında qanunların icrasını təmin etməyə yönəlmişdir. O dövrdə döyüşən orduya 70 prokuror və 163 müstəntiq səfərbər olunmuşdur. Onlardan bir çoxu döyüşlərdə həlak olmuş, böyük əksəriyyəti orden və medallarla təltif edilmişdir.
Sonrakı dövrlərdə prokurorluq orqanlarının fəaliyyəti 24 may 1955-ci ildə qəbul edilmiş "SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamə” və 30 noyabr 1979-cu il tarixdə qəbul edilmiş "Prokurorluq haqqında” SSRİ Qanununa əsasən təşkil olunmuşdur.
Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra anarxiya və xaos kimi səciyyələndirilən 1991-1992-ci illər və 1993-cü ilin birinci yarısını əhatə edən dövr ərzində Azərbaycan dövləti görünməmiş siyasi və iqtisadi tənəzzül, separatçı meyllərin güclənməsi və vətəndaş müharibəsi, müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üzləşmişdi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra həyata keçirilən təxirəsalınmaz və qətiyyətli tədbirlər sayəsində ölkəmizdə dövlət çevrilişi cəhdləri, vətəndaş müharibəsi və seperatizm təhlükəsi aradan qaldırıldı, cinayətkarlığa qarşı barışmaz mübarizə elan edilməklə dayanıqlı ictimai-siyasi sabitlik əldə edildi, demokratik hüquqi dövlət quruculuğu prosesinə başlanıldı.
Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra digər hüquq mühafizə orqanları kimi prokurorluğun qarşısına mühüm tələblər qoyulmuş, onun sıraları sağlam, əqidəli kadrlarla möhkəmləndirilməyə, təsadüfi, cinayətkar ünsürlərlə əlaqəsi olanlardan təmizlənməyə başlanmışdır. Bu dövrdə müstəqil dövlətçiliyin əleyhinə olan cinayətlər, görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktları, dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələri, o cümlədən sadə vətəndaşlarımızın əmanətlərinin talan edilməsi kimi ağır cinayət hadisələri məhz prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarcasına istintaq edilmiş, təqsirkar şəxslər layiqli cəzalarını almışlar. Bu dövrdə ölkəmizdə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət və hərbi çevrilişlərinə cəhdlərin qarşısı məharətlə alınmışdır. Həmin hadisələrlə bağlı cinayət işlərinin istintaqının aparılmasında prokurorluğun bir qrup əməkdaşı xüsusilə fərqlənməklə dövlətin etimadını doğrultmuşdur. Məhz ona görə də Ümummilli lider Heydər Əliyev prokurorluq işçilərinin peşə fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda, Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.
1995-ci ildə ümummilli liderin rəhbərliyi ilə lahiyəsi hazırlanılıb, ümumxalq səsverməsində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikası Baş Prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşmiş orqan kimi tanımış, onun statusunu müəyyənləşdirmişdir. Bu statusa uyğun olaraq qəbul edilmiş "Prokurorluq haqqında” 7 dekabr 1999-cu il tarixli Qanun, qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunun icra və tətbiq olunmasına nəzarət etmək, cinayət işlərinin istintaqını aparmaq və ibtidai istintaqa prosessual rəhbərlik, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət, cinayət işlərinə baxılmasında dövlət ittihamının müdafiəsi, məhkəmədə iddia qaldırmaq, məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədinə nail olunmasında iştirak etmək məsələlərini prokurorluğun fəaliyyət istiqamətinə aid etmişdir.
2002-ci ilin sentyabr ayının 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmiş, onun hüquq sistemindəki yerini və rolunu daha da gücləndirmişdir.
Prokurorluğun demokratik məzmunlu sivil bir dövlət qurumu kimi yenidən formalaşmasında ulu öndər Heydər Əliyevin respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi görüşün müstəsna əhəmiyyəti olmuşdur. Məhz prokurorluq işçiləri üçün taleyüklü əhəmiyyət kəsb edən bu müşavirədən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara start verilmiş, dövlət başçısının həmin müşavirədəki proqram xarakterli çıxışından irəli gələn tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirmiş, prokurorluq orqanlarında həyata keçirilən islahatların əsasını təşkil etmişdir. Ulu öndərin söylədiyi "Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır...” sözləri respublikanın prokurorluq işçilərinə yüksək etimad göstərməklə bərabər üzərlərinə böyük məsuliyyət qoymuşdur. Həyata keçirilən islahat tədbirləri "Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işlərin səmərəli təşkili üçün hərtərəfli təminat yaratmışdır.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı hörmətli prezidentimiz İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli qayğı və diqqət göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Prokurorluğun dövlət təsisatı kimi daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında Dövlət başçısı tərəfindən imzalanmış sərəncamlara müvafiq olaraq Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və dövlət ittihamının müdafiəsi üzrə qurumlarının yeni sisteminin yaradılması, mütəmadi olaraq prokurorluq əməkdaşlarının əməyinin fərqləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqinə başlanılması, prokurorluq işçilərinin sosial-maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində görülən tədbirlər prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında da öz müsbət rolunu oynamışdır.
Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi ilə əlaqədar 28 dekabr 2006-cı il tarixdə Azərbaycan Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncam imzalamış və həmin sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən konkret Tədbirlər Planı hazırlanaraq icraya yönəldilmişdir.
Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Azərbaycan Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir. Həmın sərəncamda dövlət quruculuğu sahəsində davam etdirilən islahatların və ölkəmizin cinayət hüquq sisteminin inkişafının demokratik cəmiyyətdə prokurorluğun rolunun artırılmasında, eləcə də fəaliyyətini müasir dövrün tələblərinə uyğun olaraq keyfiyyətcə yeni səviyyədə qurmasında müstəsna əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanmışdır.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi, həmçinin digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, "Prokurorluq haqqında” Qanunda müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.
Ölkə Prezidenti tərəfindən 22 iyun 2009-cu il tarixdə imzalanmış "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanla ölkədə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsinin əsası qoyulmaqla, Azərbaycan Respublikasının Baş Prokurorluğuna büdcə və digər maliyyə vəsaitlərinin, həmçinin bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində korrupsiya və digər cinayətlərə dair prokurorluq orqanlarına daxil olan müraciətlərə, qanunvericilik aktlarına müvafiq olaraq müəyyən edilmiş qaydalarda səmərəli baxılması tövsiyə edilmişdir.
Korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün ölkədə başqa işlərlə bərabər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş bir sıra tədbirlər də görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 mart tarixli Fərmanı ilə idarənin prokurorluq işçilərinin ümumi say tərkibi xeyli artırılmış, 18 mart 2011-ci il tarixdə "Prokurorluq haqqında” və "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişikliklər edilməklə, korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına tapşırılmışdır. Həmçinin, Prezidentin 2011-ci il 08 aprel tarixli Fərmanı ilə korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlamanın aparılması və ya korrupsiya ilə bağlı cinayətlərin istintaqı zamanı müxtəlif peşə sahələrində xüsusi biliklərə malik şəxslərdən istifadə etməklə fiziki və ya hüquqi şəxslərin fəaliyyətinin yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mütəxəssislər qrupunun yaradılması nəzərdə tutulmuşdir.
Azərbaycanda uğurla reallaşdırılan dövlət gənclər siyasətinə və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə edilməsi barədə Dövlət Başçısının tapşırıqlarına uyğun olaraq, mütəmadi olaraq, gənc hüquqşünasların şəffav prosedurlar əsasında prokurorluğa qəbulu aparılır. İşə qəbul olunan gənclər hazırda prokurorluq orqanlarının kadr korpusunun 65 faizdən çoxunu təşkil edir, gənclər daima vəzifələrdə irəli çəkilirlər.
Geniş məruzə ilə çıxış edən natiq qeyd edib ki, əminliklə demək olar ki, dövlətinə, xalqına və Prezidentinə hər zaman sadiqlik nümayiş etdirən prokurorluq orqanları bundan sonra da üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirməklə, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutacaq, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun reallaşdırılması sahəsində bütün zəruri tədbirləri həyata keçirəcəklər.
Qazax Rayon Polis şöbəsinin rəisi Ədalət Əliyev, Qazax Rayon Məhkəməsinin hakimi Ağarza Səmədov, BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Sərbəst güləş üzrə SSRİ İdman Ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev çıxış edərək Azərbaycan Prokurorluğunun 100 illik yubileyi münasibətilə dövlətimizin, xalqımızın qanunumuzun keşiyində dayanan, öz peşəsini şərəflə yerinə yetirən prokurorluq işçilərini təbrik ediblər. Müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcək işlərində uğurlar arzu ediblər.
Qazax Rayon Prokurorunun müavini, I dərəcəli hüquqşünas Qasım Ağayev "Prokurorluğun fəaliyyət istiqamətləri” mövzusunda çıxış edərək qeyd edib ki, dövlət quruculuğu və idarəetmə prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına böyük diqqət göstərən ümummilli lider Heydər Əliyevin milli prokurorluq orqanlarının inkişafında müstəsna rolu olmuşdur. Prokuror peşəsinə dərin hörmət və ehtiramının bariz təzahürü kimi o, hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi barədə 17 iyul 1998–ci il tarixli sərəncam imzalamışdır. Ulu öndər "Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” kəlamını deməklə prokurorluq orqanlarına öz etibar və inamını ifadə etmişdir. Milli demokratik hüquqi dövlətin qurulması üçün mükəmməl hüquq sisteminin olması əsas şərtlərdən biri olduğundan ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ilin əvvəllərində konstitusiya komissiyası yaradılaraq ümumbəşəri ideya və dəyərləri əks etdirən yeni Konstitusiyanın layihəsi hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş ümumxalq səsverməsi - referendumda qəbul edilmişdir. Müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, dövlətin və idarəetmənin hüquqi əsaslarını formalaşdıraraq respublikamızda hüquq sisteminin bünövrəsini yaradan Konstitusiyada Respublika Prokurorluğuna xüsusi olaraq 133-cü maddə həsr edilmişdir.
Ümummilli lider Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu sahəsində müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildikdən sonra məhkəmə-hüquq islahatlarının aparılması daha da sürətləndirilməklə 1996-cı ilin fevralında imzaladığı fərmanla hüquqi islahatlar üzrə komissiya yaradılmışdır. Komissiya tərəfindən ictimai münasibətlərin müxtəlif sahələrini tənzim edən çoxlu qanunların, o cümlədən prokurorluğun fəaliyyətinə aid müddəaları nəzərdə tutan normativ hüquqi aktlar hazırlanmışdır. Bu layihələr əsasında qəbul edilmiş "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və digər qanunlarla yanaşı, xüsusilə Prokurorluq orqanları ilə bağlı "Prokurorluq haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" və digər qanunvericilik aktlarının qəbul edilməsi, normativ sənədlərin onun tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə və beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlmişdir.
Ulu öndərin siyasi davamçısı cənab Prezident İlham Əliyev də daim prokurorluq orqanlarına öz diqqət və qayğısını əsirgəməmişdir.
Prokurorluq orqanlarının fəaliyyət istiqamətləri "Prokurorluq haqqında» 07.12.1999-cu il tarixli qanununun 4-cü maddəsində müəyyənləşdirilmişdir. Qanunun həmin maddəsində eyni zamanda prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, "Prokurorluq haqqında” qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulmasının yolverilməzliyi barədə imperativ norma da vardır.
1. Prokurorluğun qanunla nəzərdə tutulmuş hallarda və qaydada cinayət işi başlanması və ibtidai istintaq aparması onun əsas fəaliyyət istiqamətlərindən biridir.
Bu fəaliyyət istiqaməti prokurorluğun cinayət təqibini həyata keçirməsi funksiyasının mühüm mərhələlərindən birini təşkil edir. Cinayət prosessual qanunvericilikdə cinayət hadisəsinin əlamətləri olduqda cinayət işinin dərhal başlanılması cinayət təqibini həyata keçirən orqanlara bir vəzifə kimi tapşırılmışdır.
Cinayət işinin başlanması təxirəsalınmadan həyata keçirilməsində 2 hal fərqləndirilir.
Birincisi, Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan səbəblər və əsaslar olduğu bütün hallarda yəni, törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxslərin (Azərbaycan Respublikası CPM-in 204-cü maddəsi), hüquqi şəxslərin (vəzifəli şəxslərin) məlumatları (Azərbaycan Respublikası CPM-in 205-ci maddəsi), kütləvi informasiya vasitələrinin məlumatları (Azərbaycan Respublikası CPM-in 206-cı maddəsi) olduqda və yaxud törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların cinayət təqibi orqanı tərəfindən bilavasitə aşkar edildiyi hallarda (Azərbaycan Respublikası CPM-in 208-ci maddəsi) təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır.
İkinci halda, cinayət-prosessual qanunvericilik cinayət işinin təhqiqatçı və yaxud müstəntiq tərəfindən deyil, yalnız ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən fakt üzrə dərhal başlanılmasını müəyyənləşdirmişdir. Bunlara Azərbaycan Respublikası CPM-in 209.2-ci maddəsində nəzərdə tutulmuş hallar (qətl əlamətlərinin izləri ilə insan meyiti aşkar edildikdə, tanınmamış insan meyidi, insan bədəninin hissələri, yaxud onların basdırılma yerləri aşkar edildikdə, insan qanunsuz olaraq azadlıqdan məhrum edildikdə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə açıq çağırışlar olduqda, cəza çəkən və ya həbsdə olan şəxs müvafiq olaraq azadlıqdan məhrumetmə yerindən, həbsdən, yaxud mühafizə altından qaçdıqda və s.) aitdirlər.
2018-ci ilin ötən dövründə rayon prokurorluğunda AR-nın CM-nin müxtəlif maddələri ilə 18 cinayət işi başlanılaraq keyfiyyətli istintaqının aparılması təmin edilmiş, 53 cinayət xarakterli yoxlama materialları araşdırılmış, 154 müraciətə baxılaraq müvafiq cavablar verilmişdir.
Son 4 il ərzində rayonun kriminogen durumuna nəzər yetirdikdə, rayon prokurorluğu və RPŞ-nin gərgin və ağır əməyi nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətlərin açılması tam təmin edilmiş, obyektiv və hərtərəfli ibtidai istintaqın aparılması həyata keçirilmiş, cinayət törətmiş şəxslər müəyyən edilərək məhkəmə məsuliyyətinə verilməklə layiqli cəzalarını almışlar.
2. İbtidai istintaqa prosessual rəhbərlik etmək və qanunlara riayət olunmasını təmin etmək prokurorluğun digər əsas fəaliyyət istiqamətlərindən biridir. Bu fəaliyyət istiqaməti prokurorluğun cinayət təqibini həyata keçirmək funksiyasının mühüm mərhələsidir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hüquq və vəzifələri, eləcə də bu fəaliyyət istiqamətinin hüquqi tənzimlənməsi cinayət-prosessual qanunvericiliklə müəyyənləşdirilir. 2018-ci ilin hazırkı dövrünə kimi RPŞ-nin İstintaq bölməsində isə 62 cinayət işi istintaq olunmuş, Təhqiqat bölməsində isə 736 yoxlama materialı araşdırılmışdır. Həmin cinayət işləri və yoxlama materialları nəzarət qaydasında rayon prokurorluğunda öyrənilmiş, cinayət işləri prokuror tərəfindən ittiham aktları təsdiq edilməklə baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir.
3. Prokurorluğun qanunda nəzərdə tutulmuş üçüncü fəaliyyət istiqaməti təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarətdən ibarətdir.
Burada nəzərə almaq lazımdır ki, əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarətin həyata keçirilməsi bu səlahiyyətin həyata keçirilməsi müvəkkil edilmiş müvafiq prokurorluq orqanları və müvafiq struktur qrumlarmın vəzifələridir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorunun "Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin təşkili haqqında” 14.03.2001-ci il tarixli 02/54 №-li əmrinin tələblərinə əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti, FHN və DSX, Ədliyyə və Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarəti Baş Prokurorluğun müvafiq nəzarət idarələri, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin bu sahədə fəaliyyətində qanunlann icrasına nəzarəti Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarəti Respublika hərbi Prokurorluğu və qanunla müəyyən edilmiş səlahiyyətlər daxilində müvafiq tabe prokurorlar həyata keçirirlər.
4. Məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir.
Azərbaycan Respublikasının İXM-nə edilmiş son əlavə və dəyişikliklərlə prokurorluq orqanları üzərinə mühüm vəzifələr qoyulmuşdur. Belə ki, İXM-nin 54-cü maddəsi İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarətinə xüsusi yer verilməklə, həmin maddənin 2-ci bəndində 30-a yaxın maddə üzrə birbaşa prokurorun səlahiyyətinə aid olaraq inzibati icraat başlanması həvalə edilmişdir. Bundan başqa, sözügedən Məcəllədə prokurorun səlahiyyətləri kimi məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest vermək hüququ vardır.
Hətta, qanunvericiliyin tətbiqi ilə əlaqədar "İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarətinin təşkili barədə” 03.03.2016-cı il tarixli 10/14 nömrəli Azərbaycan Respublikasının Baş prokurorunun əmri təsdiq edilməklə icraya yönəlmişdir.
5. Məhkəmədə iddia qaldırmaq (ərizə vermək), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak etmək prokurorluğun fəaliyyət istiqaməti kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.
Azərbaycan Respublikası MPM-in 50.2-ci maddəsinə əsasən, təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün prokuror iddia qaldıra bilər və mülki prosesdə tərəf kimi iştirak edə bilər.
6. Prokurorluğun mühüm fəaliyyət istiqamətlərindən biri də məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak etmək, dövlət ittihamını müdafiə etmək və məlikəmə qərarlarından protest verməkdən ibarətdir.
Burada nəzərə almaq lazımdır ki, ibtidai istintaq aparan və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmədə dövlət ittihamını müdafiə edə bilməz («Prokurorluq haqqında» Azərbaycan Respublikası qanununun 19-cu maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası CPM-in 84.4-cü maddəsi). Ədalət mühakiməsinin həyata keçirilməsində ittihamçı tərəf kimi çıxış edən prokuror ittihamı sübuta yetirmək vəzifəsi daşıyır. Lakin cinayət işi üzrə toplanmış sübutlar ittihamın təsdiq edilməsinə imkan vermirsə və yaxud kifayət deyildirsə, prokuror ittihamı müdafiə etməkdən tam və ya qismən imtina etməlidir.
7. Nəhayət, prokurorluğun fəaliyyət istiqamətlərindən sonuncusu isə prokurorun qanunla nəzərdə tutulmuş hallarda və qaydada məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak etməkdən ibarətdir. Bu fəaliyyət istiqamətini həyata keçirən prokuror hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxarkən rəy (təklif) verir. Prokurorun həmin rəyində (təklifində) məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, işin digər hallarının tədqiqi nəticəsində toplanmış obyektiv məlumatlar və qanunun tələbləri, məhkumun səhhəti, cəza çəkmə dövründə davranışı, əməyə, tədris-tərbiyəyə münasibəti, islah olunub olunmaması barədə cəzaçəkmə müəssisəsi müdriyyətinin təqdimatı ilə əsaslandırılmalıdır.
Bildirib ki, Prokurorluq orqanları öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmaqla daim qanunun aliliyini rəhbər tutaraq cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, cəmiyyətin və dövlətimizin maraqlarının qorunmasında mühüm rol oynayır.
Sonda 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibətilə Qazax Rayon ProkuroruƏlirza Babayev, Qazax Rayon Prokurorluğunda müstəntiq, üçüncü dərəcəli hüquqşünas Kənan Nəzərov Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Qazax Rayon Prokurorluğunda böyük mütəxəssis, üçüncü dərəcəli referent Leyla Qəfərova isə qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Rayon Prokuroru Əlirza Babayev sonda bir daha çıxış edərək tədbirin belə yüksək səviyyədə keçirilməsinə, xüsusilə də prokurorluq işçilərinə verdiyi dəyərə görə rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş