Şəhidlər unudulmur, onlar qəlblərdə əbədi yaşayırlar
Şəhidlərimizi tanıyaq----------------------------------------- “Torpaq uğrunda ölən varsa, Vətəndir!”. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – bu isə vətənpərvərlikdir! Dahi Xalq şairi Səməd Vurğunun bir kəlamında deyildiyi kimi: "Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar..." Bu gün nə xoşbəxt millətik ki, Azərbaycanın igid, cəsur, qeyrətli oğulları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşməndən azad etmişdir. Vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu yolda Şəhidlik adlı uca bir zirvəyə adlarını öz qanları ilə yazmışlar. Bu gün milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir və bunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər. Bütün döyüşlərdə igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərib, şərəfli bir iz qoyub gediblər. Odur ki, hər birimiz şəhidlərimizin canları, qanları bahasına bizlərə miras qoyduqları Vətən torpağına onların əmanəti kimi sahib çıxmalı, göz bəbəyi kimi qorumalıyıq. Şəhidlərimizi də daim qəlbimizdə yaşatmalı, gələcək nəsillərə tanıtmalıyıq. Bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən əsgər Anar Vəliyevin, Yusif Ayvazovun, Məzahir Barıyevin, çavuş Ruslan Hüseynovun, Xədicə Kazımovanın, çavuş Arzu Nəbiyevin, Əli Əhmədovun, Mahmud Mahmudovun, Nəsir Yusifovun, Adil Qocayevin, Xəyyam Yaqubovun əziz xatirəsini ehtiramla yad edirik. Əsgər Vəliyev Anar Həmzə oğlu Şəhid Anar Vəliyev 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 2008-ci ildə Qazax rayon Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Anar Vəliyev Vətən müharibəsində ilk döyüşə Tərtərdən başlamış, Füzulinin, Laçının düşmənlərdən azad edilməsi uğrunda gedən qanlı vuruşmalarda fədakarlıq göstərmişdir. Hərbi əməliyyatlar zamanı yaşına uyğun olmayan mərdliklə döyüşür, düşmənə aman vermirdi. Talış kəndi uğrunda gedən döyüş isə Anarın sonuncu döyüşü olub. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin operatoru əsgər Anar Vəliyev 11.10.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən minaatan silahdan atılan atəş nəticəsində başından aldığı ağır qəlpə yarasından qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində iştirak edərək Şəhidlik məqamına ucalan Anar Vəliyev 11.10.2020-ci ildə doğulduğu Orta Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi əsgər Anar Vəliyevin igidliyi də ölümündən sonra ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Anar Vəliyev cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Ayvazov Yusif Süleyman oğlu Ayvazov Yusif Süleyman oğlu 4 sentyabr 1968-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1974-cü ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1985-ci ildə həmin orta məktəbi bitirmişdir. 1986-1988-ci illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak edən Yusif Ayvazov 22 iyul 1993-cü ildə Fərəhli kəndində minaya düşərək şəhid olmuşdur. Barıyev Məzahir Məhəmməd oğlu Barıyev Məzahir Məhəmməd oğlu 14 dekabr 1968-ci ildə Aslanbəyli kəndində anadan olmuşdur. 1978-ci ildə Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1986-cı ildə məktəbi bitirmişdir. 1989-cu ildə Yuxarı Salahlı kənd Peşə məktəbini də bitirmişdir. 1989-1991-ci illərdə Rusiya Federasiyasının Murmansk vilayətində hərbi xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur. 1993-cü ilin 22 iyulunda Fərəhli kəndində gedən döyüş zamanı şəhid olmuşdur. Çavuş Hüseynov Ruslan İsfəndiyar oğlu Hüseynov Ruslan İsfəndiyar oğlu 3 oktyabr 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1979-cu ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə orta məktəbi bitirmişdir. 1989-cu ildə hərbi xidmətə getmişdir. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak edən Ruslan Hüseynov 1993-cü ilin 22 iyulunda Fərəhli kəndində minaya düşərək şəhid olmuşdur. Kazımova Xədicə İsmayıl qızı Kazımova Xədicə İsmayıl qızı 22 iyul 1987-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 7 fevral 1993-cü ildə Kəmərli kəndində ermənilərin atdığı mərminin dəyməsi nəticəsində şəhid olmuşdur. Çavuş Nəbiyev Arzu Abdulla oğlu Nəbiyev Arzu Abdulla oğlu 10 aprel 1965-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşdur. 1972-ci ildə Alpout kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə Qazax rayonundakı Kənd Təsərrüfatı Texnikumuna qəbul olmuşdur. 1983-1985-ci illərdə Ermənistanın Lalaxan rayonunda hərbi xidmət keçmişdir. Muxtar Hacıyev adına sovxozda işləyərək evin tək oğlu olduğuna baxmayaraq könüllü olaraq Milli Orduya qoşulmuşdur. 1990-1993-cü illərdə Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Topçu olan Arzu Nəbiyev 22 iyul 1993-cü ildə Fərəhli kəndində yerləşən Odun dağı adlanan ərazidə minaya düşərək şəhid olmuşdur. 1994-cü ildə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. Ailəliydi. İki övladı yadigar qalmışdır. Əhmədov Əli Əlövsət oğlu Əhmədov Əli Əlövsət oğlu 23 iyul 1972-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə Qarapapaq kənd ümumi orta məktəbinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Sonra 117 saylı Texniki Peşə Məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1990-92-ci illərdə SSRİ-nin Arxangelski vilayətində hərbi xidmətdə olmuşdur. Lakin 1 il 6 aydan sonra torpaqlarımızın düşmən tapdağı altında olmasına dözməyərək Əli xidmətini yarımçıq qoymuş, Vətənə dönmüşdür. Bir neçə gün keçdikdən sonra Milli Ordu sıralarına daxil olmuşdur. O, 707 saylı Hərbi Hissənin 1-ci taborunda cəsur kəşfiyyat komandiri kimi xidmətə başlamışdır. Vəlixan meşəsi, Bala Cəfərli və Cəfərli kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə O, mərdliklə iştirak etmişdir. 1992-ci il dekabr ayının 29-da İcevan rayonunun Lələ kəndində gedən döyüşlərdə mühasirəyə düşərək qəhrəmancasına şəhid olmuşdur. Bu gün Qarapapaq kənd ümumi orta məktəbə onun adı verilmiş, məktəbin həyətində büstü qoyulmuşdur. Mahmudov Mahmud Abdulla oğlu Mahmudov Mahmud Abdulla oğlu 23 iyul 1971-ci ildə Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1978-ci ildə Yuxarı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ildə Milli Orduya xidmətə çağrılmışdır. 15 iyun 1993-cü ildə Məzəm kəndində gedən döyüşlərdə minaya düşərək şəhid olmuşdur. Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir. Yusifov Nəsir Səməd oğlu Yusifov Nəsir Səməd oğlu 16 may 1966-cı ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1973-cü ildə Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Ermənilərə qarşı döyüşdə könüllü dəstədə iştirak edən Nəsir Yusifov 23 iyul 1993-cü ildə şəhid olmuşdur. Ailəliydi, 2 övladı var. Qocayev Adil Hüseynqulu oğlu Qocayev Adil Hüseynqulu oğlu 29 iyul 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Çaylı kənd 2 nömrəli orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1981-1983-cü illərdə Çaylı kənd 1 nömrəli orta məktəbin 10-11-ci sinifini bitirmişdir. Hərbi xidmətə gedənə qədər ailəsi ilə birlikdə kənddə üzümçülük briqadasında fəhlə işləmişdir. 2 il sovetlər birliyində hərbi xidmətdə olmuşdur. Qayıtdıqdan sonra yenə də təsərrüfatda işləmişdir. 1990-cı ildə könüllü olaraq Azərbaycan Ordusu sıralarına yazılmış, kənddə yaradılan batalyonun üzvü olmuşdur. 22 iyul 1993-cü ildə Fərəhli kəndi istiqamətində gedən döyüşlərdə minaya düşərək ağır yaralanmışdır. Yarası ağır olduğundan 24 iyulda vəfat etmişdir. Subay idi. Adını əbədiləşdirmək üçün kənddə yaşadığı məhləyə yaxın bir ədəd bulaq çəkilmişdir. Yaqubov Xəyyam Şəmistan oğlu Yaqubov Xəyyam Şəmistan oğlu 27 iyul 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1980-ci ildə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Həmin ildən 1990-cı ilə kimi Qazax 117 saylı peşə məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1991-ci ildə Qazax Hərbi Komissarlığından hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini “N” saylı Hərbi Hissənin 1-ci taborunda başlamışdır. 3 sentyabr 1994-cü ildə Bala Cəfərlidə gedən döyüşlərdə itkin düşmüşdür. Subay idi.
Facebook-da paylaş