Xalq yazıçısı İsmayıl Şıxlı xatirələrdə
Hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti İlham
Əliyevin 28 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən qazaxlılar əlamətdar
bir hadisənin sevincini yaşamaqdadır. Bəli, bu əlamətdar hadisə isə Xalq
yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illik yubileyinin
respublika səviyyəsində keçirilməsi ilə bağlı imzalanmış Sərəncamla bağlıdır. Bu
gün hər bir qazaxlı həmin Sərəncamı sonsuz minnətdarlıq hissi ilə qarşılayır.
Ölkə başçısının ziyalılara, görkəmli şəxsiyyətlərə, ən əsası da biz qazaxlılara
verdiyi yüksək dəyər kimi qiymətləndirir. Həmin Sərəncama əsasən Xalq yazıçısının
doğulub boya-başa çatdığı Qazaxda da 100 illik yubiley tədbirinin yüksək
səviyyədə keçirilməsi üçün xüsusi hazırlıq işləri görülür. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyət İsmayıl
Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə
bağlı 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli Sərəncamın imzalanması,
həmin Sərəncamla "Tədbirlər Planı”nın hazırlanması, rayonun sayılıb-seçilən
ziyalılarından ibarət işçi qrupunun yaradılması və silsilə tədbirlərin
keçirilməsi bu dediklərimizin bariz nümunəsidir. "Tədbirlər Planı”nda Xalq
yazıçısı haqqında olan xatirələrin işıqlandırılması da yer alıb.
Bu gün görkəmli şəxsiyyətlə bağlı daha bir neçə xatirəni
təqdim edirik.
1974-cü ilin mart ayı idi. Onda mən Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun filologiya fakültəsinin I kursunda təhsil alırdım. Bizimlə bir qrupda təhsil
alan tələbələrdən birinin qış imtahan sessiyasından kəsiri olduğu üçün təqaüd
almırdı. Ailəsi kasıb olduğu üçün çox çətin dolanırdılar. Onun həmin təqaüdə
böyük ehtiyacı vardı. Məsləhətləşib, həmin vaxt xarici ölkələr ədəbiyyatından
bizə dərs deyən böyük yazıçımız, hamımızın böyük hörmət bəslədiyi İsmayıl
Şıxlıya müraciət etdik. Xahiş etdik ki, həmin tələbəyə təqaüd verilməsi üçün
institutun rektoru, professor Həşim Ağayevə xahiş etsin. İsmayıl müəllim bizi
diqqətlə dinlədikdən sonra dedi ki, mən rektordan xahiş edərəm, yəqin ki,
sözümü yerə salmaz. Aradan bir neçə gün keçdi. Bir gün mühazirədən sonra
İsmayıl müəllim mənə dedi ki, komsomol, (mən həmin vaxt fakültə komsomol komitəsinin
katibi idim) dərsdən sonra yanıma gəl. Dərsdən sonra İsmayıl müəllimlə
görüşdüm. Mənə dedi ki, rektorla danışmışam, hər ay təqaüd vaxtı həmin tələbə
gedib institutun mühasibatlığından təqaüdünü ala bilər. Elə də oldu. Həmin tələbə
hər ay institutun mühasibatlığından təqaüdünü (40 manat) alırdı.
Bir dəfə biz hamımız təqaüdü aldıq, həmin tələbə isə
təqaüdünü ala bilmədi. Mühasibatlıqda ona deyiblər ki, sənin təqaüdün hələ
köçürülməyib. İsmayıl müəllim ezamiyyətdə olduğu üçün onu gözləməli olduq.
İsmayıl müəllim ezamiyyətdən qayıdanda məsələni ona dedik. Yaranmış problem bir
günə həll edildi. Sonralar institutun mühasibatlığında işləyən Teymur adlı şəxs
mənə dedi ki, həmin tələbənin təqaüdünü İsmayıl müəllim öz şəxsi vəsaitindən
verirmiş və bu qaydada təqaüd alan tələbələr də az deyilmiş.
Bir tikə dağ aşırar
1988-ci ilin may ayı idi. Mən onda Azərbaycan
Kommunist Partiyası Qazax Rayon Komitəsi yanında Partiya Nəzarət Komissiyasının
sədri işləyirdim. Səhər saat təxminən 10 radələrində daxili telefon zəng çaldı.
Rayon Partiya Komitəsinin birinci katibi yanına gəlməyimi xahiş etdi. Mən
birinci katibin kabinetinə daxil olanda əziz müəllimim İsmayıl Şıxlını orada
gördüm. Mehribanlıqla görüşdük. Məlum oldu ki, İsmayıl müəllim 3 günlüyə
rayonumuza ezamiyyətə gəlib. Bir neçə yerdə olmaq istəyir. Birinci katibin göstərişi
ilə bir "Niva" markalı minik avtomobili ayırdılar. İsmayıl müəllimin
arzusu ilə mən də onun bələdçisi oldum. 3 gün İsmayıl müəllimlə rayonumuzun bir
çox kəndlərində olduq. Qaymaqlı kəndində olanda İsmayıl müəllim köhnə məktəb
binasının qarşısında uzun müddət fikirli dayandı. Sonra öz uşaqlıq xatirələrindən
bir neçə epizod danışdı. İsmayıl müəllimin atası Qəhrəman müəllim bu məktəbdə
müəllim işləyibmiş. Ailəsi də həmin məktəbin otaqlarından birində qalırmış. Həmin
otağa daxil olduq. İsmayıl müəllim uzun müddət kövrək baxışlarla otağın hər bir
küncünə nəzər saldı, xeyli fikrə daldı.
Həmin günlərin birində Birinci Şıxlı kəndinin ərazisindəki
"Gəmi qaya"ya qalxdıq. Günorta vaxtları idi. Kənd haqqında, Kürün o biri
sahilindəki Qarayazı meşələri haqqında, həmin qaya barədə İsmayıl müəllim çox
maraqlı söhbətlər etdi. Geri dönəndə mən sürücüdən sağa dönməsini xahiş etdim.
"Sınıq körpü"nün yanındakı "Koroğlu" restoranında dadlı yeməklər
verirdilər. Fikrim İsmayıl müəllimlə birlikdə orada nahar etmək idi. Lakin
İsmayıl müəllim etiraz edərək təkidlə şəhərə dönməyimizi xahiş etdi. Sürücü də
təbii ki, İsmayıl müəllimin arzusunu yerinə yetirdi. İsmayıl müəllim qabaqda
sürücünün yanında, mən isə arxada oturmuşdum. İncik şəkildə dedim ki, axı,
günorta yeməyinin vaxtı idi. İsmayıl Şıxlı geri döndü, özünəməxsus tərzdə
gülümsəyərək mənə və sürücüyə bir neçə peçenye uzadaraq dedi: "A komsomol,
atalar deyib ki, bir tikə dağ aşırar, yoxlayaq görək düzmü deyirlər". Şəhərə
gələndə bildim ki, İsmayıl Şıxlının vacib görüşü varıymış, ağsaqqallarla görüşməli
imiş. Ona görə tələsirmiş.
Fariz VƏLİYEV,
"Tərəqqi” medallı, təqaüddə olan dövlət qulluqçusu
veteranı
Facebook-da paylaş