• Təqvim

  • Maraq



Qısa tanışlıq


Hörmətli oxucu! Çoxlarını belə bir sual düşündürür. Haqları da var. İsmayıl Şıxlı Kosalardandır, yoxsa Şıxlıdan? Əgər Şıxlıdandırsa, onda nə üçün rəhmətlik ata-anası, doğma bacıları Kosalar kənd qəbiristanlığında uyuyur? Bu kənddəndirsə, onda ədəbi təxəllüsünü niyə bəs Şıxlı götürüb? İsmayıl Qəhrəman oğlu /Şıxlınski/ Şıxlı 1922-ci ildə Şıxlı kəndində, "Ağalıq” yurdunda, bəy ailəsində doğulub.               

1904-cü ildə Qori Seminariyasını bitirən atası Qəhrəman Şıxlinski Qazax rayonunun Kəmərli, Qaymaqlı, Çaylı, Qarapapaq kəndlərində müəllim kimi fəaliyyət göstərib, özü harda işləyibsə, ailəsi də onunla birlikdə olub.

Bir yandan ağalıq yurdunun dağılması, doğmalarını itirməsi, bir yandan da hər addımbaşı izlənməsi Qəhrəman Şıxlinskini bərk sarsıtsa da, səmimi və halal insan, bacarıqlı pedaqoq kimi hər yerdə özünə hörmət qazana bilir. Təbiətən mülayim, xeyirxah, dünyanın bicliyindən, oğru-əyriliyindən tamamilə bixəbər olan Qəhrəman Şıxlinski, nəhayət ki, Kosalar kəndində məskən salır və ömürlük bu kənddə qalır. Çünki onun bu kənddə doğma bacısı yaşayırdı. Bir müdət o, bacısı evində, Kosalarda mötəbər kişilərdən biri sayılan Qaranın oğlu İsmayılın mülkündə yaşayır. Ailədə uşaqların sayı artandan sonra ona özünün işlədiyi məktəb binasında ailəsi üçün iki göz otaq ayırırlar. Ən nəhayət, Qəhrəman müəllimə Kosalar kəndinin "Aşağı oba”sı səmtdən ev tikdirmək üçün həyətyanı sahə verirlər.          

İsmayıl Şıxlını sonralar da bu kəndə bağlayan, yay istirahət günlərini burada keçirməsinə, dünyanın çox  kurortlarından Kosalar kəndini üstün tutmasına səbəb məhz bacısının burada yaşaması idi.

Mən həyatda çox dayıoğlu, bibiqızı görmüşəm. Amma anam kimi dayıoğlu istəyən görməmişəm. Sonralar böyüyüb yaşa dolanda bu istəyin əsas səbəbini anamın bu kənddə qərib olmasında gördüm. Ata yurdu çoxdan dağılıb. Ata-qardaş, əzizləri bir gecənin içində gedər-gəlməzə göndərilib. Həyat yoldaşı müharibəyə gedib, qayıtmayıb, vur-tut ona qardaşı İsmeyil, Qəhrəman dayısı, bir də onun üç balası qalıb.

Anam hər gün "Aşağı obaya” gedib baş çəkərdi. Deyərdi ki, dayımı görməyəndə elə bilirəm ağalıq yurdunun bərbad edilən günüdür.

Bəlkə elə buna görə imiş ki, mən orta məktəbin doqquzuncu sinfində bilmişəm ki, İsmayıl Şıxlı anamın qardaşı yox, dayısı oğlu imiş.

Gözümü açandan, dilim söz tutandan İsmayıl Şıxlıya "İsmayıl dayı” Qəhrəman Şıxlıya isə "Qəhrəman baba” demişəm. Zənnimcə, möhtərəm oxucu məni anlayar və xatirələrimdə "İsmayıl dayı” sözünə görə məni qınamazlar.

...Zatını dananlardan

Anama xəbər verdilər ki, İsmayıl Bakıdan gəlib. Anam sevincək məni də götürüb dayısı evinə - Aşağı oba məhəlləsinə getdi. Onda mənim yeddi yaşım varmış.

İsmayıl dayımın anası Mina bibi, bacıları Validə, Həbibə, Həmidə, bir də anam həyətdə idilər. Çörək tədarükü görürdülər.

Mən evin içində idim. Qəhrəman baba ilə İsmayıl dayı çay içə-içə söhbət edirdilər. Onların da danışıqları, nədən söhbət etdikləri yadımda deyil. Amma İsmayıl dayının dediyi son sözlər və Qəhrəman babanın ona cavabı indinin özündə də qulağımdan getmir.

- Ay baba, bir həftə bundan əvvəl gənc yazarlarla görüş keçirildi. Mir Cəfər şəxsən özü iştirak edirdi. Mənim familiyam çəkiləndə elə bil kişini tok vurdu. Diksinmiş tərzdə dönüb məni təpədən-dırnağa qədər kinli-kinli süzdü. Elə baxırdı ki, sümüyüm lərzəyə gəldi.

Qəhrəman baba ağır bir xəbər eşitmiş kimi sarsıldı. Dodağına yaxınlaşdırmaq istədiyi çay stəkanını yerə qoyub qeyri-ixtiyari əlinin birini dizinə çırpdı. Amma elə bil oğlunu daha da qorxuda biləcəyindən ehtiyat edib tez dilləndi: - Qorxma a bala, yamanın yaman günündə Lenin ordenini də götürüb Stalinin qəbuluna gedərəm,- dedi və başını əlləri arasına alıb xeyli hərəkətsiz dayandı. Gecdən-gecə yeni bir çıxış yolu tapmış kimi tez boynunu dikəldib:

- A bala, bəlkə familiyanı bundan sonra Şıxlinski yox, Şıxlı yazdırasan. Nə çoxdur Şıxlı kəndi.

İsmayıl dayı dinmədi. Handan-hana nəfəsini dərib: - Yox, ay baba, cidanı çuvalda gizlətmək olmaz. Bir də ki, zatını dananlardan zəhləm gedir,- dedi.

Qəhrəman babanın üzündən qəm-qüssə yox olmuşdu. Elə bil oğlunun  cavabından razı qalmışdı. Şadyanlıqla:

- Çayını soyutma, oğul, Allah Kərimdir, əlbət bizə də bir qapı açar.

Kaş onu belə görməyəydim

Orta məktəbdə oxuyurdum. Yay tətili idi. Doqqazımızda dayanmışdım. Bir də baxdım ki, İsmayıl dayı iki nəfərlə yoldan ötüb keçir.

Sən demə bunlardan biri İsa Hüseynov, o biri isə Aslan Aslanov imiş. Məni görəndə  İsmayıl dayı:

- Yoldaş müxbir, istəyirsən gəl, bizə qoşul. (O vaxtlar yerli qəzetdə məqalələrim dərc olunurdu. Onun  bundan xəbəri vardı).

Mənə elə gəldi ki, məni özlərinə qoşmaqda, məqsəd kəndin itlərindən qorunmaq idi.

Fikirləri əvvəlcə Korayıl kəndinə getmək, Aslan müəllimin dədə-baba yurduna baş çəkmək və ordan da qayıdıb İsmayıl dayının Kosalar kənd qəbiristanlığında uyuyan ata-babasının, Həmidə bacısının qəbrini ziyarət etmək imiş.

Pambıq kolları bir qarış boyu uzanmışdı. Üçüncü ya dördüncü alaq işləri gedirdi. Gah uzaqdan, gah da yaxınlarda kultivasiya çəkən traktorların səsi bir-birinə qarışmışdı. Hərə öz hektarında kətmən ilə məşğul idi.

Biz "Qara ağacın yanı” deyilən sahəyə çatanda arxın o üzündə pambıq tarlasının içində  bir gəlin kətmən vururdu. İsmayıl dayı qəfil ayaq saxlayıb, bu gəlinə çox diqqətlə baxdı. Bu an elə bil gəlinə kimsə pıçıldadı ki, çevril bir arxaya bax: gəlin özünü itirdiyindən kətmənin sapı əlindən üzülüb yerə düşdü. İsmayıl dayının rəngi birdən avazıdı. Qəfildən rəngdən-rəngə düşdü. Gəlinin başında yamaqlı şal, əynində rəngi tamam solmuş paltar var idi. Bütün günü İsmayıl dayının eyni açılmadı. Ara-sıra isə yanındakılara:

- Kaş onu belə görməyəydim, - deyirdi.

Sonralar mənə bəlli oldu ki, həmin gəlin İsmayıl dayının ürəkdən sevdiyi ilk istəklisi imiş...

Sən demə...

Qohumlardan birinin İkinci Şıxlı kənd qəbiristanlığında dəfn günü idi. İsmayıl dayı da bu dəfndə iştirak edirdi. Dəfndən sonra yaxın qohumu Arif Şıxlınskiyə üz tutub:

- Köhnə dədə-baba qəbiristanlığını yad edək, - dedi.

- Köhnə qəbiristanlığın məzar daşlarının hamısı bir boyda, qırmızı sərt daşlar idi. O, qəbir daşlarının ən ucası və görkəmlisi ilə seçilən birisinin qarşısında dayanıb uzun-uzadı nəzərlərini ondan çəkmədi və elə bil burada açıq-aydın nəysə görürdü...

Sən demə bu qəbirdə "Dəli Kür romanının gələcək qəhrəmanı - babası Cahandar ağa uyuyurmuş.

Gədalardan yox!

Məktəblərdə, müəssisələrdə "Dəli Kür” romanının jurnal variantının müzakirəsi keçirilirdi. Əksər hallarda roman müəllifinin özünü də dəvət edirdilər. Belə bir görüş Əmircan qəsəbəsinin mədəniyyət sarayında da keçirildi.

Romanın ədəbi aləmə bir yenilik gətirməsindən, yaxşı xüsusiyyətlərindən çox az danışıldı.

Elə bil əvvəlcədən planlaşdırılmış qaydada çıxış edənlər, bir başa hücuma keçir. Cahandar ağa obrazını tənqid atəşinə tuturdular. Bu obrazın mənəm-mənəmliyi, sözünbütövlüyü, mərdanəliyi, maarifpərvərliyi indiki quruluşumuza ziddir və gənclərin vətənpərvərlik hissinə yaddır, deyirdilər. Belə bir əsərin yaranmasında nəsli də, kökü də ağa, bəy olan müəllifi günahlandırırdılar və açıq-açığına onun qanının hələ durulmadığını vurğulayırdılar.

Məktəbli bir qız isə çıxışlardan qəzəblənmiş kimi söz alıb tribunaya qalxdı və belə dedi:

- İndi mənim sevincimin həddi-hüdudu yoxdur. "Dəli Kür” romanına qədər mən elə bilirdim ki, mənim babalarım kütbeyin, avam və fəqir-füqara Novruzəlilər, yalançı, ikiüzlü və yaltaq Qurbanəlilər olmuşlar. Sən demə, heç də belə deyilmiş. Mənim Cahandar ağa kimi sözübütöv, kişilərin kişisi babam var. Bunu indiyədək bizlərdən gizlədənlərə ar olsun!

Salonda gurultu qopdu. Gənclər həmin qızın səsinə səs verdilər.

Qəribə bir təlatüm yarandı.

İsmayıl dayı müəllif kimi söz alıb trubunaya qalxdı və təmkinlə dilləndi:

- Bəli! Bizdə olan ən yaxşı nə varsa, məhz ağalardan, bəylərdən gəlib, gədalardan yox! -dedi və tribunadan enib salonu tərk etdi.

Qarayazıda olmusanmı?

1969-cu ilin dekabr ayının 21-i, şaxtalı bir qış günü idi. İş otağında məndən xəbər aldı:

- Qarayazıda olmusanmı?

- Əlbəttə, çox olmuşam,- dedim.

- Yəqin ki, gündüzlər olmusan, eləmi?

- Hə,- dedim.

- Mən səndən bütün gecəni, xüsusilə sübh çağı, olub-olmadığını soruşuram.

- Yox. Yalnız gündüzlər olmuşam.

- Çox pis. Elə bil sən də hər şeyi uduzmusan, - deyib əlini yazı masasının sol küncünə qoyulmuş diskli maqnitofona sarı uzatdı. Eyni vaxtda da: - İndi biləcəksən ki, Qarayazı meşəsinin gecəsi nə qiyamət olurmuş. Həmin anda da saysız-hesabsız  quşların cəh-cəhi, anadillərin, meşəxoruzlarının, kəkliklərin qaqqıltısı, güclə eşidiləcək maralların hayqırtısı otağa doldu...

O, isə başını əlləri arasına alıb, insanı məftun edən bu səslərin sehrinə dalmışdı. Lent sona çatanda şirin xəyallardan əli üzülmüş kimi ağır-ağır qəddini düzəldib, yüngülcə köks ötürdü:

- Cəmi iki il bundan əvvəl mayın ortalarında Hüseyn Ariflə Ələsgər müəllimin (Əsgər Rüstəmov) qonağı olmuşuq. Məsləhət olundu ki, bütün gecəni Qarayazı meşəsinin qoynunda keçirək. Həmin gecə lentə alınmış bu səsləri Əsgər müəllim altmış illiyimdə ən əziz xatirə kimi mənə hədiyyə etmişdi. Hərdən el-oba üçün burnumun ucu göynəyəndə bu lent yazısı mənə məlhəm olur,- dedi.

                                   ...Siz qorumalısınız

İsti yay günlərinin birində İsmayıl dayı kəndə gəlmişdi. Həyətdə əyləşmişdik. Həmişə olduğu kimi qohum-əqrəba başına toplaşmışdı. Qəflətən işıqlar söndü. Ay hələ doğmamışdı. Ətraf zülmət qaranlıq idi. Bu vaxt İsmayıl dayı mənə:

- Heydər get, maşından əl fənərimi gətir,- dedi. Xidməti maşını həyətdə idi. Mən qeyri-ixtiyari maşın səmtə baxıb ani duruxdum və ondan sual edib:

- Batareyanımı deyirsiniz? - dedim.

İsmayıl dayı gecdən-gecə, amma bir qədər sərt:

- Hə, batareyanı deyirəm, get onu gətir.

Mən batareyanı gətirib ona sarı uzadanda, ayağa durub ehmalca sol qolumdan tutdu və arxasınca çəkdi, adamlardan uzaqlaşdırıb, ayaq saxladı və sakit amiranə bir səslə:

- Yadında qalsın. Yazıçının vəzifəsi təkcə yazıb yaratmaq deyil. Onun ən başlıca amalı ana dilimizin saflığını qorumaq, yad sözlərdən təmizləməkdir. Bununla bərabər, yaddan çıxmış xalq deyimlərini, doğma ifadələrimizi yenidən ədəbiyyata gətirməkdən ibarət olmalıdır. Əgər buna (əlindəki əl fənərini göstərib) başqası da batareya deyir, sən də deyirsənsə, onda yazıçılığa, sözün əsl mənasında, doğma dilimizə xidmətin harada qaldı? Dilimizi siz qorumalısız.

...Üzrxahlıq etdim.

Yad edək

Onun iş otağında, elə yazı masasına söykənəcəkli kiçik bir masa da vardı. Bu masanın xeyli hissəsini növ-növ, bir-birindən qəşəng qəlyanlar bəzəyirdi. Hər biri İsmayıl dayının yaxın-uzaq səfərlərdən alıb-gətirdiyi qəlyanlar idi. Xüsusi kisələrdə qoyulmuş saçaq-saçaq, tənbəkilər də bu masanın üstündə qərar tutmuşdu. Hərdən yazı masasınının arxasından durub bu qəlyanlardan birini əlinə götürər, odluğuna tənbəki basa-basa öz-özünə danışırmış kimi : - İndi də köhnə kişiləri yad edək, - deyərdi.

Qəlyan sümürə-sümürə gah geniş pəncərədən Xəzəri seyr edər, gah da içəridə ağır-ağır var-gəl edərdi.

Heydər QASIMLI,

yazıçı



Facebook-da paylaş